Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondundan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən pensiya hüququ yaranan 171 vətəndaşın 132-si yaşa görə, 11-i əlilliyə görə, 28-i isə ailə başçısını itirməyə görə əmək pensiyasına çıxmış vətəndaşlardır. Pensiya təyin olunan vətəndaşlardan 157 nəfərinə qanunvericiliyə əsasən ilk dəfə təyinat olub, 14 nəfərin isə pensiya növündə dəyişiklik edilib.
Ay ərzində Fond tərəfindən pensiyaların ödənilməsinə 17 milyon 540 min manat, məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərə isə 329 min manat vəsait xərclənib. Eyni zamanda sığorta prinsipi ilə pensiya alanların hər birinə 2022-ci il üzrə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın ikinci rüb üzrə 50 manatı da pensiya ilə birlikdə ödənilib. Bundan əlavə qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına pensiya məbləğlərinin 10 faizi məbləğində maddi yardımın ödənilməsi də təmin edilib.
Ötən ay müvafiq qurum tərəfindən məcburi dövlət sosial sığorta haqqı üzrə 10 milyon 881 min 800 manat vəsait yığılaraq fondun xəzinə hesabına köçürülüb ki, bu da nəzərdə tutulan məbləğdən 18 faiz çoxdur. Pensiya və müavinətlərin ödənişinə ayrılan vəsaitin 60,1 faizi məcburi dövlət sosial sığorta haqqı olaraq muxtar respublikada yığılıb. 1244 nəfərə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilib. Bundan əlavə, deputatların, hərbi qulluqçuların, məhkəmə və hüquq-mühafizə orqanlarının əməkdaşlarının icbari şəxsi sığortası sahəsində müvafiq işlər görülüb, sığortaedənlər tərəfindən 229 min 245 manat vəsait fondun xüsusi hesabına köçürülüb. Hesabat dövründə 3 hüquqi şəxs və 253 fiziki şəxs məcburi dövlət sosial sığorta ödəyicisi kimi uçota alınıb. Fərdi uçot sistemində isə yeni əmək fəaliyyətinə başlayan 424 sığortaolunana şəxsi hesab açılıb.