Bu barədə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə məlumat verilib. Bildirilib ki, rayon mərkəzində və kəndlərdə rabitə xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması üçün uzun müddət istismar olunan və müxtəlif səbəbdən yararsız vəziyyətə düşən taxta rabitə dirəkləri metal dirəklərlə, zədələnmiş kabellər yeni kabellərlə əvəzlənir.
Görülən işlər çərçivəsində rayonun Sabirkənd, Dəstə, Kələntər Dizə və Qoşa Dizə kəndlərində 15 ədəd dəmir dirək basdırılıb, Ordubad şəhərində və Tivi kəndində isə 350 metr müxtəliftutumlu yeni kabellər çəkilərək rabitə xətləri texniki normalara uyğun vəziyyətə gətirilib. Həmçinin abonent qutularından abonentlərin mənzilinədək olan məsafədə rabitə xətləri normativə uyğunlaşdırılır, bəzi yerlərdə rəngi pozulmuş nişan dirəkləri yenidən boyanır.
Rabitə infrastrukturunun müasirləşdirilməsi istiqamətində reallaşdırılan tədbirlər rabitə və internet xidmətlərinin tam kəsintisiz həyata keçirilməsinə şərait yaradacaqdır.
Rayonun digər kəndlərində də bu sahədə təmir işlərinin aparılması nəzərdə tutulub.