Müsəlman aləmində “11 ayın sultanı” - Söz tələbə jurnalistlərindir

A- A A+

Müsəlman aləmində “11 ayın sultanı” adlandırılan Ramazan, qəlblərin bir olduğu, bütün İslam aləminin bir nöqtədə birləşdiyi, birlik və həmrəylik ayıdır. 

Bu ay bizə bir çox məsləhət və öyüd verir. Bu ayın ən gözəl məqsədi, dünyada aclıqla savaşan, yoxsulluqla mübarizə aparan insanların halını anlamaqdır. Onların ruhunu və bu vəziyyətlə necə başa çıxmağa çalışdığını anlamaq üçün Ramazan ən gözəl aydır. Bu müddət ərzində nəfsimizə hakim durmağı, pis davranış və sözlərdən uzaq durmağı və Allahın rəhminə sığınmağı öyrənirik. Əsasən, bunlar hər zaman əməl etməli olduğumuz şərtlərdir. Lakin müasir dövrümüzdə bu mənəvi duyğulara çata bilən çox az insan var.

Ramazan bayramı gəlib çatdıqda isə, hər kəs hüzurla dolmuş və bu müqəddəs ay boyunca özünü bütün pisliklərdən uzaqlaşdırmağın sevinci ilə dolu olur. Bütün bayramlarda olduğu kimi bu ayın da öz hikməti var. Bayramda da hər kəs bir-birini təbrik edərək bu sevinci paylaşır. Bir arada olmaq, bir süfrə arxasında əyləşmək, gündəlik problemlərdən necə deyərlər, boğaza yığılan bizlərin ruhunu sağaldır, hüzura qovuşdurur. 

Əlbəttə, bayramlar, eyni zamanda milli birliyimizin davamlılığının təmin edilməsində əsas ünsürlərdəndir. Bir millətin gücü onun milli birliyindən asılıdır. Bu səbəbdən, hər bayramda, o cümlədən Ramazanda bayramı lazım olduğu kimi qeyd etməliyik. 

Oruc tutmağın, Ramazanın əhəmiyyətini dini, mənəvi cəhətdən anladıq, bəs elmi cəhətdən? “Orucun orqanizmə təsiri” mövzusu uzun illərdir, bir sıra elmi müzakirələrin predmeti olmuşdur. Bəzi tədqiqatçılara görə, oruc insan orqanizmi üçün zərərlidir. Bəzilərinə görə isə orucda sadəcə yemək vaxtı dəyişdiyinə görə və belə davam etdikcə onun insan orqanizminə heç bir ziyanı yoxdur. Belə ki, oruc tutmaq insan orqanizminin 24 saatlıq ümumi kalori ehtiyacını təmin etməsinə mənfi təsir göstərmir. Həqiqətən də, insan orqanizmi ramazan ayında digər vaxtlara nisbətən daha çox zülal, nişasta və şəkərdən istifadə edir. Bu da gostərir ki, oruc tutanlar böyük miqdarda kalori qəbul edir.

Araşdırma əsnasında belə bir məqamla rastlaşdım. Məşhur rus alimi Aleksey Soforin "Müalicənin yeni üsulu - oruc" kitabında yazır: "Orucla müalicə elə ecazkardır ki, onun vasitəsilə praktiki və cərrahi müalicənin proqram və metodları köklü surətdə dəyişiləcəkdir. Çünki oruc tibb elminin qarşısında yeni yollar açır".

Hətta oruc tutmağın bir çox xəstəliklərin müalicəsi üçün dünya səviyyəsində həkimlər və təbiblər tərəfindən dəfələrlə məsləhət görülmüşdür. 

Bir sözlə, Ramazan müsəlman aləminə bəxş edilmiş ən gözəl, rəhmət dolu aydır. Bu ay boyunca günahlarımızdan təmizlənmək, mənəvi saflığa can atmaq hər kəsin arzusudur. Arzularınıza çatmağınız ümidi ilə. Ramazan bayramınız mübarək olsun.

Aysel Nuriyeva

NDU-nun Jurnalistika ixtisası üzrə II kurs tələbəsi

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: