İnsanın “ömür” deyib yaşadığı zaman illərdən ibarətdir. Çünki o, bu dünyanın qonağıdır. Yaşadığı həyatda bir şeyi dərk edir ki, nə vaxtsa gedəcək, bir gün dünyadan əbədi köçəcək, sahib olduğu nə varsa, onları burada qoyub, “çayın o biri tərəfinə keçəcək”. Amma bunları bilə-bilə bəziləri elə yaşayır ki, sanki heç vaxt getməyəcək. Əksinə, bu dünyada öz yerini bərkitmək üçün çalışır.
Bir gün köçəcək insan, bu danılmaz faktdır. Çünki illər uzandıqca ömrümüz də qısalır. Bir təsəvvür edin, biz deyirik ki, “Yeni il gəldi”. Ya da “ta nə qaldı ki ilin təzələnməsinə”, bu sözləri sadəcə cümlə kimi deyirik. Bəs biz bunu dərindən fikirləşirikmi?! Bu sözlərin altında hansı mənalar yatır, bilirikmi?! İl gedir, deməli, bizim 30 illik ömrümüz varsa, artıq gerisayıma başlanır. Biz geri gedirik, dünya isə irəli. Bizim qarşıladığımız hər il əslində, bizdən ömrü alıb aparır. Bəs bunu biz görürükmü?! Əlbəttə, bəli. Bəs necə?
Gündəlik həyatımızda hər kəsin sevə-sevə, aksesuar kimi işlətdiyi saat adlı məfhum var. Onu gəzdirərkən elə bilirik ki, bizə təkcə saniyəni, dəqiqəni və vaxtın keçdiyini göstərir. Ancaq bu əşya əslində, bizə çox şeyi göstərir. Bundan biz işimizi qurtarmaq, hər hansı bir yerə çatmaq, ya da zamanında yatmaq üçün istifadə edirik. Əslində bu bizim görə biləcəyimiz, ancaq görmək istəmədiyimiz həyati gerçəkliyin mənasını dərindən izah edir.
Hər hansı bir işimiz olur, onu qutarmağa çalışırıq, tələsirik. Öz-özümüzə səhərin olmasını gözləyirik. “Bu ay qurtarsa idi...”, “Bu günü də yola salsaydıq...”, “...bir saatdan sonra”, “O biri il gəlsəydi...”, biz gündəlik həyatımızda bu sözləri tez-tez işlədirik. Bir cümlədən ibarət olan və bir saniyəmizi almadan dediyimiz bu sözlər, əslində bizim illərimizi alır. Nə bilmək olar, bəlkə də ömrümüzün son sözləri olur.
Hələ yatan zaman saatlarla yuxuya gedirik və qalxdığımız zaman elə zənn edirik ki, sanki vaxt ötməyib. “Bir neçə saat yatdım, nə olsun ki?”, əslində bu saat cərgə ilə düzülmüş kibrit çöplərinin yanıb bir-bir sönməsinə bənzəyir. Yəni saat gedir, bəlkə bu ömrümüzün bir ilinin sonu, digərinin başlanğıcıdır. Bizim “saat nədir” dediyimiz bəzən son nəfəsimizin dəqiqələri, hətta saniyələri ola bilər. Böyümək üçün tələsirik, amma bilmirik ki, bu bizim ömrümüzün sonları olar. Yaxud da sevdiyimiz gəncliyin sonu qocalıqdır!
Bilirsinizmi?! Bunları bizə hər gün, hər saniyə, vaxtın keçməsinə baxdığımız SAAT xatırladır. Bizim sevdiyimiz bu alət bizə ömrümüzdən, saniyənin dəqiqələrə, dəqiqələrin saata, saatların günlərə, günlərin həftələrə, həftələrin aylara, ayların da illərə keçdiyinin göstəricisidir. Ömrümüzün necə gözümüz baxa-baxa, hətta sevinərək keçdiyini o alət bizə izlədir. Saatın saniyə əqrəbinin yavaş-yavaş hərəkət edərək, “tık-tık” səs salması, bizim də ömrümüzün sona doğru, addım-addım getdiyimizi göstərir.
Saat bizi əcələ təslim edən, bizi onunla yola salan və yenidən sıfırdan başlayan, cansız olsa da, çox şeyi bildirən nəsnədir. Vaxtımız onunla birgə keçir, amma o bizi illərə məhkum edir. Saat insanın ölənə kimi yanında olan dostu və eyni zamanda onun əleyhinə işləyən düşmənidir. Onun bizi nə vaxt ölümə tərk etməsini bilsəydik, nə edərdik? Qorxardıq?! Günahlarımıza baxardıq?! Yoxsa nələri isə düzəltməyə çalışardıq?! Yox ee... insan ürəyi bunu qaldıracaq gücə sahib deyildir!
Beləsi daha maraqlıdır. Yaxşı ki, ömrümüzün nə vaxt sona çatacağını, nəyin nə vaxt olacağını bilmirik. Yoxsa saat qarşımızda, əlimizdə qələm, vərəq dəqiqələri hesablayardıq. İndi səhərin açılmağını arzuladığımız vaxt kimi onda heç səhərin olmasını istəməzdik. Mən deyərdim, elə həyatın marağı da bundadır. bunlardan xəbərsiz yaşamaqda.
Vaxtımızın qədrini bilək! Onu boşuna keçirmək üçün çalışmayaq! Onsuz da bizdən asılı olmadan o gedəcək. Yalvarsaq belə, duran deyil. Onu necə keçirəcəyimiz bizdən asılıdır. 24 saatı son gün kimi düşünək və çox şey etməyə çalışaq. Çünki sabahkı 24 saat olmaya bilər!
Şəfa Yazar (Səfərova)
NDU-nun Jurnalistika ixtisası üzrə II kurs tələbəsi