Naxçıvanda tibb işçilərinin sertifikasiya imtahanlarına start verilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, mərkəzləşdirilmiş qaydada ilk dəfə keçirilən tibb işçilərinin sertifikasiyası onların bilik səviyyəsinin, peşə hazırlığının, ümumi dünyagörüşünün, səhiyyə müəssisələrində işləməyə layiqli olmasının müəyyən edilməsi məqsədilə keçirilir. Səhiyyə mütəxəssisləri peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədilə 5 ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər.

Sertifikasiya test imtahanı formasında aparılır və iştirakçılara 90 dəqiqə vaxt verilir. 60 sualdan ibarət imtahanda hər düzgün cavab bir balla qiymətləndirilir. İmtahanda 40 və ya daha çox bal toplamış şəxslər sertifikasiyadan keçmiş hesab olunurlar. Sertifikasiya imtahanında iştirak etmiş şəxslərə imtahanın nəticəsi barədə arayış verilir. Sertifikasiyadan keçmiş şəxslər 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edirlər.

Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində və ya iş yerində təcrübədə olmaqla peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq məqsədilə ixtisasları üzrə növbəti imtahanda iştirak etmək üçün müraciət etməlidirlər. Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri qanunvericiliyə uyğun olaraq tənzimlənir.

Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən və ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş səhiyyə mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən 5 il müddətində sertifikasiyadan keçmirlər.

Qeyd edək ki, tibb ixtisasları üzrə ali və orta ixtisas təhsilli şəxslərin sertifikasiyasının aparılması Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2020-ci il tarixli “Naxçıvan Muxtar Respublikasında tibb işçilərinin dövlət səhiyyə müəssisələrinə işə qəbulu və sertifikasiyasının aparılması qaydaları”nın təsdiq edilməsi haqqında qərarına əsasən həyata keçirilir.

Mayın 23-nə qədər davam edəcək və 1869 tibb işçisinin iştirak etməsi nəzərdə tutulan imtahanın nəticələri ilə Dövlət İmtahan Mərkəzinin internet portalında tanış olmaq olar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: