Günümüzü telefonsuz, televizorsuz, müasir texnologiyasız təsəvvür etmək, demək olar ki, mümkün deyil. Çünki zaman keçdikcə sürətlə inkişaf edən texnologiya həyatımıza fərqli yeniliklərlə daxil olur və əslində bütün işlərimizi asanlaşdırır. “Asanlaşdırma” mövzusunda tam haqlı sayılmaya bilərik. Çünki müasir texnologiyaların bizə faydası olduğu qədər elə birbaşa və ya dolayı yolla zərəri da var.
Əvvəlcə müasir texnologiyaların bizə olan faydasından danışaq. Qeyd etdiyimiz kimi müasir texnologiyalar bizim məişət və gündəlik həyatında bir çox işləri xeyli asanlaşdırır.
Məsələn, internetin, telefonun kəşfi bizim üçün istədiyimiz məlumatı hər an əldə etməyə kömək edir. İndiki zamanda bu qurğuların köməyi ilə harada yaşamağımızdan asılı olmayaraq istənilən ölkənin kütləvi informasiya vasitələrindən məlumat əldə edə bilərik. Həmin ölkənin ictimai-siyasi, iqtisadi, sosial, mədəni həyatı, gündəmi ilə bağlı məlumat sahibi olarıq. Və ya uzaqda yaşayan valideyn və qohumlarımızla hər an müxtəlif proqramların köməyilə görüntülü danışa bilərik. Hətta bir çox internet səhifələrində ölkəmizdə və dünyada baş verən yeniliklərdən anında xəbərdar oluruq. Yəni ən son dəqiqə baş verən hadisələrlə bağlı xəbərləri izləmək imkanımız var.
Bundan başqa bütün bəşəriyyət üçün zamanında yenilik olan və bu gün də aktuallığını itirməyən avtomobilin, təyyarənin kəşfi də insanların xeyrinə bir ixtiradır. Nəqliyyat vasitələrinin sayəsində istənilən məkana rahatca gedə bilir, logistika adlanan yük və sərnişin daşımalarda sanki zamanı qabaqlama yarışına giririk.
Müasir texnologiyaların dayanmadan, sürətlə yenilənməsi və dəyişməsi valideynlərimizin və bizim əziyyət çəkmədən hər işi görməyimizə yardım edir. Hətta indi insanları əvəz edəcək robotlar belə gündəmdədir.
Belə düşünəndə deyə bilərik ki, burda nə ziyanlı bir şey var? Hər şey asan şəkildə əldə edilir. Bax elə problem də budur. İnternet, telefon, televizorun ixtirası bizim bütün baş verən xəbərləri daha tez əldə etməyimizə kömək edir, ancaq bir şeydə çətinlik yaradır. Buna sosiallaşma da deyilir. Belə ki, bu qurğular bizi yaxınlarımızdan, doğmalarımızdan bir qədər uzaqlaşdırır. Hətta deyərdik ki, çətin tərk edilən asılılıq yaradır. Əvvəllər baba-nənələrimizi görmək üçün onların yanına, evlərinə gedirdiksə, indi sadəcə müasir qurğuların yardımı ilə “görüntülü danışaraq”, hal-əhval tutmaqla öz borcumuzu yerinə yetirdiyimizi düşünürük. Düzdür, uzaqda yaşayanlarla bu bir qədər rahat görünsə də, yaxınlığımızda yaşayanlarla bağlı problem hesab etmək olar.
Hamımızın müşahidə etdiyi, etiraf edək ki, bəzən özümüzün də iştirakçısına çevrildiyimiz bir məqamı ədalət naminə demək lazımdır. Günlərlə, aylarla görmədiyin dost-tanışlarınla bir masa arxasında əyləşəndə söhbət etmək yerinə hər kəs öz telefonu ilə məşğul olur. Bu da bizi bizdən uzaqlaşdırır. İş burasındadır ki, hamımız bunu bilsək də, vəziyyətə bir qədər soyuqqanlı, etinasız yanaşırıq.
Müasir qurğuların bir problemi də cəmiyyətdə geniş müzakirə olunur- oxumaq! Artıq çoxları üçün deyəsən nəşr olunan kitablar da tarixə qovuşur. Hər kəs istədiyi vəsaiti müasir elektron qurğulara endirir və oxuyub məlumat əldə edir. Düzdür, ilk baxışdan rahat görünür. Lakin “kitabın qoxusunu” hiss edərək mütaliəsinin yerini verə bilərmi telefondan oxumaq? Təbii ki də, yox.
Avtomobillərin ixtirası, əlbəttə, əlverişlidir, lakin insanlar bir qədər tənbəlləşir. Çoxları “3 metrlik yolu” belə avtomobilləri ilə qət edir. Bu həm insanların hərəkətdə olmasının, fiziki sağlamlığının, çevikliyinin qarşısını alır, həm də avtomobillərdən çıxan zərərli tullantılar dünyanın ekologiyasını, ətraf mühiti çirkləndirir.
Deməli, elmin-texnikanın inkişaf etməsi hər birimiz üçün yaxşı bir haldır, ancaq biz bundan istifadə edərək passivləşməli- tənbəlləşməli deyilik. Müasir texnologiyaları dünyamızı gözəlləşdirmək, özümüzü inkişaf etdirmək üçün istifadə etməliyik. Bu yenilikləri hər birimizin sağlamlığına, sosiallaşmağına və gümrahlığına xidmət edən vasitəyə çevirməliyik.
Püstə Əhmədova
Jurnalistika ixtisası üzrə II kurs tələbəsi