Dilimiz milli sərvətimizdir

A- A A+

Dil hər bir xalqın mədəniyyətinin, inkişaf yolunun, o cümlədən varlığının əsas şərtlərindən biridir. Azərbaycan xalqının varlığını özündə yaşadan ədəbi dilimiz ulu əcdadlarımız tərəfindən neçə yüz illərdir ki, milli-mənəvi varlığını, mövcudluğunu qoruyub saxlayır, özündən sonrakı nəsillərə ərməğan edir. Təsadüfi deyil ki, bu dildə xalq yaradıcılığı nümunələri – dastanlar, nağıllar, bayatılar, rəvayətlər, əfsanələr, atalar sözləri, mahnılar yaranıb, min  illərin dil çeşməsində durulub və sınaqlardan keçərək günümüzədək gəlib çıxıb. Azərbaycan dili milli sərvətimiz, ən ali dəyərimiz,  dövlətimizin əsas atributlarından biridir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyirdi: “...Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır. O, xalqın ən ağır günlərində belə, onun milli mənliyini, xoşbəxt gələcəyə olan inamını qoruyub möhkəmləndirmişdir. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur”.

Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Tarix boyu başı min cür bəlalar çəkmiş Azərbaycan xalqı təzyiqlərə, təqiblərə, hətta zaman-zaman repressiyalara məruz qalsa da belə, öz ana dilini qoruyub saxlaya bildi. Müxtəlif illərdə Azərbaycan xalqı bütün istilalara, siyasi çəkişmələrə baxmayaraq, reallığının, ruhunun, həyatının təzahürü olan bu müqəddəs sərvətimizi qoruyub yaşadaraq, inkişaf etdirərək ən təkmil, mükəmməl dil səviyyəsinə qaldırmağa nail oldu.

Azərbaycan dili öz qrammatik quruluşuna görə zəngin, fonetik ahənginə görə qeyri-adi gözəlliyə malik bir dildir. Əcdadlarımızın bizə miras qoyub getdiyi bayatılarımızdan, laylalarımızdan, nağıllarımızdan, dastanlarımızdan, bizə gəlib çatan qədim abidələrimizdən başlayaraq bu dildə gözəl əsərlər yaradan İ.Həsənoğlu, İ.Nəsimi, Ş.İ.Xətayi, M.Füzuli, M.R.Vaqif, M.F.Axundzadə, C.Məmmədquluzadə, S.Vurğun kimi dühaların zəngin irsi ilə bizə gəlib çıxan bu misilsiz sərvət ölkəmiz müstəqillik qazandıqdan sonra əsas milli atributdan biri kimi inkişaf etdirilir.     

Heydər Əliyevin Azərbaycana, onun sosial-mədəni, elmi-intellektual, iqtisadi, siyasi inkişafına, milli-mənəvi intibahına həsr olunan, xalqımızın tarixində bütöv mərhələ təşkil edən fenomenal fəaliyyətində milli dil siyasəti həmişə həlledici yer tuturdu. Təkcə yaşanılan dövrü, müasir mərhələni yox, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin bütöv milli mühitini əhatə edən dil siyasəti xalqın tarixi uğurlarına əsaslanaraq böyük perspektivlərə istiqamətlənib. Bu prosesin inkişaf etdirilməsi məqsədilə 1969-1982-ci illərdə respublikanın şəhərlərində, kənd və qəsəbələrində yüzlərlə uşaq bağçası və məktəb tikilib, istifadəyə verildi, ali məktəblərin sayı 12-dən 17-yə, bunlarda təhsil alan tələbələrin sayı isə 70 min nəfərdən 100 min nəfərə çatdı. Bu məqamda tarixdən hər birimizə məlum olan bir fakta diqqət yetirməklə mövzumuzu işıqlandıraq. Belə ki, 1972-ci illərin ortalarında yazıçıların biri ulu öndərə “Yoldaş Əliyev, Siz azərbaycanca nə gözəl danışırsınız” deyəndə Heydər Əliyev gülümsəyərək belə cavab vermişdi: “Sən niyə mənim rusca gözəl danışmağıma deyil, azərbaycanca danışmağıma təəccüb edirsən? Bu dil mənim ana dilimdir, mən bu dili bilməliyəm! Eləcə də hamımız”. Bunlar adi sözlər deyildi, Bu sözlərin Azərbaycan ziyalılarının milli tərbiyəsinə təsirinin gücü ana dilinə uzun müddətdən bəri davam edən çox soyuq münasibətə son qoya bildi. Bununla bərabər, Heydər Əliyev hesab edirdi ki, Azərbaycanın milli ruhunun yüksəlişinə təkan verən şərtlərdən biri ana dilində təhsil almaqdır. 1978-ci ilin ən böyük hadisəsi - çoxlarının müqavimətinə baxmayaraq, Azərbaycan dilinə dövlət dili statusu verilməsi oldu. Heydər Əliyev respublikaya rəhbərliyi dövründəki fəaliyyətinin nəticəsi olaraq, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət statusu təsbit edildi. Dövr baxımından, sözün əsl mənasında, qəhrəmanlığa bərabər olan bu addım gələcəyin müstəqil, yeni Azərbaycanı naminə atılmışdı.

Azərbaycan ədəbi və xalq danışıq dilini dərindən bilən, bu dilin zəngin lüğət tərkibinə yaxşı bələd olan və qrammatik imkanlarından fitri istedadı sahəsində səmərəli istifadə etməyi bacaran Heydər Əliyev yüksək səviyyəli yığıncaqlarda ana dilində parlaq çıxışlar edərək özünə böyük hörmət və məhəbbət qazandı. O, çox yaxşı bilirdi ki, onun qazandığı bu böyük hörmət və məhəbbət, eyni zamanda onun istifadə etdiyi, danışdığı dilə - Azərbaycan dövlət dilinə çox böyük hörmət və məhəbbət yaradır. Bütün bunlar təbii olaraq ölkədə güclü bir dövlət dili ab-havası yaratmağa xidmət edirdi.

Azərbaycan müstəqillik qazandıqdan sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu amil isə dil haqqında müvafiq qanunun, eləcə də digər normativ aktların qəbul olunmasını sürətləndirdi. Sonrakı proseslər Azərbaycan xalqının da bu əlifba dəyişikliyinə psixoloji və intellektual cəhətdən hazır olduğunu təsdiqləməklə yanaşı, ümummilli lider Heydər Əliyevin milli mənafelərə tam cavab verən müdrik qərar qəbul etdiyini göstərdi. Heydər Əliyev fəxarətlə deyirdi: "Bilirsiniz ki, mən son vaxtlar Azərbaycanın dövlət dili, ana dili, Azərbaycan dili haqqında bir çox fərmanlar vermişəm. Azərbaycanın latın əlifbasına, latın qrafikasına keçməsi haqqında fərman vermişəm. Bu, artıq avqust ayının 1-dən tətbiq olunubdur. Çox məmnunam ki, mən buna nail oldum. Çünki bəziləri etiraz edirdilər ki, qısa müddətdə buna nail olmaq olmaz. Amma oldu. Bütün dövlət orqanlarında, hakimiyyət orqanlarında, təkcə dövlət, hakimiyyət orqanlarında yox, təhsildə, biznes sahəsində, hər yerdə Azərbayanın dövlət dili, ana dili, Azərbaycan dili hakim olmalıdır".

Bununla belə ümumilli liderin müdrik siyasəti nəticəsində qəbul edilmiş bir sıra qanun və qərarlar dilin inkişaf etməsi üçün yollar açırdı. 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil dövlətimizin Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili elan olundu. Konstitusiyanın 21-ci maddəsində deyilir: "Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir".

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət dil siyasəti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının qəbul etdiyi çoxsaylı sənədlər Azərbaycan dilinə, dilçiliyinə diqqət və qayğının ifadəsi olmaqla, həm də bu sahədə görüləcək vacib işlərin müəyyənləşməsinə və həyata keçirilməsinə şərait yaradıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanı ölkəmizdə dövlət dilinin inkişafı istiqamətində ardıcıl olaraq aparılan məqsədyönlü siyasətin davamıdır.

Qeyd olunmalıdır ki, ədəbi dilin dövlət idarələrində tətbiqi məsələsi, mətbuat dili, radio və televiziya dili, reklamların dili, virtual məkanda dilin qorunması düşündürücü detallardır. Dil həmişə qayğı tələb edən ən aktual məsələdir. Çünki ana dili beşik başında deyilən layladan başlayır. Laylalı-bayatılı ana dilimiz həm də hər birimizin varlığıdır. Sözügedən müsbət hadisələrlə yanaşı, müasir ədəbi mühitimizdə ana dili problemi yenə də aktual məsələ olaraq qalır, buna görə də dövlət tərəfindən bu problemin həlli üçün müxtəlif tədbirlər görülür. Ümummilli lider Heydər Əliyev müstəqillik illərində Azərbaycan dilinin qorunub saxlanılması, onun zənginləşdirilməsi istiqamətində də böyük işlər gördü. Azərbaycan müstəqilliyini qazandıqdan sonra milli şüurun inkişafı, demokratik cəmiyyət yaranması ana dilimizin tətbiq sahəsini genişləndirməyi bir zərurətə çevirdi. Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi haqqının bərpa olunması istiqamətində atılmış vacib addımlardan biri 18 iyun 2001-ci ildə "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərmanın imzalanmasıdır. Fərmanda Azərbaycan dilinin tarixi inkişaf yolları, habelə müstəqil dövlətçilik atributu kimi rolu və funksiyası göstərilərək, əvvəlki on il ərzində tətbiqi vəziyyəti hərtərəfli nəzərdən keçirilib. Eyni zamanda problem və nöqsanlar müəyyənləşdirilərək onların aradan qaldırılması barədə müvafiq tapşırıqlar verilib və 2001-ci il avqust ayının 1-dən latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi qərara alınıb.

Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Ulu öndərin “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” müdrik kəlamı ana dilimizə olan məhəbbət və hər bir soydaşımız üçün örnəkdir.

Ümummilli lider  Heydər Əliyev  deyirdi: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”.

 

Dilbər Orucova

Naxçıvan Dövlət Universiteti, İngilis dili və metodika kafedrasının müəllimi, dissertant

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: