Titrəyən qələmim - Söz tələbə jurnalistlərindir

A- A A+

Bir kağız və titrəyən bir qələm... Niyə titrəyirsən ki, qələmim? Bu günə qədər kağızın qarşısında əyilməyən başına nə oldu? Özünə arxayın, hər şeyi bilən və ölçən tərəzin harada? Səni bu qədər kədərləndirən və susqunlaşdıran nədir? Sevgidən, məhəbbətdən uzaq o dağınıq cümlələrin haradadır?  Yaz, qələmim, yaz!

Yer şəhidlər xiyabanı... Buradakılar bütün sevgiləri utandıran sevgililər... Yataqları gülə bürünən igidlər... Bura göyləri dilə gətirən sevginin mərkəzi, bura rəhmət dənizinin olduğu məkandır. Ey igidlərin qoynunda uyuduğu müqəddəs məkan, məni və utanan qələmimi bu aşiqlərin qapısında qonaq edərsənmi?

Qucağımda sevginin rəmzi olan bir dəstə qırmızı gül ağır-ağır addımlayıram şəhid məzarlarına doğru. Sanki bütün dünyanın kədəri ayaqlarıma yapışıb, yeriyə bilmirəm.  Ürəyimdə kədər, qarşımda bədəni, qüvvəti, canı  ilə yurduna sipər olan, geridə buraxdıqlarını bir an belə düşünmədən vətəni uğrunda canını fəda edən oğullar! Bax, qələmim, bax, sevginin dastanını yazanlara. Şəhid demək Vətən deməkdir, qələmim! Bu qara məzar daşlarından boylanan dərin baxışlardakı mənanı duya bildinmi? İnam, fədakarlıq, saflıq, sədaqət süzülür bu gözlərdən...

Vətəni sevmək bütün arzularını qəlbində öldürüb yurdunun azadlığı üçün ölümü gözə almaqdı, qələmim. Heç bir qorxu hiss etmədən... Sadəcə, cananına qovuşmağı arzu edərək....

Məzar daşından dolu - dolu  baxan bu baxışlarınız bütün gücümü, cəsarətimi məndən aldı. Sevda lüğətimdəki kəlmələr silindi getdi. Günəşin isti şüalarının altında sanki qar yağır əllərimə, üşüyürəm. Donan addımlarımla irəliləmək, uyuyan vətən aşiqlərini görmək istəyirəm. Yaxınlaşdığım hər məzar bir gül bağçası, güllər isə boynubükük və kədərli. Bu sevgililərin qarşısında güllərin rəngi də, ətri də sönük qalıb.

Şəhidlərin sevgisi qarşısında bu günədək qəlbimdə daşıdığım sevgidən utandım. Bəs sən niyə utandın, qələmim? Bu günə qədər yazdıqlarındanmı, yoxsa yaza bilmədiklərindənmi? Sevmək də, sevilmək də onlara yaraşır, qələmim.

Qaldır başını, qələmim, seyr eylə, ədəb, ərkan, fədakarlıq, məhəbbət və qəhrəmanlıq abidəsi şəhidlərimizi. Zikrini nəfəsində daşıyan ağaclardan hazırlanan qələmim! Elə buradaca çöksəm torpağa, yalvarsam Allaha, mən də onlar kimi vətən eşqiylə yana bilərəmmi?  Durmadan yalvarsam Yaradana, məni qəlbi övlad acısıyla alovlanan şəhid anasının ürəyinə atsa, yansam,  kül olsam, anlaya bilərəmmi onun acısını, azalarmı dərdi? Səni torpağa sancsam, şəhidlərin qanı tökülən torpağa, oradan güc alıb təzədən göyərərsənmi bir fidan kimi, qol-budaq atıb şəhidlərin məzarına, ora gələn anaya kölgə salarmısan?

Niyə durdun, qələmim, gücün yetmədimi yazmağa? Yalvarışlarını eşidirəm, qələmim.  "Qır belimi, bu sevgililərdən yazmaq mənə ağır gəlir",- deyirsən. Sən cansız bədəninlə bu qədər əzab çəkərkən mənim bütün vücudum, ruhum yanıb kül oldu. Amma sən yenə də durma, yaz ki, sevgidən danışanlar bir də düşünsünlər. Titrəmə, yaz ki, əsl sevginin dastanını yazanlardan sevdanı öyrənsinlər!

 

 

                                                    İlahə Allahverdiyeva

                                            Naxçıvan Dövlət Universitetinin

                                  "Jurnalistika" ixtisası üzrə III kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: