Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

A- A A+

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti may ayının ilk 15 günü ərzində bir sıra qərarlar qəbul edib.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Nazirlər Kabinetinin 2022-ci il 4 may tarixli Qərarı ilə “Koronavirus pandemiyası dövründə Naxçıvan Muxtar Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”ında dəyişiklik edilib. Dəyişikliyə əsasən ölkədaxili uçuşlar zamanı sərnişinlərdən koronavirusa dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur.

Nazirlər Kabinetinin 2022-ci il 5 may tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nda dəyişiklik edilərək bundan sonra dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması üçün lisenziya verilməsi zamanı Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin rəyi tələb olunmayacaqdır.

Bundan başqa, Nazirlər Kabinetinin 2022-ci il 6 may tarixli Qərarına əsasən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının adı Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı ilə əvəz edilib. Eyni zamanda Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib.

Həmçinin Nazirlər Kabinetinin 2022-ci il 10 may tarixli Qərarı ilə “Naxçıvan  Muxtar Respublikasının prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə və onların ailə üzvlərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası”nın təsdiq edilməsi barədə” və “Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşının maddi və sosial təminatı ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” qərarlarında dəyişiklik edilib. Dəyişikliyə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanlarında və daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan orqanların əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı üçün yaşayış məntəqəsindən asılı olaraq pul kompensasiyasının verilməsi zamanı işçinin ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin, 15 yaşına çatmamış uşaqların doğum haqqında şəhadətnamələrinin və ailə üzvlərinə aid olması barədə digər sənədlərin notariat qaydasında təsdiq edilmiş surəti tələb olunur. Məlumat üçün qeyd edək ki, bu yaş həddi bundan əvvəl 16 yaş həddi olaraq müəyyən edilib.

Nazirlər Kabinetinin 2022-ci il 12 may tarixli Qərarı ilə “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasının təmin edilməsi ilə əlaqədar Nümunəvi Formalar”ın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilib. 

Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: