Bir gün hər kəs mütləq bizə bəxş edilən bu ömrün son dəmlərinə gəlib çatacaq. Əgər normal, sağlam həyat tərzimiz varsa, bu dövrü yaşayacağıq. İstər qəbul edək, istərsə də etməyək və ya bu dövr bizə çox uzaq gələcək kimi görünsün, bu yaşanacaq təbii haldır. Bunu nəzərə alıb empatiya edək. Düşünün ki, ətrafınızda enerjili və gənc insanlar var. Siz isə nə qədər pozitiv olsanız da, insanların yaşadığı bu həyat tərzini illər öncə yaşayıbsınız. Bəlkə onlara uzun müddət baxıb, ötən və geri dönməsi qeyri-mümkün olan o illəri arzulayırsınız. Bəlkə də, istəklərinizi reallaşdıra bilmədiyiniz üçün, “kaş ki”lərlə başlayan düşüncələr axınında boğulursunuz. Bunlar bir kənara, həmin zaman hansı ehtiyaclarınız olacaq? İsti geyim, yaxşı yemək, təzyiq və şəkər dərmanları?.. Yox, məncə, bunlarla bitmir. Bəs səmimi ailə, gediş-gəlişli qohum münasibətləri, toy bayramda ağsaqqal, ağbirçək kimi yad edilmək, hörmət, qayğı görmək necə? Əsas məsələ bax budur. İnsanın bircə dəfə yaşadığı bu həyatda, ömrünün son dəmlərində hörmət görməsi, əl üstündə tutulması qədər xoş nə ola bilər ki? Təəssüf ki, hər kəsə bu xoşbəxtliyi yaşamaq qismət olmur.
Bəzi insanlar saçlarına dən düşən yaşa gələndə onunla maraqlanan, bir ehtiyacı olan zaman ona kömək edəcək şəxslərə sahib olmurlar. Bu cür insanlar isə məcburi şəkildə qocalar evinə üz tuturlar. Düzdür, qocalar evində onlar səfalət içərisində, zindan həyatı yaşamırlar, lakin kimsəsizliyin yükünü içində daşıyanlara hər yer zindan gələr...
Bir dəfə, hələ məktəbdə oxuyarkən, sinifimizlə Novruz bayramı münasibətilə Şahbuzdakı qocalar evini ziyarət etmək qərarına gəldik. Sinif rəhbərimiz onlar üçün bayram payı hazırlayacağımızı dedi. Oradakı qocalar, əlbəttə, hər şeylə təmin olunmuşdu, amma biz yenə də onlar üçün cib dəsmalı, yun corablar, şarf, şal və pencəklər almışdıq. Hədiyyələrimizi də götürüb yola düşdük.
Məkana çatdığımız zaman içəriyə daxil olduğumuz hələ ilk andan qəribə bir hiss bürüdü məni. Sanki buradakı sakinlərin dərdləri bu divarlara hopmuş, divarlar isə yeni üzləri görüb dil açmışdı. İçəri keçdik, təxmini 10-15 yaşlı yanaşı düzülən stullarda əyləşmişdi. Onlardan bəziləri kövrək, bəziləri isə qürurlu baxışlarla bizi süzdülər. Daha sonra onlarla ünsiyyətə keçib, aramızda isti bir münasibət qurduq.
Onları qocalar evinə gətirən səbəblər fərqli idi. Kimisi həmin səbəblərdən söz açır, kimisi isə inandırıcı olmadığını bilsə də, evdəki səs-küydən qaçıb, buraya sakitlik tapmağa gəldiyini deyirdi.
Lev Tolstoyun dediyi kimi: “Xoşbəxt insanlar bir-birinə bənzəyir, bədbəxt insanlar isə hərəsi bir cür bədbəxtdir”. Hansını dindirsən, gözləri dolur, əlləri titrəyirdi. Sanki dərinlərdəki küskünlükləri üzə çıxırdı. Çünki şəraitləri nə qədər mükəmməl olsa da, doğmalarının, canlarından bir parça olan övladlarının üz döndərdiyi bu insanlar son iqamətgahlarında bu reallığı dərk edərək yaşayırdılar.
Bu ömür yolunun başında olan, hələ bərkə-boşa düşməyən biz gənclərə ən təsir edən söz orada illərdir yaşayan yaşlı bir nənənin sözləri oldu: “Çox nüfuzlu bir universitet bitirdikdən sonra öz istəyimlə, rəhmətlik həyat yoldaşımla sevərək ailə həyatı qurdum. Daha sonra bitirdiyim universitetdə işə düzəldim. Çox çalışdım, uğurlarımı artırdım, artıq bütün istəklərimə nail olurdum. Daha sonra bir övladım oldu. Həyatım beləcə xoşbəxt davam edirdi. Lakin həyat yoldaşımı itirdikdən sonra tək oğlum da başqa şəhərdə oxumağa getdi. Daha geri qayıtmadı. Bu tənhalıq, səssizlik məni çox sıxdı. Baş götürüb bura qaçdım. İllərdir burada yaşayıram. Oğlumla isə çoxdandır görüşmürük, bilmirəm sağdır, yoxsa yox...”
Bu sözlər mənə çox şey öyrətdi. Bu fani dünyada insana qalan tək şey yaşadığı gözəl anlardır. Həyatımızın, hər anımızın qədrini bilməliyik və unutmamalıyıq ki, bu cür qayğıya ehtiyacı olan insanların adicə xətrini soruşmaq belə onları necə xoşbəxt edir. Bu bizim insanlıq borcumuzdur.
Şairin də dediyi kimi:
Əzəldən belədir çünki kainat,
Cahan daimidir, ömür amanat.
Əldən-ələ keçir vəfasız həyat,
Biz gəldi-gedərik, sən yaşa, dünya!
Aysel Nuriyeva
Jurnalistika ixtisası üzrə II kurs tələbəsi