“Əlincəqala” Tarix-Mədəniyyət Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd edilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyində Beynəlxalq Muzeylər Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Culfa Rayon Mədəniyyət Şöbəsinin müdiri Pərvin Həsənov bildirib ki, Naxçıvan Muxtar Respublikasında muzeylərin fəaliyyətinin canlandırılması, yeni muzeylərin yaradılması sahəsində mühüm işlər görülür, bu mədəniyyət ocaqları muzeyşünaslığın yeni nailiyyətlərinə əsaslanaraq yaradılır, Azərbaycan tarixinin yeni uğurlu səhifələri muzey ekspozisiyalarında öz əksini tapır. Culfa rayonu ərazisindəki muzeylər, tarixi yerlər və abidələr də Naxçıvanın qədim tarixinə, zəngin mədəniyyətinə işıq tutan mühüm mədəniyyət və turizm obyektləri kimi qorunub saxlanılır. Ötən dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin müvafiq sərəncamları ilə rayon ərazisindəki Əlincə qalası, Gülüstan türbəsi, Xanəgah Abidə Kompleksi, Qazançı və Ləkətağ körpüləri kimi tarixi abidələr bərpa olunub, “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi istifadəyə verilib.
“Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin direktoru Kamal Gülmalıyev və Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülər Əhmədova çıxış edərək bildiriblər ki, 2007-ci ildə Naxçıvan Muxtar Respublikası ərazisində mövcud olan dünya əhəmiyyətli Əlincəqala tarixi abidəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 fevral 2014-cü il tarixli Sərəncamı əsasında bərpa olunub. Ərazidə tapılan dəyərli maddi-mədəniyyət nümunələri və Əlincə qalası haqqında müxtəlif nəşrlərin nümayiş etdirildiyi “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi yerli sakinlərin və xarici turistlərin diqqətini cəlb edir.
Tədbir iştirakçıları muzeyin ekspozisiyasına da baxıblar.
Sevgili Mustafazadə