“Əxlaqi-Nasiri” əsərində tərbiyə məsələləri və ailə dəyərləri - Söz tələbə jurnalistlərindir

A- A A+

İnsanın əqidəsinin formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində mütaliənin rolu müstəsna əhəmiyyət kəsb edir. Kitab qiymətli xəzinədir, bu xəzinədən mümkün qədər faydalanmaq lazımdır. Bununla yanaşı, kitab seçimi də diqqət tələb edən məsələdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş oxunması zəruri olan kitabların əhəmiyyəti böyükdür. Bu kitablar gənc və yeniyetmələrin idrak qabiliyyətlərinin formalaşmasına, həyatın mənasını dərk etmələrinə şərait yaradır. Çünki mənəvi sərvət o zaman parlaq olur ki, elmdən, kitabdan qidalanır. Siyahıya daxil olan kitablardan biri də Nəsirəddin Tusinin “Əxlaqi-Nasiri” əsəridir.

Nadir istedad sahibləri öz yaradıcı təfəkkürləri ilə əsrlərin qovğalarından sıyrılaraq həmişə gələcəyə üz tutublar. Belə şəxsiyyətlərin ərsəyə gətirdikləri həmişə sənətin və insanlığın zirvəsində dayanır. Bu görkəmli şəxsiyyətlərdən biri də XIII əsrdə yaşamış riyaziyyat və astronomiya alimi, əxlaq nəzəriyyəçisi Mühəmməd Nəsirəddin Tusi (1201-1274) olmuşdur. Alimin “Evklidin şərhi”, “Hərəkətdə olan yer kürəsi”, “Almacestin təhlili”, “Gecə və gündüz”, “Teleskop haqqında”, “İki göy cismi”, “Günəşin çıxması və qürubu”, “Kainat cisimlərinin zühuru”, “Kürə və silindr”, “Konuslar”, “Dairənin kvadratlanması”, “Şüanın istiqaməti və əks olunması”, “Əxlaqi-nasiri”, “Başlanğıc və son”, “Təqvim və ulduzların seyri” və s. başqa cəmi 100-dək əsəri neçə əsrdir ki, dünyanın ən böyük alimləri tərəfindən öyrənilir, təhlil və tədqiq olunur. Həmçinin onun əsərləri Avropada həndəsə və triqonometriyanın inkişafında mühüm rol oynamışdır. Lakin Tusini şərq xalqlarına sevdirən isə onun “Əxlaqi-Nasiri” əsəridir. “Əxlaqi-Nasiri” ilə Şərq xalqlarının elm-maarif və pedaqoji fikir tarixinə Şərq xalqlarının əxlaq nəzəriyyəçisi kimi daxil olmuşdur.

Tusi “Əxlaqi-Nasiri” əsəri ilə demək olar ki, özündən əvvəl Yaxın və Orta Şərqdə hökm sürən əxlaqi-fəlsəfi fikirlərə yekun vurmuş, bunların yığcam icmalını verməklə öz orijinal fikirlərini də buraya əlavə emişdir.

Dilinin səlisliyi ilə şöhrət tapan bu əsər 700 ildən artıq bir müddətdə mədrəsələrdə əxlaq dərsliyi kimi istifadə edilmişdir. Tədqiqatçı-alimlər “Əxlaqi-Nasiri” əsərini əxlaq kodeksi daşıyan “Qurani-Kərim”dən sonra insanı həyatda düzgün mövqe tutmağa istiqamətləndirən ikinci müqəddəs əsər hesab etmişlər. 

Tusi bu əsərdə əsasən özünün fəlsəfi, əxlaqi, ictimai və siyasi fikirlərini verməyə çalışmışdır. Əsərdə hüquq, fəlsəfə, iqtisadiyyat, psixologiya barəsində fikirlər yer alsa da, uşaq tərbiyə etmək qaydaları haqqındakı görüşlər, xoşbəxt cəmiyyətin qurulması haqqında ideyalar daha çox ön plana çəkilmişdir. Müəllif əsərin “Övlad saxlamaq və tərbiyə etmək qaydaları” bölməsində uşaqların təlim və tərbiyəsinin formalaşmasının vacib olan məqamlarına toxunmuşdur. O yazır: “Uşağa ilk növbədə yaxşı bir ad qoymaq lazımdır. Namünasib ad qoyulsa, uşaq bütün ömrü boyu bundan xəcalət çəkər, qanı qaralar. Sonra ağıllı və sağlam dayə tapmaq lazımdır, çünki pis adət və xəstəliyin çoxu süd vasitəsilə uşağa keçər:

Südəmər bir uşaq tutmamış maya,

Tutmayın siz axmaq, xəstə bi daya.

Süd ilə bədənə girərsə azar

O, bəndən yalnız öləndə çıxar.

Burada “dayə” sözü müasir dilimizdə olduğu kimi uşağı saxlayan, ona qulluq edən şəxs kimi yox, özgə uşaqlarına öz südünü verib bəsləyən qadın mənasında öz əksini tapmışdır. Bir nüansı da qeyd etmək yerinə düşər ki, həqiqətən də bir çox mənəvi və əxlaqi keyfiyyətlər məhz süd vasitəsilə uşağa ötürülür. Araşdırmalar nəticəsində müəyyən olunub ki, təbii ana südü ilə qidalanma körpələrin uzunmüddətli beyin inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir göstərir. Tusi də burada məhz həmin məqamları vurğulamışdır.

Həmin bölmədə digər bir məqam isə uşağın lap kiçik yaşlarından təlim-tərbiyəyə cəlb edilməsidir. Əsərdə bu haqda deyilir: “Həkim Sokratdan soruşdular: Sən nə üçün çox vaxt yeniyetmələrlə həmsöhbət olursan? O dedi: Ona görə ki, nazik və tər budaqları düzəltmək asandır, təravəti getmiş, qabığı qurumuş, üzü bərkimiz ağacı düzəltmək isə mümkün deyildir”. Böyük mütəfəkkirə görə, uşağı körpəlikdən tərbiyə etmək, balaca ikən pis adətlərə, bəd əməllərə nifrət yaratmaq lazımdır. O qeyd etmişdir ki, ilkin tərbiyəni verdikdən sonra dərslə məşğul olub, elm öyrətmək olar.

Tusi məsləhət görür ki, uşağı mehribanlıq və məhəbbət doğuran xoş kəlamlarla tərbiyə etmək lazımdır. O, eyni zamanda uşağa çox pul verməyi, şirnikdirməyi, onun yersiz istək və arzularını yerinə yetirməyi məsləhət görmür. O, eyni zamanda uşağı çox danlamağı, hər şeyi ona qadağan etməyi də məsləhət görmür. Çünki uşaq qadağan olan şeylərə həvəskar olar, quru nəsihətə qulaq asmaqdan bezər, daha çox hiylələrə əl atar.

Görkəmli alimin sənət seçmək haqqında söylədiyi fikirlər də pedqoji baxımdan dəyərlidir. Onun fikrinə uşağın hər hansı bir peşəyə qabiliyyəti və həvəsi yoxdursa, onu həmin sahəyə məcbur etmək olmaz. Tusi peşə seçməklə fitri istedadın inkişaf etdirilməsini çox vacib və əhəmiyyətli hesab edir.

Tusi “Əxlaqi-Nasiri” əsərində ailə və mənzil ilə bağlı fikirlərini də bildirmişdir. Əsərdə “mənzil” dedikdə bina deyil, aralarında müəyyən ictimai, mədəni münasibət olan ailə nəzərdə tutulur. Ailə özü də kiçik bir dövlətdir. O yazır: “Bilmək lazımdır ki, burada “mənzil” dedikdə kərpic, palçıq və daşdan tikilən bina nəzərdə tutulmur. Bu, elə bir xüsusi quruluşdur ki, orada ərlə arvad, valideynlə övlad, xidmət edilənlə xidmət edən, mal sahibi ilə mal arasında müəyyən münasibət olmalıdır”. Tusiyə görə, ailə sağlam olarsa, varlılığı da, kasıblığı da sınaq kimi qəbul edər və yaşadıqları çətinliklərdən sarsılmaz. Həqiqətən də təməli sağlam qoyulmuş, bir-birinə qarşılıqlı hörmət bəsləyən ailə üçün, daşdan, mərmərdən tikilmiş evdə və yaxud komada yaşamağın fərqi yoxdur. Onlar bir ömür boyu səadət içində yaşayacaqdır. Böyük mütəfəkkir ailəni bütöv bir bədənə, ailə üzvlərini bədən üzvlərinə oxşadır, ailə dolandırmaq sənətini isə bədəni sağlam saxlamaq istəyən həkimlik sənəti ilə müqayisə edir. “Təbib insan bədəni, üzvləri arasında münasibətin sağlamlığına necə fikir verirsə, ailə başçısı da bütün ailə, eləcə də onun üzvləri arasında olan münasibətlərə diqqət yetirməlidir.” Buradan belə bir nəticəyə gəlmək olar ki, ailədaxili münasibətdə hiss və düşüncələr açıq deyilməli, qarşı tərəfi dinləməyi bacarmaq lazımdır. Bu, problemlərin vaxtında həllinə, münasibətlərin möhkəmliyinə və tərəflərin bir-birinə etimad göstərməsinə kömək edir. Sağlam ailə mühiti sağlam cəmiyyətdir.

 

Babayeva Gülarə

Azərbayan dili və ədəbiyyatın tədrisi

metodikası və metodologiyası

I kurs magistrant

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: