Qışa hazırlıq-yarma - FOTOLAR

A- A A+

Şahbuz rayonunda qış ayları adətən uzun çəkir.  Buna görə də insanlar qışa hazırlıq işlərini yubatmazlar ki, soyuqlu-şaxtalı günləri rahatlıqla yola verə bilsinlər. Bunun üçün elə yaz ayları yurdumuza qədəm qoyandan analar, nənlər, qız-gəlinlər qışa hazırlıq işləri ilə məğul olarlar, ta ki, payız ayları bitənə kimi. Bildiyimiz kimi, rayonumuz müalicəvi əhəmiyyətli bitkilərlə zəngin olduğu kimi, həm də qida əhəmiyyətli bitkiləri məşhurdur. Yaz və yay aylarından başlayaraq bu bitkilər toplanar, onlar payız və qış ayları üçün tədarük edilər. Bu günlərdə yenə də payız-qış ayları üçün tədarük görən anaları, nənələri, qız-gəlinləri ocaq başında görmək olar. Kimisi komportların, mürəbbələrin, kimisi də turşuların və digər qış azuqələrinin hazırlanması ilə məşğuldur.  İlin bu vaxtında qış ayları üçün ağızları dada gətirən ləziz təamların içərisində yarma aşının xüsusi yeri vardır.  Yarmadan müxtəlif xörəklərin hazırlanmasında istifadə olunar. Lakin onların içində yarma aşının xüsusi dadı və yeri vardır.

Bu təam qış ayları üçün tədarük olunarkən bir çox proseslərdən keçər. Rayon sakini Ceyran nənə deyir ki, əvvəlcə buğda yaxşıca yuyulandan sonra tər-təmiz artdanılaraq  suda qaynadılar. Suyu süzüldükdən sonra  gün düşməyən yerdə sərər və qurudarlar. Çoxları tez qurusun deyə onu gün düşən yerə sərər. Ancaq keyfiyyətini itirməsin deyə onun günəvər olmayan yerdə qurudulması daha yaxşıdır.

Sonra qurudulmuş buğda dənələri kirkirədə üyüdülər, ta ki, o narın formaya düşənə kimi. Torbalara yığlar və qış üçün saxlanılar.

İstifadə zamanı həmin yarmanı yenidən qaynadır, bir ovuc buğda unu qabda soyuq suda açılır, yarma aşının içinə tökülür. Aşa xüsusi ləzzət qatan pencərlər-yağlıca, ələyəz, sarmaşıq, çobankibriti də yuyulur, doğranıb suya tökülür. İçinə yağda qovrulmuş soğan əlavə edilir, qatılaşana qədər odda qarışdırılır. Zövqə görə duz, istiot vurulur. Bəzi kəndlərimizdə yarma aşna qurudulmuş pomidor, bibər də əlavə edirlər. Yarma aşını əsasən qovurma ilə bişirirlər. Qovurma ilə bişirdikdə yağ-soğan edilmir, qovurma suya atılır və bir neçə ədəd balaca baş soğan diri halda yeməyə əlavə edilib bişirilir.

 

         Hicran Əliyeva

“Oğuz yurdu” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: