Azərbaycanın Milli Qəhrəmanı, şəhid Çingiz Qurbanovun adını daşıyan məktəbin qarşısında büstü qoyulub
Azərbaycanın Milli Qəhrəmanı, şəhid Çingiz Qurbanovun adını daşıyan Qusar rayon Həzrə kənd orta məktəbinin qarşısında qəhrəman döyüşçünün büstü qoyulub.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, may ayının 11-də rayon rəsmiləri, Milli Qəhrəmanın ailə üzvləri, Vətən müharibəsi iştirakçıları, şəhid ailələri, təhsil işçiləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə büstün açılış mərasimi təşkil olunacaq.
Milli Qəhrəman Çingiz Qurbanov 1994-cü il noyabrın 24-də Qusarın Həzrə kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Texniki Universitetində davam etdirib. 2016-cı ildə həmin universitetin məzunu olan Çingiz Qurbanov iyul ayında həqiqi hərbi xidmətə yollanıb. 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Şəhidin cəsədi 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. Bakıda təntənəli vida mərasimi keçirildikdən sonra Ç.Qurbanov fevralın 6-da doğulduğu Qusar rayonunda dəfn edilib.
2017-ci il fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi barədə Sərəncam imzalayıb. Onun adı Qusar şəhərində bir küçəyə və Həzrə kəndində vaxtilə təhsil aldığı tam orta məktəbə verilib. Ç.Qurbanovun adını daşıyan küçədə barelyefi qoyulub.