Naxçıvanda ekspedisiyaların yekunları müzakirə olunub - FOTOLAR
AMEA Naxçıvan Bölməsində “Naxçıvanda arxeoloji tədqiqatlar” mövzusunda tədbir keçirilib. AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, bölmənin sədri, akademik İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublikası ərazisində 10 ildən artıqdır ki, aparılan respublika və beynəlxalq səviyyəli arxeoloji araşdırmalardan, çoxsaylı tədqiqatlardan danışıb. O, bu il bölmənin arxeoloji ekspedisiyasının Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin arxeoloqları ilə birgə əvvəlki illərdəki tədqiqatlarını davam etdirdiyini, bölgənin I Kültəpə, Duzdağ və Naxçıvantəpə yaşayış yerlərində qazıntılar apardığını diqqətə çatdırıb.
Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, Naxçıvan arxeoloji ekspedisiyasının rəhbəri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev Naxçıvan ərazisində aparılan arxeoloji ekspedisiyalarla bağlı məlumat verib. Arxeoloq alim bildirib ki, bu il Duzdağ mədənlərindən Erkən Tunc dövrünə aid əmək alətləri və keramika məmulatı aşkar edilib. Aparılan tədqiqatlar zamanı dünyanın ilk duz mədənlərinin Naxçıvan Duzdağında olduğu müəyyənləşdirilib.
Kültəpə isə Neolit dövrünə aid abidədir və müəyyən edilib ki, I Kültəpə və onun ətrafında yaşayan insanlar əkinçiliklə və köçmə maldarlıqla məşğul olublar. Arxeoloq Naxçıvantəpə abidəsinin tədqiqindən də bəhs edib. Bildirib ki, gələcəkdə də bu ərazilərdə tədqiqat işləri aparılacaq.
Daha sonra Azərbaycan və Fransa Beynəlxalq Arxeoloji ekspedisiya layihəsinin beynəlxalq ekspedisiya rəhbəri, Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin əməkdaşı Catherine Marro Azərbaycan-Fransa Beynəlxalq ekspedisiyası Azərbaycanın 3 regionunda arxeoloji qazıntılar apardığını deyib. Bildirib ki, Beynəlxalq ekspedisiya 13 ildir ki, Naxçıvanda araşdırmalar aparır. Azərbaycanın digər bölgələri ilə 10 ildir ki, bu əməkdaşlıq başlayıb. Catherine Marro məlumat verib ki, Azərbaycan-Fransa arxeoloqları əməkdaşlığının 10 illiyi ilə bağlı bu ilin oktyabr ayında Bakı şəhərində açılacaq sərgidə hər 3 ekspedisiyanın nəticələri sərgilənəcək. Həmin sərgidə I Kültəpə, Ovçulartəpəsi və Duzdağda araşdırmalar zamanı əldə olunan materiallar da təqdim olunacaq.
Catherine Marro arxeoloji qazıntılara dəstək və hərtərəfli şərait yaradan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə, eyni zamanda qazıntılarda onlara yaxından köməklik göstərənlərə öz təşəkkürünü bildirib.
Sonda sözügedən qədim yaşayış yerlərində tədqiqat zamanı aşkar olunan maddi-mədəniyyət nümunələri videogörüntü vasitəsilə nümayiş etdirilib.