Özünü, toprağını, yurdunu müdafiə məqsədilə meydana gələn müharibələr işğalçılıq, qəsb niyyəti ilə həyata keçirilən savaşlarla müqayisədə ədalətli, zəruri hesab edilir və maraqlıdır ki, yazarlar haqqın tərəfdarı kimi bu mövzuya müraciət ediblər. Belə əsərlər bədii təsir gücündən başqa, tarixi-siyasi mahiyyəti ilə diqqəti cəlb edir. Dövrlər dəyişib, lakin müharibə mövzusu gündəmdən düşməyib. Məhz İkinci Dünya müharibəsindən sonra müharibə ruhlu əsərlər ədəbiyyatımızın şah mövzuları kimi diqqəti cəlb edib. Ümumiyyətlə, həmişə cəmiyyətdəki insan, əşya və hadisələrə həssaslıqla yanaşan ədəbi mövzuların çoxu reallıqlardan alınıb ki, bunlardan biri də Qarabağ müharibəsidir. Bu mənada, Naxçıvan ədəbi mühitində yaranan əsərlər maraqlı qaynaqlardan biridir. Qarabağın adı ilə bağlı hər iki müharibə Naxçıvan yazarlarının qələmindən yan keçməyib, əksinə, bu mövzuda ağrılı, üsyankar və inamlı baxışlarla çoxlu sayda əsərlər yazılıb.
Məlumdur ki, Birinci Qarabağ müharibəsi haqqında yazılan əsərlərin bəzilərində döyüş dəhşətlərindən irəli gələn kədər və bədbinlik özünü göstərir. Lakin Naxçıvan ədəbi mühitinin yetirdiyi mərhum Sahib Əsgərlinin əsərlərində döyüşə təşviq və həvəs yaradan örnəklər daha səciyyəvidir:
Dağ dağ olsa, parçalanıb gil olmaz,
Çay gur olsa, parçalanıb göl olmaz.
Şəhidlərin yuxuları çin olmaz,
Haydı, sarıl, sal kəfənin boynuna,
Oğuz oğlu, hücuma keç, hücuma!
Hücuma keç! Hücuma keç! Hücuma!
Sahib Əsgərlinin “Gərək Şəruruma Şuşadan baxam” şeiri Birinci Qarabağ müharibəsindən sonra yazılsa da, İkinci Qarabağ müharibəsindən sonra reallaşan hadisələrə bir vətəndaş uzaqgörənliyi kimi dəyərləndirilməyə layiqdir:
Gedəcəm, silahsız-tanksız, gülləsiz,
Gedəcəm şahanə...əlim yanımda.
Necə vuruşacam, baxıb görərsiz,
Düşmənlə bacarram əliyalın da.
Sahib Əsgərli sanki Şuşanın qayalarına, daşlarına əliyalın dırmanan qəhrəman döyüşçülərimizi görmüş, bu günün aktual problemlərini hələ o zaman işıqlandırmışdı:
Gedəcəm! Gör məni nədir yaşadan!
Gedəcəm! Gör indi mən nəyə acam!
Gərək Şəruruma baxam Şuşadan,
Gərək Naxçıvana ordan yol açam!
Bu misralarda yalnız bir şairin yox, böyük bir xalqın ürək sözləri oxunur. Bu bir gerçəklikdir ki, xalqımız Birinci Qarabağ müharibəsində qarşılaşdığı böyük faciələr səbəbindən sarsılsa da, torpaqlarımızın düşmən tərəfindən alınmasnı qəbul etməmək, ümumiyyətlə, işğalla barışmamaq hissinin güclənməsində ədəbiyyatın böyük rolu olub. Belə ki, ədəbiyyatımızın sağlam mənəvi düşüncəsi Qarabağ faciəsini millətimizin həll etməli olduğu əsas problem kimi aktuallaşdıra bilir. Ədəbiyyata Qarabağ müharibəsi mövzusundakı əsərlərin gəlişinin bəlli bir tarixi vardır. Lakin bu mövzu həmişəyaşar olmalıdır. Əlisahib Əroğul haqlı olaraq deyir: ―Qarabağ mövzusu hər bir fərdin beynində özünə yer eləməli, yaddaşında oyuq açmalı, kodlaşmalıdır. Bu mövzunun əxz etdirilməsi nəinki birinci sinif partasından, habelə ailə tərbiyəsindən başlamalıdır.
Naxçıvan ədəbi mühitində 44 günlük Qarabağ müharibəsinə aid ilk kitabın müəllifi Təranə Arifqızıdır. Belə kitablar çağdaş gənc nəsillərin yurda bağlılıq, düşmənə nifrət istiqamətində tərbiyəsi üçün zəruridir. Təranə Arifqızının əsərlərində qürur, sevinc, fəxarət hisslərinin çoxluğu xalqımızın böyük qələbəsi ilə bağlıdır. Məsələnin necə qiymətləndirilməsindən asılı olmayaraq, təxminən 30 il ərzində nisgillərlə yaşayan bir xalqın düşməndən haqqını tələb etməsi, silaha sarılıb ölümü gözə almasının özü seçkin bir zəfər deməkdir:
Yenilməyən ordu adı, qazi adı,
əbədiyyət yollarını fəth eləyən
şəhid adı, qalib adı qazanmışam.
Azərbaycan qadınının elin oğullarına həyan olması, bütün dəyanəti, qeyrəti ilə vətən əsgərlərini düşünməsi, ürəyinin onların yanında qalması aşağıdakı misralarda isti duyğularla tərənnüm edilir:
Səngərdən səninlə birgə çıxıram,
Sənlə silah tutub, mərmi atıram.
Atdığın gülləyə dönüb bir anda
Od tutub düşmənə - ―Atəş!-sıxıram.
Təranə Arifqızının aşağıdakı misralarında daha fərqli hissləri duyuruq:
Ayağınız dəyən yeri
Göz yaşımla öpüm, dedim.
Sizə gələn güllələrə
Ürəyimi sipər edim.
“Qarabağda 44 gün” adlı kitabında xalqımızın haqq uğrundakı savaşlarına nəhayətsiz bir ehtiram hissi özünü göstərir. Silahlardan yayılıb düşmən üstünə yağdırılan od-alov haqlı tərəfin nifrətinə bənzədilir. Müəllif əlbəyaxa döyüşlərdə də haqq-ədalət yolunda vuruşanların namərdləri bir daş kimi susdurmasına sevinir və həqiqətləri bir daha xatırladır:
Nifrətimi od ağzında yağdırmışam yağış kimi,
Sıldırımlar üzərində, meşəlikdə, cəngəllikdə,
əlbəyaxa döyüşlərdə
Susdurmuşam namərdləri bir daş kimi.
Bütün dünya şahid olub, haqq uğrunda savaş kimin?
Təranə Arifqızının əsərlərində döyüş səhnələri yoxdur. Əslində, belə səhnələrin təsviri nəsr əsərləri üçün daha səciyyəvidir. Poetik əsərlərdə müharibənin özü deyil, ağrıları insanın düşüncə və varlığında dərin təsir salır, onun mənəvi itkilərindən doğan kədər, həyəcan və etiraz, uğurlarından yaranan qürur və sevinc hissləri daha güclü olur. Şairənin şəhidlik haqqındakı fikirləri də maraqlıdır:
Şəhid olmaq – bu torpağı ürəyində qucaqlamaq!...
Düşmənini yox etməyə gözündə qılınc saxlama...
Şəhid olmaq – mən demədən Vətən deyib,
Sinəsini bu torpağa sipər edən bölümsüzlük!.
Təranə Arifqızının diqqəti çəkən misralarından aşağıdakılar dərin mənaya malikdir:
Xatirələr xəncərlə doğranıb,
Toplarla anılıb...
Doğrudan da, keçmiş insanın içində yaşayır, onu tərk etmir. Misralardakı “toplarla anılmaq” tariximiz haqqında çox şeyi yada salır. “Tarix yazır səngərlərdə oğullar”- deyən Təranə Arifqızı vətənə üz tutur:
Yaranı sarımağa
İgidlərin xoş gəlib.
Səni azad etməyə
Müqəddəs savaş gəlib.
Doğrudan da, Qarabağ savaşı müqəddəs idi. Bu müqəddəslikdə əsas məsələ xalqımızın ədalətli olması, öz yurdunu müdafiəyə qalxması idi. Bu barədə Təranə Arifqızı yazdığı bayatılarda da deyir:
Kül altda ocağım var,
Kəsərli bıçağım var.
Paslı qıfıl açmağa
Haqq adlı nacağım var.
Şairə gözəl məcazlarla 2020-ci ilin payızında baş verən İkinci Qarabağ savaşını vəsf edir:
Aldım qəlbimdəki qanlı xəncəri
Sapladım payızın gülüşlərinə.
Rənglərin içindən boylandı ümid,
Sarıldı həsrətin yerişlərinə.
Mərhum şairimiz Tofiq Bayram bir zamanlar deyirdi: “Döyüşdə bərkiyib el polad olur”. Təranə Arifqızı isə belə deyir: “Bütövləşdik ürəkdə yumruq kimi”.
Şairənin əsərlərində, hər şeydən öncə, məmnunluq vardır. Səbəbi isə budur:
İndi haqqın qılıncı
Əsl yiyəsindədir!
Bu, o deməkdir ki, artıq arxayınıq, vətəni qorumağa gücümüz də, qeyrətimiz də, silahımız da vardır, haqq bizim tərəfimizdədir. Bəzən müharibə mövzusunu bəyənməyənlər də olur. Lakin bu mövzuda yazılan əsərlər, bir tərəfdən, hərbi-siyasi mədəniyyətimizi gücləndirirsə, digər tərəfdən qəlbimizi rahatladır. Fransız yazar Apollinerin bir sözü var, deyir ki, ruhən işğal olunmaq silah gücünə işğal olunmaqdan daha dəhşətlidir. Yəni poeziya, ədəbiyyat da bizi ruhən işğal olunmaqdan qoruyan bədii söz sənətidir. Biz Qarabağda bayrağımızla yanaşı, poeziyanın, ədəbiyyatın da bayrağını sancmalıyıq. Naxçıvan ədəbi mühitində pafosdan uzaq olan, hadisələrə humanist yanaşma işığında münasibət göstərən şairlərin bu mövzunu poeziyaya gətirməkdə müəyyən qədər xidmətləri vardır.
Nurlana Əliyeva
“Naxçıvan” Universitetinin rektoru, Filologiya elmləri doktoru