Həmid Arzulunun anadan olmasının 85 illiyi münasibətilə tədbir keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında yazıçı, pedaqoq, tərcüməçi, filologiya elmləri doktoru Həmid Arzulunun anadan olmasının 85 illiyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova bildirib ki, ictimai-siyasi mövzuda qələmə aldığı şeir və poemaları Həmid Arzulunun poeziya sahəsində çoxşaxəli yaradıcılığa malik olduğunu göstərir. Həmid Arzulu həm də tərcüməçi kimi fəaliyyət göstərib, alman klassik şairlərinin əsərlərini dilimizə tərcümə edərək nəşr etdirib. O həm də alman dilindən bədii tərcümə sahəsində geniş tədqiqat aparan və bu sahədə dissertasiya müdafiə edən ilk alimlərimizdən biridir.
“Həmid Arzulunun həyatı və yaradıcılığı” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, yazıçı-şair Asim Əliyev bildirib ki, Naxçıvanın qəhrəmanlıq tarixini müntəzəm olaraq ədəbiyyatımıza gətirməkdə Həmid Arzulunun xidməti təqdirəlayiqdir. Qeyd edilib ki, Həmid Arzulunun bir sıra əsərləri doğma vətəni Naxçıvanın qəhrəmanlıq tarixinə, azadlıq, müstəqillik uğrunda mücadiləmizə, görkəmli ziyalılarımızın 1937-ci illər repressiyasına və erməni faşistlərinin bu torpaqlarda törətdikləri qanlı cinayətlərə və deportasiyalara həsr edilib.
Sənətşünalıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov və Kitabxananın komplektləşdirmə şöbəsinin müdiri Rahilə Məmmədova Həmid Arzulunun dramaturgiyasından danışıb, onun pyeslərinin Naxçıvan teatr səhnəsində yer almasından söz açıblar. Bildirilib ki, görkəmli dramaturqun Naxçıvan Dövlət Milli Dram Teatrında 6 əsəri, o cümlədən “İnam” pyesi, “Əlincə qalası” tarixi dramı, “İtilən xəncərlər” tarixi pyesi, “Mərhəmət məhəbbət deyil” və “Əshabi-Kəhf” mənzum dramları Naxçıvan teatrında uğurla tamaşaya qoyulub.
Sonda tədbir iştirakçıları yazıçı, pedaqoq, tərcüməçi, filologiya elmləri doktoru Həmid Arzulunun kitablarından ibarət sərgiyə baxıblar.
Sevgili Mustafazadə