İnsan yarandığı ilk dövrlərdən etibarən xoşbəxtlik axtarışındadır. Xoşbəxtlik haqda minlərlə filosof, yazıçı, mütəfəkkir tərəfindən saysız fikirlər söylənib, şairlərin şeir mövzusu olub. Doğrudan da, xoşbəxtlik nədədir? Xoşbəxtlik bizi hərəkətə gətirən enerjidir, xoşbəxtlik bizim ruhi sakitliyimiz, hüzurumuz və sevincimizdir. Daha geniş baxışla baxdıqda isə əslində xoşbəxtlik çox geniş bir anlayışdır, sevinc onun içindədir.
Bədbəxtlik də, həmçinin xoşbəxtlik qədər dərin anlayışdır və qəm- kədərlə yoldaşdır. Bütün insanlar fərqli düşüncələrə sahib olduqları üçün xoşbəxtliyi də hərə bir şeydə görür, duyur. Bəziləri çoxlu var-dövlət əldə etdiyi zaman xoşbəxt olur, bəziləri də xoşbəxtliyini eşqdə, insanlara bəslənilən sevgidə, məhəbbətdə görür, digərləri də daha fərqli situasiyalarda xoşbəxt olmağı bacarırlar.
Mənim üçün də bu sualın cavabı olduqca maraqlı idi, amma hər kəs kimi düşünməyərək özüm xoşbəxtliyin açarını tapmaq qənaətində idim. Yaşadıqca, yeni təcrübələr əldə etdikcə zamanla yaşadığım həyat özü bu sualın cavabını qarşıma çıxarırdı. Əvvəllər bir çoxları kimi düşünürdüm ki, xoşbəxtlik xarici aləmin təsiri nəticəsində baş verir. Ancaq diqqət etmirdim ki, xoşbəxtlik xaricdə yox, daxildə olmalıdır. Bütün bunları zaman keçdikcə çoxlu var - dövlət sahibi olduğu halda qəm-kədərdə boğulan, heç nəyi olmadığı halda həmişə sevinclə gülümsəyən insanları görüb tanımaqla anladım. Elə o an başa düşdüm ki, biz elə əvvəldən xoşbəxtliyimizi axtarmaqla səhvə yol vermişik. Çünki biz onu heç vaxt itirməmişdik. Əslində biz həmişə xoşbəxt olmuşuq, fərqində olmadan belə xoşbəxtliyi nə zamansa dadmışıq. Xoşbəxtlik əlində olanla kifayətlənmək və həyatda qazandıqlarına şükür etməkdir. Arzular çoxaldıqca insanın diqqəti, istəkləri, hərəkəti pərakəndə olmağa, insan daxilən əzab çəkməyə başlayır. Əslində biz özümüzə bu sualı verməliyik. Niyə özümüzü xoşbəxt hesab etmirik? Bizi məyus edən, qəmli olmağımıza səbəb olan şeyləri, uzun və saysız arzularımızı qəlbimizdən çıxarıb atmaqla xoşbəxtliyimizi bərpa etməliyik. Həqiqətləri olduğu kimi qəbul etmək və yalançı arzuları tərk etməklə xoşbəxt olarıq yalnız. Həyatı axışına buraxıb yaşamaqdan, var olmaqdan, hər anımızdan həzz almalıyıq. Bax bu mənim yanaşmamdır, bəlkə düz, bəlkə də səhv...
Biz hamımız fərqliyik, fərqli xarakterlərə, fərqli hiss və düşüncələrə sahibik. Bu səbəbdən eyni mövzuya müxtəlif cür özünəməxsus tərzdə yanaşırıq. Yanaşmaların müxtəlif olması, əlbəttə, həqiqəti heç vaxt dəyişmir. Həqiqət elə həqiqətdir, onu qəbul etmək bəzən çox çətin olsa da. Çox az adam tapılar ki, özünə qarşı obyektiv və dürüst olar. Bəs, bu dediklərimin mövzumuzla, yəni xoşbəxtliklə nə əlaqəsi var? Əslində çox sıx əlaqəsi var. Yəni belə desək, xoşbəxtliyin nə olması da digər məsələlərə olan yanaşma kimi insanların düşüncəsində individualdır. Amma gəlin bu individuallıqdan kənara çıxaq, bizim zənn etdiyimiz xoşbəxtliyi yox, əsl xoşbəxtliyi tanıyaq. Amma əvvəlcə bu suala cavab verək. Görəsən, nə üçün biz xoşbəxtliyi axtarırıq? Əgər biz nəyisə axtarırıq və arzulayırıqsa, deməli onun bizdə olmadığını düşünürük və səhvi elə burada edirik. Bəli, səhv edirik, çünki biz onsuz da xoşbəxtik. Xoşbəxtlik bizim zehnimizdə yaratdığımız və əslində əhəmiyyətsiz şeylərlə bəzədiyimiz, əlçatmaz bir şey deyildir. Bir mütəffəkirin də dediyi kimi: "Biz hamımız dünyaya xoşbəxt gəlirik və özümüzü bədbəxt hesab etməyənə qədər də xoşbəxtik". Əslində biz özümüzə niyə qəmli olduğumuzu, məyus olduğumuzu sual etməliyik, keçmişin həsrətini çəkməkdən və ya gələcəyə səyahətdən əl çəkib, bu günümüzdən, bu anımızdan, yaşamaqdan, var olmaqdan, sahib olduqlarımızdan həzz almalı, həmişə Allaha təvəkkül etməliyik. Xoşbəxtlik də elə budur və böyük uğurlara yetişən insanlar həmişə sahib olduqlarından motivasiya alaraq, həmişə pozitiv yanaşaraq yaşamışlar və uğur qazanmışlar.
Məyusluğu bir cür yoluxucu xəstəlik kimi düşünsək, anlayarıq ki, bu xəstəlikdən qorunmağın yolu məyus olan və məyusluğu ötürən insanlardan, onların fikirlərindən özümüzü qorumaq və özümüzün müsbət düşüncələrimizlə həmin insanları müalicə etməkdir. Hərdən ətrafımda bu cür insanlar görürəm, əsasən də sevmədiyi işlə məşğul olan, sevmədiyi təhsili alan və özünü buna məcbur hesab edən insanlar... Mən bu insanları cəzasının bitməsini gözləyən məhbuslara bənzədirəm. Çünki bu insanlara həyat həbsxana kimidir. Axı niyə insan bir dəfə yaşadığı bu qısa ömrü nələrəsə dözməklə keçirsin, niyə sevdiyi, arzuladığı işlə deyil, sevmədiyi işlə məşğul olsun, arzuladığı təhsili, peşəni deyil, heç ona uyğun olmayan, sevmədiyi bir təhsili almağa, sevmədiyi peşəyə yiyələnməyə özünü məcbur etsin?! Əgər pul qazanmaq istəyidirsə, insan sevdiyi işlə daha böyük uğur və pul qazana bilər və insan sevmədiyi peşəylə məşğul olaraq həm özünə, həm də həmin peşəyə əziyyət etmiş olar. Yox, başqa çıxış yolunun olmadığını söyləyirsənsə, o zaman bir filmdə deyildiyi kimi, "Əgər həyat sənin qarşına limon çıxarmışsa, sən də ondan limonad düzəlt", yəni arzularını dəyiş, sevmədiyin işlə məşğul olursansa, o zaman məşğul olduğun işi sev və xoşbəxt yaşa.
Zeynəb Xəlilova
NDU-nun Jurnalistika ixtisası üzrə II kurs tələbəsi