Naxçıvan Muxtar Respublika Kitabxanasında yubiley tədbiri keçirilib - FOTOLAR
Bu il Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 ili tamam olur. Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında bu münasibətlə “Poeziyamızın iftixarı” mövzusunda tədbir keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədbirdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Rüstəmova bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 14 mart tarixli sərəncamına əsasən görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illik yubileyi ölkəmizdə geniş qeyd olunur. Sərəncamda da qeyd olunduğu kimi, Xurşidbanu Natəvanın yaradıcılığı həmişə diqqət mərkəzində saxlanılıb, xatirəsinin əbədiləşdirilməsi istiqamətində ölkəmizdə bir sıra tədbirlər həyata keçirilib, o cümlədən 1960-cı ildə Bakıda şairənin heykəli, 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Şuşada büstü ucaldılıb. Ermənistan silahlı qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərək buradakı tarixi-memarlıq və mədəniyyət abidələrini vandalcasına dağıdarkən güllə ilə zədələdikləri həmin büst 44 günlük Vətən müharibəsində şəhər şanlı Azərbaycan Ordusu tərəfindən azad olunduqdan sonra əzəli məkanına qaytarılıb. Bu gün Natəvanın Şuşada yenidən ucalan və möhtəşəm Zəfərimizin təntənəsini nümayiş etdirən büstü eyni zamanda xalqımızın milli mədəni irsə qayğısının rəmzi və mənəvi dəyərlərə ehtiramının təzahürüdür.
“Xurşidbanu Natəvanın yaradıcılığı” mövzusunda çıxış edən filologiya üzrə fəlsəfə doktoru, dosent Fəxriyyə Cəfərova bildirib ki, Xurşidbanu Azərbaycan mədəniyyət tarixində lirik şair və rəssam kimi şöhrət tapıb. İlk vaxtlar onun "Xurşid" imzası ilə yazdığı şeirlərin əksəriyyəti itib-batıb, yalnız cüzi bir hissəsi dövrümüzə gəlib çatıb. 1870-ci ildən etibarən şair özünə "Natəvan" təxəllüsü götürərək dərin məzmunlu qəzəllər yaradıb. Xurşidbanunun ilhamla qələmə aldığı “Eylər”, “Gətirir”, “Mən idim”, “Sən idin”, “Bənzətdim” və “Ölürəm” rədifli qəzəlləri Azərbaycan poeziyasının dəyərli inciləri sırasındadır.
Kitabxananın əməkdaşları Vəsilə Cəfərova və Aytən Məmmədova “Poeziyamızın iftixarı - Xurşidbanu Natəvan” və “Təki inci kimi parlayan Xan qızı” mövzularında çıxış edib, onun şeirlərini bədii qiraət ediblər.
Sonda “Xurşidbanu Natəvan - 190” başlıqlı sərgiyə baxış keçirilib.
Sevgili Mustafazadə