Naxçıvanı qürurla paylaşırıq - bu dəfə Parağaçaydan - FOTOLAR

A- A A+

Yol uzun, karvan bizik... – “Naxçıvanı qürurla paylaşırıq” layihəsi haqqında jurnalist-bloqçu Sara Əzimovanın ilk yazısı bu fikirlə bitir. O, fikrində haqlı idi, çünki karvan yoluna davam etməkdədir.

Mayın 9-u səhər saatlarında layihə iştirakçılarından bir qrupu ilə artıq səfər çantaları çiyinlərində yola hazır şəkildə əvvəlcədən təyin olunmuş yerə toplaşmışdıq. Bizi mənzil başına çatdıracaq mikroavtobusda hər kəs öz yerini tutandan sonra üzü Azərbaycanın incisi olan Ordubada tərəf yolumuz başladı. Qrup üzvlərinin mütləq əksəriyyəti Parağaçay yaşayış məntəqəsini görmədiklərindən bu səfər onların hər birində böyük maraq və həyəcan doğururdu.

Maraqlı söhbətlərin, şən əhvali-ruhiyyənin müşayiəti ilə Naxçıvan-Ordubad magistralında rəngarəng mənzərələri geridə qoyaraq yolumuza davam edirik. Avtomobilimiz geniş tarlaları, yaşıl bağları ötüb Sabirkənd istiqamətinə dönəndən sonra təbiət bizi başqa bir aləmin ağuşuna salır. Gilançay vadisi boyunca uzanan yaşıl zolaq və qara örtüklü yol bizi mənzilbaşına daha sürətlə yaxınlaşdırır. Keçib getdiyimiz yaşayış məntəqələrinin hər birində müasir quruculuq ünvanları bizi müşayiət edir.

İndi təbiətin elə bir dövrüdür ki, hər qaya, hər torpaq, hər daş yaşıl örtüyə, al-əlvan çiçəklərə bürünüb. Bu isə səfər iştirakçılarına daha müsbət emosiyalar bəxş edirdi. Elə ki Parağaçay yoluna çıxdıq, gözlərimiz qarşısında açılan mənzərəni ifadə etməkdə həqiqətən söz aciz qaldı. Ucsuz-bucaqsız dağlarla sonsuzluğa uzanmış səma sanki hardasa uzaq üfüqdə bir-biri ilə qovuşmuşdu. Bu qovuşuğun ortasında isə bizi aparan yol uzanır, hey uzanırdı.

Layihə iştirakçılarının hər biri bu ecazkar mənzərələri fotoların, videoların yaddaşına köçürməyə tələsir. Çünki hər ötən an təbiəti bir az da dəyişir; indi çəkdiyin mənzərəni bir anın içində başqa bir mənzərə əvəz edir. Uca dağların başında özünə məskən salan buludlar yağış dolu ətəyini yamaclara qədər salaraq xalı kimi bürüyüb bu yerləri. Qəsəbəyə çatmağa lap azca qalmış, zirvələrin ətəyindəki münasib bir yerdə mikroavtobusumuz dayanır və hər kəs növbəti fotoları çəkməyə can atır. Çünki bu mənzərələr hər yerdə ələ düşməz.

Bu təbiətin hər gözəlliyini lentə alan layihə iştirakçılarının təəssüratları mənim üçün maraqlıdır. Onlardan bir neçəsi ilə həmsöhbət oluram.

"Naxçıvanı qürurla paylaşırıq" komandası olaraq budəfəki səfərimizin Zəngəzur silsiləsinin ətəyində yerləşən Parağaçay qəsəbəsinə olduğunu eşidəndə buranı görmək mənim üçün bir marağa çevrildi",- deyə sözə başlayan Zülfüqar Qurbanlı Şahbuz rayonunun Kükü kəndində yaşayır. Dedi ki, bir neçə gün əvvəldən hazırlaşdığımız bu səfər düşündüyümdən də yaxşı keçir. Ordubad rayonunun yaşıllığa bürünmüş dağ kəndlərindən keçərək Parağaçaya çatanda gözlərim önündə ilk açılan mənzərə başı qarlı, dumanlı-buludlu dağların möhtəşəm görüntüsü oldu. Mənzərəsi ilə sanki nağıllar aləmini xatırladan bu yeri görmək, gəzmək və komanda şəklində çalışıb çəkdiyimiz foto və videoları buralara gəlmək, görmək imkanı olmayan insanlara təqdim etmək hər birimiz üçün qürurvericidir.

Kəngərli rayonundan olan gənc fotoqraf Pünhan Məmmədli deyir ki, buranı çox az insan bilir. Xarici ölkələrə gedib çoxlu pul xərcləyən insanlar bura haqqında məlumatlı olsalardı, şübhəsiz ki, seçimlərini dəyişərdilər.

Naxçıvan şəhərindən səfərə qoşulan, daha çox peyzaj fotoqrafiyası ilə məğul olan Namaz Namazovun fikirləri isə daha maraqlıdır. Çünki o buranın təbiətinə tam bir şair ruhu və yaradıcı insan baxışı ilə yanaşır: “Parağaçay - bir neçə ildir arzusunda idim bu yerlərin. Qapıcığın ətəyində tarixin kənarı qatlanmış səhifələri kimi qalan bu qəsəbəni gəzmək, bir fotoqraf kimi öz albomuma burdan bir neçə foto əlavə etmək. Dağ ətəyindən zirvəyə doğru uzanan yolları keçdikcə arzumun yerini sevinc hissi aldı. Sıldırımlı yolların sonunda qarşıma çıxan o qəsəbə - təbiətin öz rəng ahənginə qatdığı Qapıcığın çırağı. Sanki bir rəssamın şah əsəridi bu qəsəbə, dağlarından süzülən sulardan təbiətindəki hüzurun ən zənginini yaşamaq kimidir burda keçirdiyim saatlar. Bir şairin hisslərinin hecalara vurğusu kimi, şeir kimi bir qəsəbə oxudum gözlərimə”.

“Bir layihə iştirakçısı kimi fikirlərimi izah etməyə çalışsam, xoş təəssüratlarımı əsla bitirə bilmərəm, - deyə Şərur rayonundan olan Mahsun Qasımlı söhbətə qoşulur. Mən bu dağları, bu qəsəbəni İsveçrənin kəndlərinə bənzədirəm. Eyni təbii mənzərəni görürəm. Xoş xatirələrlə geri dönəcəm. Ancaq  bu son deyil, biz yenə davam edəcəyik”.

Layihənin Culfa rayonundan olan iştirakçısı Pnar Yusifli isə fikirlərini belə izah edir: “Təbiət ilhama çağırır məni! Zirvəsi göylərə dirənən Zəngəzur dağları, yamyaşıl meşələri, möhtəşəm yolları, yol boyu uznanan dağların ezakarlığı, göz işlədikcə uzanıb gedən buludlar - bu gözəlliyə biganə qalmaq mümkünmü? Naxçıvanın hər qarışında bir qədimlik, tarix, gözəllik olduğunu bilirdim. Amma  Parağaçayda bu gözəlliyin başqa bir aləmini də kəşf etdim. Bu aləmi sözlərlə təsvir  etmək çox çətindir”.

"Təəssüratları hansısa cümlələrlə izah etmək mənim üçün həmişə çətin olub. Çünki elə gözəlliklər var ki, deyib yazmaqla deyil, görüb hiss etməklə yaşamaq lazımdır", – deyərək fikirlərini bölüşən Sara Əsədova Ordubadda yaşayır. Maraqlı bir bənzətmə edərək dedi: “Aş necə ki yeməklərin şahı hesab olunursa, mənə görə Parağaçay qəsəbəsi də Ordubadın şah bölgəsidir. Elə biz də bu gözəllikləri gəzib, görüb və sözün əsl mənasında qürurla paylaşırıq”.

... Hər kəs fotolardan tanıdığı və hansısa bir Avropa ölkəsinə bənzətdiyi kiçik, kiçik olduğu qədər də diqqətçəkən, sərhəddə torpaq, vətən sevgisinin, dövlət qayğısının timsalına çevrilən bu unikal qəsəbəni görmək üçün səbirsizlənirdi. Nəhayət, başı buluddan nəm çəkən, hələ də yarıya qədər qarla örtülmüş Qapıcıq zirvəsi ilə üzbəüz, dağların yamacında özünə məskən edən Parağaçaydayıq.

Yaz buralara ayağını hələ yenicə qoyub. Ağacların bir qismi artıq yaşıllaşmağın ilk nişanələrini göstərsə də, bəzi ağaclar hələ yenicə canlanmağa başlayıb. Dağların sinəsi artıq yaşıl libasını geyinməyə can atır. Qapıcığın zirvəsi dumandan görünməz bir örtüyə bürünüb. Görünən qarlı zirvədə vətən oğulları sərhədlərimizin keşiyini çəkir. Dağın zirvəsində guruldayıb aləmi lərzəyə salan şimşəklər kimi qalib ordunun əsgərləri də düşməni lərzəyə salıb onlara qorxu verir və Qapıcığın çırağını yandırmağa davam edirlər...

Qəsəbəyə ecazkar mənzərəsi açılan dağ döşlərindən birini özünə məskən seçən səyyahlar çadırları qurub samovara od salaraq Ordubad limonlu bir stəkan çay və Ordubad sucuğu ilə yolun yorğunluğunu atmağa çalışırlar. Səfər iştirakçılarının bir qismi ilə də burda həmsöhbət oluram.

Naxçıvan şəhərindən olan Nilüfər Ağayeva deyir ki, burdan ayrılmaq vaxtı yaxınlaşdıqca içimdə sanki bir kədər yaranır, geriyə qayıtmaq istəmirəm. Özümü bura aid hiss edirəm. Elə bil ki doğma evimdən ayrılıram.  M.Arazın "Bəlkə bu yerlərə birdə gəlmədim, duman, salamat qal, dağ, salamat qal" misraları düşüncələrimdə  əks-səda edir. Ancaq mən nə dumanla, nə də dağla sağollaşmıram. Özümə söz verdim ki, Parağaçay qəsəbəsinə yenidən gələcəyəm.

Layihənin Culfa rayonundan olan daha bir iştirakçısı Kəramət Əliyev deyir ki, bu layihənin iştirakçısı olduğu üçün özünü çox şanslı hiss edir. İştirakçılar muxtar respublikanın ayrı-ayrı yerlərindən olsa da, hər birimizin məqsədi eynidir: Naxçıvanı tanıtmaq, təbliğ etmək. Bu işi bizə sevdirən isə dəyərli izləyicilərimizdir.

Layihənin Naxçıvan şəhərindən olan xanım iştirakçılarından Zəhra İsmayılova söhbətə qoşularaq onu da qeyd etdi ki, bizi bu yolda bir amal birləşdirib – Vətən sevgisi. “Naxçıvanı qürurla paylaşırıq” layihəsinin növbəti səfəri olan Parağaçay ilk dəfə gördüyüm yer olaraq unudulmaz təbiət mənzərələri və əlbəttə ki, səmimi insanların əhatəsində keçən möhtəşəm bir gün kimi yaddaşımda qaldı. Çox sevindirici hal o oldu ki, torpağına, vətəninə inanılmaz sevgisi olan gənclərimizi bu layihə vasitəsilə tanıdım. Naxçıvanın belə gözəl bölgələrini kəşf etmək və gördüklərimi insanlara çatdırmaq mənim üçün çox qürurvericidir. Biz Naxçıvanı hər yerdə qürurla paylaşırıq.

Qrupun gənc üzvlərindən Rizvan dedi ki, havanın yağışlı olması hər kəsi olduğu kimi məni də həyəcanlandırırdı. Amma buna baxmayaraq xoş əhvali-ruhiyyə ilə bura qədər gəlib çıxdıq. Uzun, uçurumlu, sıldırımlı, qayalı yolu keçərək Parağaçaya qədər gələ bilməyimiz məni çox sevindirir. Açığı burdan ayrılmaq istəməzdim.

"Bura öz təbiəti, mədəniyyəti, tarixi, insanları ilə bir dəyərdir. Parağaçayı gəzmək məndə xoş təəssürat yaratdı",- deyən Ağabala isə Süleyman Rüstəmin bir şeiri ilə fikrini yekunlaşdırdı:

Vətənimin seyrinə çağırıram elləri,

Sərvət görmək istəyən Azərbaycana gəlsin.

Bəzənib başdan-başa şəhərləri, kəndləri,

Cənnət görmək istəyən Azərbaycana gəlsin.

Səfərə Ordubaddan qoşulan Hacı Sadiqov deyir ki, gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. Mən isə gəzməyə də, ölməyə də öz vətənimi seçərdim. Doğulduğum, boya-başa çatdığım cənnət məkan Ordubadımı. Naxçıvanı tanıtmaq üçün səfərbər olmuş gənclərin içində olmaq və hətta mənə doğma olan Ordubadı - Parağaçay qəsəbəsini gəzmək, oranın səfalı təbiətini çəkib, yaxın tarixini sosial şəbəkələrdə paylaşmaq mənə xüsusi zövq verdi.

Naxçıvan şəhərindən olan layihə iştirakçısı Şəmil Şahməmmədli söhbətə qoşularaq Hacı Sadiqovun fikirlərinə qüvvət verir: “Parağaçay qəsəbəsinə səfərimizdən sonra anladım ki,  elə gəzməyə də, ölməyə də Vətən yaxşıdır. Açığı deyim, bu yerlərə ilk dəfə idi gəlirdim. Ordubadın bir-birindən gözəl kəndlərinin yaratdığı xoş təəssüratlarla və yenidən imkan düşən kimi həmin yerlərə baş çəkmək arzusu ilə qısa müddətli səyahətimizi başa vururuq. Mənim üçün unudulmaz səfər kimi yaddaşıma həkk olundu”.

Layihə iştirakçıları ilə söhbətim, onların səmimi fikirləri məndə bir məsələyə xüsusi əminlik yaratdı; qəsəbənin mənzərəsini, buranın təbiət gözəlliklərini, Qapıcıq zirvəsinin və Zəngəzur silsiləsinin möhtəşəm gücünü, qüdrətini foto-videoların yaddaşına həkk edən səfər iştirakçılarının bir məqsədi var: bu yerlərin təbliği, təbiətimizin, torpağımızın gözəlliklərinin tərənnümü, buraları görməyən insanlara tanıdılması. Vətəni sevməyi isə onların hər biri öz fikirlərində, işlərində özünəməxsus şəkildə ifadə ediblər artıq...

Muxtar respublikanın dörd bir yanından olan, müxtəlif peşələrə sahib, hamısını gənclərin təşkil etdiyi bu sosial şəbəkə istifadəçiləri könüllü olaraq Naxçıvanı sosial şəbəkələrdə fəxrlə təbliğ edirlər. Bu paylaşımlardan o yerləri daha yaxından tanımaq imkanı qazanırıq. Naxçıvan haqqında ictimai rəyin formalaşdırılması, əhalinin məlumatlandırılmasında bu şəbəkələrdən aktiv istifadə edən naxçıvanlıların rolu danılmazdır.

Muxtar respublikanın ən fəal sosial şəbəkə istifadəçiləri ilə birlikdə elimizi, obamızı qarış-qarış gəzərək bölgələrimizin tarixini, təbiətini, mədəniyyətini, adət-ənənələrini, bugünkü müasir mənzərəsini böyük zövqlə telefonun yaddaşında əbədiləşdirib, sətirlərə köçürüb dünyaya təqdim edirik. Naxçıvanın bilmədiyimiz və ya sosial şəbəkələrdə görmədiyimiz belə möhtəşəm yerləri olduqca çoxdur. Və əcnəbi turistlər belə məkanlara daha çox üz tuturlar. Atalar yaxşı deyib; yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Buna görə də hər şey təsvir edilməz, bəzən göstərmək kifayətdir. #naxçıvanıqürurlapaylaşırıq haştağı ilə mütəmadi olaraq  yenilənən və artan dinamika ilə inkişaf edən Naxçıvanın təbliğatı ilə bağlı paylaşımları izləyə bilərsiniz.

PS. Ötən ilin may ayında jurnalist həmkarım Sara Əzimova ilə qonağı olduğumuz Sərxan kişiyə baş çəkməyi də unutmuruq. Bu dəfə də bizi sevinc və böyük qonaqpərvərliklə qarşılayır. Samovara od salıb bizi qonaq etməyə tələsir. Özünün hazırladığı qatıqdan, pendirdən, baldan təklif etməyi də unutmur. Varın verən utanmaz, deyiblər...

Parağaçayda olduğumuzdan bəri dolan buludlar axşamtərəfi artıq yükündən azad olmağa başlayır. Biz də yolumuzu nəzərə alaraq dağlarla sağollaşıb üzü Naxçıvana tərəf hərəkət edirik. Bizi dağlardan Parağa kəndinə, oradan Naxçıvan – Ordubad magistralına, oradan isə Naxçıvana kifayət qədər uzun bir yol gözləyir. Karvan isə yoluna davam edir. Növbəti dəfə Naxçıvanı qürurla paylaşmaq üçün diyarımızın zəngin tarixə, əsrarəngiz təbiətə, cəlbedici turizm potensialına malik növbəti yaşayış məntəqələrindən birində görüşənədək...

 

Məmməd Babayev

Naxçıvan – Parağaçay – Naxçıvan

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: