Muxtar respublikanın rayonlarında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, muxtar respublikanın rayonlarında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd edilib.

Rayon icra hakimiyyətləri başçıları və ictimaiyyət nümayəndələri ulu öndər Heydər Əliyevin rayon mərkəzlərindəki abidələrini ziyarət edib, abidələrin önünə tər güllər düzüb, ümummilli liderimizin xatirəsinə ehtiramlarını bildiriblər.

Ulu öndər Heydər Əliyev bütün fəaliyyəti boyunca heç vaxt Naxçıvanı unutmadı, qədim diyarın inkişafını daim diqqət mərkəzində saxladı. Ümummilli liderimiz Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bu qədim diyarın müdafiə qüdrətini möhkəmləndirdi, hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər həyata keçirdi.

“Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım yerinə yetirilsin”, - deyən ümummilli liderimizin siyasi yolunun uğurla davam etdirilməsi Naxçıvanı əsl çiçəklənən diyara çevirdi. Muxtar respublikamızın rayonları, şəhər, qəsəbə və kəndlərin hər biri Heydər Əliyev quruculuq yolunun uğurla davam etdirilməsi nəticəsində yenilənir, böyüyür, daha da inkişaf edir. Müstəqillik illərində  muxtar respublikada tikinti-quruculuq işləri geniş vüsət alıb, nəhəng istehsal müəssisələri, çoxsaylı yaşayış binaları, səhiyyə, mədəniyyət, təhsil obyektləri tikilib istifadəyə verilib, müasir kənd mərkəzləri yaradılıb. Naxçıvanın ən ucqar kəndi belə ən müasir yol infrastrukturu ilə təmin edilib.

Başqa sözlə, tarixin heç bir dövründə muxtar respublikada bu miqyasda abadlıq-quruculuq işləri görülməyib, bugünkü qədər məhsul istehsal edilməyib. Müstəqillik illərində muxtar respublikanın inkişafını təmin etmək məqsədilə icrası uğurla başa çatan və hazırda icrası davam etdirilən dövlət proqramları ümumi inkişafa təkan verib, yeni istehsal və xidmət sahələri fəaliyyətə başlayıb. Müstəqilliyin ilk illərində Naxçıvanda, ümumilikdə, 40 sənaye müəssisəsi vardısa, bu gün onların sayı 10-12 dəfə artırılıb, həmin illərdə 10 adda məhsul istehsal edilirdisə, bu gün bu göstərici 384-ə çatıb. Ümumi daxili məhsul istehsalının həcmi də dəfələrlə artıb.

Bugünkü Naxçıvan məhz dahi şəxsiyyətin arzularındakı Naxçıvandır. Buna görə də naxçıvanlılar dahi rəhbərə sonsuz məhəbbət bəsləyir, onun ideyalarına sədaqət ruhunda sabaha daha böyük inam və uğurlarla addımlayır. Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev də ürəklərdə yaşayacaqdır!

Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: