Naxçıvan Muxtar Respublika Kitabxanasında Əhməd Cavadın anadan olmasının 130 illiyi münasibətilə tədbir keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında istiqlal şairi Əhməd Cavadın anadan olmasının 130 illiyi münasibətilə tədbir keçirilib.

Kitabxananın direktoru Tamella Əsgərova Əhməd Cavadın anadan olmasının 130 illiyinin qeyd edilməsi haqqında Prezidentin imzaladığı sərəncamı və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planını diqqətə çatdırıb. Qeyd olunub ki, tədbirlər planına əsasən istiqlal şairimizin yubileyi muxtar respublikada geniş qeyd edilir.

Kitabxananın elmi işlər üzrə direktor müavini Yeganə Rüstəmova “Dövlətçilik tariximizin mahir təbliğatçısı Əhməd Cavad”, şöbə müdiri Heyran Əsgərova “Cümhuriyyət nəğməkarı Əhməd Cavad” mövzularında çıxış ediblər. Bildirilib ki, Əhməd Cavad ədəbiyyatımızda şair, müəllim, vətəndaş, ictimai-siyasi xadim, publisist, jurnalist, tərcüməçi kimi böyük şöhrətə malikdir. Dövlət himnimizin mətninin müəllifi kimi daim qəlblərdə yaşayacaq şairin Vətənimizi və bayrağımızı vəsf edən əsərləri dillər əzbəridir. Cümhuriyyət deyilən zaman hamıdan əvvəl Əhməd Cavad yada düşür. Üçrəngli poeziya bədii yaddaşa öncə məhz onun qələmi ilə həkk olunub.

Qeyd olunub ki, bütün fəaliyyəti, bədii yaradıcılığı doğma xalqına əvəzsiz xidmət, vurğunluq nümunəsi olan qaynar təbli şairimizin keçdiyi həyat yolunu oxuculara çatdırmaq kitabxanaçıların ümdə vəzifələri sırasındadır. Bu məqsədlə Əhməd Cavad şəxsiyyəti və yaradıcılığına həsr olunmuş oxucu konfranslarının, mütaliə tədbirlərinin keçirilməsi bundan sonra da diqqətdə saxlanılacaqdır.

Aygün Hüseynova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: