Məktublardan görünən dünya - Söz tələbə jurnalistlərindir

A- A A+

Əvvəli və sonu olmayan zaman göstərişdən uzaq, sadə, bütöv bir xalqın dərdini öz dərdi bilən və bu amal uğrunda mübarizə aparan fədakar bir insanı, Cəlil Məmmədquluzadəni dünyamıza ərməğan  etdi. Mirzə Cəlil yaşadığı illər ərəfəsində ancaq həqiqətin ayaq izlərini araşdırdı,  izlədi, yorulmadan öyrəndi və öyrətdi. Bu yolda qarşılaşdığı əngəllərə baxmayaraq, cəsarətlə mübarizə apararaq haqqın və həqiqətin tərəfində durmağı bacardı. Özünəməxsus metodları ilə həqiqətə işıq tutan böyük ziyalı yaradıcılığının bütün istiqamətlərindən xalqın milli məfkurə ilə formalaşması ideyasını əsas götürərək yazdı və bu böyük məsuliyyəti çiyinlərində məharətlə daşıdı. Lakin göstərdiyi fədakarlıq heç də hər zaman düzgün qiymətləndirilmədi. O, bir tərəfdən senzuranın yaratdığı çətinliklərlə  mübarizə apardısa, digər tərəfdən cəhalətin iqtidarlıq etdiyi dövrlə savaşdı.

Cəlil Məmmədquluzadə təkcə dram əsərlərində, felyetonlarında, müxtəlif məqalələrində deyil, dostlarına, yaxınlarına yazdığı məktublarında da özünəməxsus bir dəstxətlə hadisələrə münasibət bildirdi. Bu məktublar özü belə ayrıca orijinal bir yaradıclıq nümunəsidir.

Mirzə Cəlilin yaxın yoldaşlarına  yazdığı  məktublara  nəzər salanda yaşadığı dövrün bütün çətinliklərini aydın görmək mümkündür. Həmin məktublardan birində yazılır: “Məhəmməd  əminin  eşşəyi”ni istəyirəm yazıb göndərəm, senzor izn versin, İrəvanda çap etdirim. Hərçənd ağlım kəsmir camaat oxusun".

Elə bu bir cümləni oxuyanda fərqinə  varırsan ki, təkcə  ayrı-ayrı insanların deyil,  ümumilikdə bütöv bir cəmiyyətin kədərini qəlbində toplayaraq ömrünü zindana çevirmişdi böyük ədib. Onun düşündüklərinin, gördüklərinin mindən birini görüb dərk edə bilməyən böyük bir çoxluq arasında tək-tənha idi.

Lakin yenə də var gücü ilə bu vəziyyətə qarşı çıxa bilmək üçün ən yaxın sirdaşı olan qələmə, kağıza, sözə sarılaraq ömrünün sonuna qədər mübarizə apardı. O inanırdı ki,  bir gün gələcək, arzuladığı, görmək istədiyi cəmiyyət mütləq formalaşacaq. Arzusunun gerçəkləşməsi üçün yollar axtaran ədib ictimaiyyətə daha çox təsir edə bilmək üçün qəzet çıxarmaq  qərarına gəlir. Onun Qurbanəliyə yazdığı  məktubların birinin son iki cümləsində belə yazılıb: "Bu gün əvvəlinci dəfə teleqram çıxardıq. Əhvalatı Əli nağıl edər və qəzetə  çıxarmağa  izn istəmişəm".

Çıxarmaq istədiyi qəzetə yeni gün mənasını verən "Novruz" adını qoymaq istəyirdi  Mirzə Cəlil. Lakin sonra bu fikirdən yayınaraq daha cəsarətli bir addım atıb Azərbaycanda ilk satirik jurnalı yaratdı. Bizi deyib gələn Molla Nəsrəddinin dili ilə səsləndi insanlara.

Toplumun bir hissəsinin hücumlarından, hərbə-zorbalarından, bir qisminin biganəliyindən, etinasızlığından qorxmadan, usanmadan yazdıqlarının bəlkə əsrlər sonra başa düşülməsi ümidi ilə ömrünü şam kimi əritdi. Lakin çıxdığı bu yoldan nə geri döndü,  nə peşiman oldu.

Əksinə xalqına bu istiqamətdə xidmət edə bilmək üçün ona yol göstərən Eynəli bəy Sultanova minnətdarlığını bildirərək yazdı: "O qədər  məni özünə qulaq asdırdın ki, axırda məni, doğrudan da, maarif aləminə  daxil elədin. Yəqin bilirəm ki, sən olmasaydın, mən də qeyri  sadəcə kənd müəllimlərinin içində yaddan çıxardım".

Bütün yaşadıqlarına rəğmən öz yoluna davam etməsi onun vətəninə, xalqına,  millətinə olan sonsuz  sevgisindən irəli  gəlirdi. Çünki onun mayası vətən sevgisindən yoğrulmuşdu. Həyat yoldaşı Həmidə xanıma: “Mənim üçün  yaxşı şərait yaratdığına görə çox sağ ol. Heyf ki, sizdən ayrılanda əsəbi idim. Bu yuxusuz gecələrin  nəticəsi idi ki, onun da günahı səndə deyildi. Eybi yox, keçər",- deyən ədibin millətinin istiqbalı üçün yuxusuz gecələr keçirməsinin də mərkəzində məhz vətən sevgisi dururdu. Qəlbindəki bu sevginin ona yaşatmadığı əzab qalmadı. Hətta yaşadığı sıxıntılar o yerə gəlib çatdı ki, maddi çətinliklər qışın soyuğunda  ailəsinin donmaması üçün əlləri əsə-əsə əlyazmalarını yandırmasına səbəb oldu. Amma ocaqdakı alov onun ürəyindəki yanğının yanında sönük qaldı. “Gözümü açıb dünyanı qaranlıq görmüşəm”,- deyən Mirzə Cəlil  bu dünyada işığın qələbəsi üçün əlindən gələn hər şeyi etdi. Ömrünün əvvəlindən sonuna qədər ürəyində qaladığı  millət sevgisi adlı ocaq heç bir zaman sönmədi.

Xalqın dərdini özününkü bilib daşımaq çox ağır bir yükdür. Amma insanı da elə bu dərd böyüdür. Ona ölməzliyi qazandıran da, zamanın fövqünə qaldıran da məhz yükü ağır olan millət dərdi idi.

 

 

                                    İlahə  Allahverdiyeva

                      NDU-nun “Jurnalistika” ixtisası üzrə III kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: