Beynəlxalq Muzeylər Günü ilə bağlı tədbir keçirilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi tərəfindən “Naxçıvan muzeyləri və milli-mənəvi dəyərlərin təbliği” mövzusunda tədbir keçirilib.

Naxçıvan Dövlət Universitetində keçirilən tədbirdə mərkəzin elmi katibi Nihad Tarverdiyev çıxış edərək muxtar respublikada muzey şəbəkələrinin genişləndirilməsi və fondlarının zənginləşdirilməsi istiqamətlərində görülən işlərdən danışıb.

Naxçıvan Dövlət Universitetinin Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Məmməd Əliyev “Muzeyşünaslığın inkişaf tarixi” mövzusunda çıxış edib, ümummilli lider Heydər Əliyevin ölkəmizə hər iki rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, Azərbaycan muzeyşünaslığının inkişafında da mühüm addımlar atıldığını, bu sahədə işlərin uğurla davam etdirildiyini bildirib. Məmməd Əliyev muzeylərin ixtisaslı kadrlarla təmin olunmasında kafedranın üzərinə düşən işlərdən danışıb.

Tədbirdə sənətşünas Nizami Alıyev “Gəmiqaya Dövlət Tarix-Bədii Qoruq muzeyinin yaradılması zərurəti və muzey ərazisindəki abidələrin qeydə alınması”, Naxçıvan Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Qadir Əkbərov “Dahi şəxsiyyətlərin ev muzeylərinin təşkili milli-mənəvi dəyərlərimizin təbliğində əsas vasitə kimi” və Milli Dəyərlər Muzeyinin baş fond mühafizi Telman İbrahimov “Muzeylər milli dəyərlərimizin qorunub saxlanıldığı yerlər kimi” mövzularında çıxış ediblər.
 

Leyla Cəfərzadə
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: