Naxçıvanda kursantların hər birinə tədris vəsaitləri ilə tam komplektləşdirilmiş çantalar hədiyyə edilib - FOTOLAR
Heydər Əliyev adına Hərbi Liseyi ötən illər ərzində 3 minə yaxın kursant bitirərək müxtəlif ali hərbi məktəblərə daxil olub. Bu il hərbi liseyi bitirən 208 məzundan 172-si Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə, 21-i Türkiyə Respublikasının, 8-i isə Rusiya Federasiyasının müxtəlif ali hərbi məktəblərinə daxil olub.
NUHÇIXAN xəbər verir ki, bu faktlar Heydər Əliyev adına Hərbi Liseydə keçirilən tədbirdə Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev tərəfindən səsləndirilib.
Əvvəlcə tədbirə hazırlıqla bağlı məruzə edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
General-leytenant Kərəm Mustafayev yeni dərs ilinin başlanması münasibətilə zabit, müəllim və kursantları təbrik edərək bildirib ki, 56 kursantla fəaliyyətə başlayan liseydə hazırda 387 kursant təhsil alır. Onlardan 136-sı hərbi təhsil almaq üçün ölkəmizin digər bölgələrindən Naxçıvan Muxtar Respublikasına gələn gənclərdir.
Hərbi liseyin müəllimi Mirismayıl Seyidov və kursant Əli Hacıyev çıxış edərək yaradılan hərtərəfli şəraitə görə dövlətimizə minnətdarlıqlarını bildirib, bundan sonra da dərslərdə fəal olacaqlarına söz veriblər. Valideynlərdən Vidadi Həsənov liseydə kursantların yaxşı təhsil alması üçün hər bir şəraitin mövcud olduğunu vurğulayıb, kursantlara təhsillərində uğurlar arzulayıb.
Çıxışların ardından xidmətdə fərqlənən və ehtiyatda olan bir qrup hərbi qulluqçuya medallar təqdim edilib. Sonra orkestrin müşayiəti ilə “Hərbi lisey marşı” ifa edilib. Hərbi liseyin şəxsi heyətinin tribunanın önündən təntənəli keçidi olub.
Qeyd edək ki, hər il Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə Heydər Əliyev adına Hərbi Liseydə təhsil almağa başlayan kursantların hər birinə tədris vəsaitləri ilə tam komplektləşdirilmiş çantalar hədiyyə edilir. Tədbirdə kursant çantalarına baxış olub. Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev müəllimlərlə görüşüb, keçirilən dərslərlə maraqlanıb.