Fövqəladə Hallar Nazirliyi texnikaların yaz-yay mövsümi istismarı şəraitinə keçid ilə əlaqədar təlim keçirib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, yaz-yay mövsümi istismarı şəraitinə keçid ilə əlaqədar nazirliyin Mülki Müdafiə Alayında və Kəngərli Rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbəsində nümunəvi məşğələ təşkil olunub.
Şəxsi heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi, texnikaların, avadanlıqların və cihazların sıradan çıxmasının, baş verə biləcək nasazlıqların, qəzaların və zədələnmələrin qarşısının alınması üzrə müvafiq tədbirlərin yerinə yetirilməsinin öyrədilməsi məqsədilə keçirilən məşğələdə əvvəlcə mövsümi istismarı şəraitinə keçidi ilə əlaqədar əmr və plan şəxsi heyətə çatdırılıb.
Sonra məşğələdə xüsusi təyinatlı xilasetmə, yanğınsöndürmə və yük avtomobillərinin, digər mühəndis texnikalarının yaz-yay mövsümi istismarı şəraitinə keçidi zamanı görülən işlər, park xidmətinin, yanğından mühafizənin təşkili, mühəndis avadanlıqlarına, su nasoslarına, xilasedici qayıqlara, dalğıc avadanlıqlarına, akkumulyator batareyalarına, səhra mətbəxlərinə, xilasetmə avadanlıqlarına, eləcə də radiasiya-kimya kəşfiyyatı cihazlarına və rabitə vasitələrinə texniki xidmətin göstərilməsi praktiki olaraq nümayiş etdirilib.
Texnikaların yaz-yay mövsümi istismarı şəraitinə keçidi zamanı istifadə olunan texniki mayelərin, turşuların və qələvilərin təhlükəsiz istifadə qaydaları və zəhərlənmələrə qarşı ilk tibbi yardımın göstərilməsi də şəxsi heyətin diqqətinə çatdırılıb.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin xüsusi təyinatlı və avtomobil nəqliyyatı vasitələrinin yanacaq-sürtkü materialları, digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təminatı mərkəzləşdirilmiş qaydada həyata keçirilir.