İnsan dünyaya gəldiyi zaman sanki kiçik günəşin hələ oyatmaqda olan, yenidən öz işıqları ilə onun açmasını səsləyən, torpağa təzə düşmüş toxumdan çıxmaq istəyən gül kimidir. Bəzən ətrafındakı güllər dəstə- dəstə oyanmış, çiçək açmış, öz ətirlərini hər yerə yayaraq var olduqlarını bildirir. Bəzən də hələ təzə oyanan çiçəklər içərisində cücərir. Bahar ayı, günəşin gözəlliyi, torpağın münbitliyi, yaz ayının həzin yağışı bu güllərə can verir. Açmaq istəyən güllər dörd fəsildə özlərini göstərirlər. Üç fəsildə yetişib dördüncü fəsildə artıq gəldikləri kimi torpağa gedirlər. Elə insan kimi. Gül də yazda cücərir, yavaş-yavaş boy atır, yayda açılır öz ətri, gözəlliyi ilə ətrafı valeh edir və payızda artıq solub qışın sərt soyuğuna təslim olur. İnsan ömrü də belədir. Həyatının baharında doğulur, heç nədən xəbərsiz, günahsız, həyatı gözəlliklə qarşılayır və yavaş -yavaş açmağa başlayır. Yetkinlik yaşına gəlir, həyatı dərk edib, ömrünün yay fəslini- təzə açmış gül kimi öz hərəkətləri ilə ətrafındakı insanları valeh edir. Zaman keçir, il ili qovaladıqca insan da həyatı başa düşməyə, ondan dərs çıxarmağa və yayda açan gül kimi deyil, artıq onun ömrünə gələn payız fəslini sakitcə qarşılayır. Payızın yağışlı çiskinli, dumanlı havasından çıxan, gül kimi özünü qışa- qocalığa hazırlayır. Necə də qəribədir, insan da torpaqdan yaranıb torpağa gedir, gül də torpaqdan yaranıb, torpağa qarışır.
Bəs güllərin günəşi sevməsi kimi həyat da insanlara eyni cür qayğı göstərirmi, eyni formada öz günəşini saçırmı? İnsan ömrü güllər kimi günəşli, yağışlı, dolulu, dumanlı, qarlı, çovğunlu mərhələlərdən keçir. Həyatın çətinliklərinə, qayğısızlıqlara, dünyadakı ədalətsizliyə, düşüncəsiz insanlara, sevgisiz ailələrə və ən əsası da həyatda ölü kimi yaşayan inananlara baxdıqda gül nədir, heç adi ağac parçası ilə insanı müqayisə etmək olmur.
Güllər var ki, solmur, o, heç yerindən belə olmur. Gül də var ki, küləyin onun torpaqdan qoparmaması üçün yerə tutunmaqla mübarizə aparır. Gülün ləçəklərinin bəziləri küləyin acımasız olan əlində gedir. Gül də var ki, səhrada bir damcı suya həsrət qaldığı üçün məcbur olub tikən çıxarmağa, öz qayğısını özü çəkməyə vadar olub. Kaktus olan bu gül çiçəyini açdığı vaxt çox gözəl olur. Bəzi yalançı gözəlliyi olan güllərdən fərqli olur. İnsan da belə deyilmi?! Həyatda tək qaldığı zaman duyğusuz, acımasız hala gəlmirmi?! İnsanları sevsə də, daxilən gözəl olsa da, ətrafa nifrət etmirmi?!
Belə görünür ki, günah insanda deyil, onu bu vəziyyətə gətirən, susuz səhraya bənzəyən, hər şeydən ibarət olub, insandan məhrum edən, acımasız həyatda və ətraf mühitdədir. Həyat insanı enişli-yoxuşlu günlərdən çıxaran, bütün əziyyətlərə qatlanmağa vadar edən, fəslin sonunda qış aylarında isə buna dözməyə məcbur edən düşüncəsiz bir mühitdir.
Güllər və insanların ortaq cəhətləri çox olsa da, insandan fərqli olaraq onlar sevgi, xoşbəxtlik simasıdır. Onun belə olmasını təbiət istəmişdir. Bəs bizim bu halda olduğumuzu bizdən kim istəmişdir? Tanrı, başqa insanlar, özümüz, yoxsa həyat?!
Şəfa Yazar (Səfərova)
NDU-nun Jurnalistika ixtisası üzrə II kurs tələbəsi