NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan istifadəyə nəzarət gücləndirilib. Hazırda xidmət tərəfindən daşınmaz əmlak obyektlərinə məxsus texniki pasportların hazırlanlanması işi, torpaq sahələrinin plan və ölçüsünün tərtib edilməsi üzrə işləri davam etdirilir. Həmçinin muxtar respublikamızda əkinə yararlı torpaq sahələrindən səmərəli istifadə, eləcə də bölgələrdə bələdiyyələr və digər dövlət orqanları ilə birgə səmərəli işin təşkili üçün işlər də diqqət mərkəzindədir.
Ötən dövrdə torpaqların təyinatı üzrə istifadəyə nəzarət məqsədilə maarifləndirici və digər tədbirlər görülüb. Bu istiqamətdə Şərur şəhəri istisna olmaqla Şərur, Kəngərli və Şahbuz rayonları ərazilərində monitorinqlər başa çatdırılıb. Hazırda isə mütəxəssislər tərəfindən Şərur şəhərində və Şahbuz rayonunun Keçili və Külüs kəndlərində monitorinqlər davam etdirilir. Monitorinqlər zamanı yaşayış məntəqələrində aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması üçün yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə lazımi işlər görülür.
Daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrində qeydiyyatı üzrə vətəndaşlara keyfiyyətli xidmət göstərilməsi də diqqətdə saxlanılır. Görülən işlərin nəticəsi olaraq 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınan daşınmaz əmlak obyektlərinin sayı 15,8 faiz, hazırlanan texniki sənədlərin sayı 4,7 faiz artıb.
Qeydiyyat və digər sənədləşmə işləri ilə bağlı vətəndaşların rahatlığını təmin etmək məqsədilə səyyari xidməti də fəaliyyət göstərir. Ötən dövrdə bu xidmətdən yararlanan muxtar respublika sakinlərinin sayı xeyli artıb.
Daşınmaz əmlakın qeydiyyat sisteminin inkişaf etdirilməsi, xidmətlərin sadələşdirilməsi, torpaq idarəçiliyi sayəsində yeni metodların tətbiqi və vətəndaş məmnunluğunun artırılması məqsədilə xidmət tərəfindən mütəmadi olaraq innovativ yeniliklər də tətbiq edilir. Belə ki, artıq hüquqi sahiblərinə daşınmaz əmlaka dair çıxarışlar, elektron formada təqdim olunur.
Hökumət ödəniş portalı ilə daşınmaz əmlakın elektron qeydiyyat sistemi arasında inteqrasiya təmin olunub. Bu da daşınmaz əmlak üzərində əməliyyatların aparılması zamanı tələb olunan dövlət rüsumunun və xidmət haqlarının daha optimal qaydada ödənilməsinə şərait yaradıb. Vətəndaşlar müvafiq xidmətlər üçün tələb olunan dövlət rüsumu və xidmət haqlarını müaricətin qeydiyyat nömrəsinə uyğun Hökumət Ödəniş Portalı və ödəmə terminalları vasitəsilə, eləcə də Xidmətin rəsmi internet səhifəsi üzərindən onlayn qaydada ödəyə bilirlər. Tətbiq olunan belə yeniliklərin nəticəsidir ki, əvvəlki dövrlərlə müqayisədə 2022-ci ilin birinci rübü ərzində əmlakın qeydiyatı sahəsində artım müşahidə olunur.
Xosrov ibrahimov