İki dağ arasında - FOTOLAR

A- A A+

Növbəti tətil günlərindən birində təbiət qoynunda istirahəti təmin etmək və yaşadığımız torpağın gözəlliklərindən zövq almaq üçün bir qrup yoldaşımızla təşkil etdiyimiz ənənəvi gəzintilərdən yenisinə başlayırıq. Bu fəsildə adamın istirahət gününü evdə keçirməyə heyfi gəlir. Yaz günəşinin şəfəqləri, arabir dolub-boşalan buludlar, ayrı-ayrı saatlarda torpağı isladıb ona can verən yağış, bütün aləmin qərq olduğu zümrüd yaşıllıq insanı təbiətdən zövq almağa çağırır. Harada yaşamağımızdan, hansı mühitdə böyüməyimizdən asılı olmayaraq insanoğlu həmişə təbiətlə iç-içə olmağa, onunla bütövləşməyə can atıb. Çünki  o özü də təbiətin bir parçasıdır.

Yaz mövsümü ana təbiətin yenidən dirilişidir. Qış şələsini yığışdırıb bu yerlərdən getdikcə aylardır qış yuxusunda olan canlı aləm yenidən oyanır. Canlı aləmin oyanışı cansız nəsnələrə də yeni bir həyat bəxş edir. Qupquru torpaq, qışın soyuğunda buz kimi, yayın istisində isə od kimi olan cansız daş və qayalar yazın əvvəlindən başlayaraq yeni həyata qovuşur. Bitkilərin kök salıb – həyat tapdığı torpaq aləmi yaşıllığa qərq etdikcə cansız daş-qaya da bu aləm içində canlanırmış kimi görünür. Çünki onlar da bu təbiətin bir parçasıdır. Daşı-torpağı üst-üstə yığan insanoğlu bu sayədə özünə yurd-yuva salıb bu torpaqlarda məskunlaşıb. Təbiətin min illərlə formalaşdırıb ərsəyə gətirdiyi bu yerlərin məskunlaşma tarixi insanlığın tarixi qədər qədimdir.

Geniş əkin sahələri bağlar, göy çəməndə otlayan sürülər geridə qalır. Naxçıvan - Culfa avtomobil magistralında irəliləyən avtomobilimiz sola dönüb Çeşməbasar kəndi istiqamətindən Culfa kəndlərinə doğru şütüyür. Yanyana düzülmüş bu yaşayış məntəqələrinin hər birinin simasında tarixlə müasirliyin vəhdətini müşahidə edirəm. Müasir sivilizasiyanın izləri modern dünyanın ən son texnologiyalarını tarixi-mistik mühitin, qədim ənənələrin, zəngin mədəniyyətin əhatəsində olan bu yerlərin ab-havası ilə sintez edib. Mərkəzə yaxın və ya uzaqlığından asılı olmayaraq tərəqqi və yeniləşməni, quruculuq və intibahı Culfa rayonunun ard-arda düzülmüş bu yaşayış məntəqələrinin hər birində görmək mümkündür.

Elə ki avtomobilimiz Qızılca kəndinin yaxınlığına yetişdi qarşıda açılan mənzərəni söz ilə təsvir etməkdə aciz qaldım. Göz işlədikcə uzanıb gedən bərəkətli torpaqlar, Qızılca, Əbrəqunus və Kırna kəndlərinin bağlara qərq olmuş mənzərəsi insanı valeh edir. Geniş əkin sahələrinin, yaşıl buğda zəmilərinin sərhədində isə Haçadağ bütün əzəməti ilə ucalır. Əslində bu istiqamətə gələn bütün yollarda Haçadağ görünsə də, mən deyərdim ki, onun ən möhtəşəm və heyrətamiz mənzərəsini məhz buradan müşahidə etmək olar. Sanki o, uca bir dayaq kimi göy qübbəsinin ağırlığını öz üzərində götürərək onu insan zəhmətinin bəhrəsi olan bərəkətli tarlalardan, bağlardan ayırır.

İstirahət üçün seçdiyimiz məkan isə Haçadağın buradan görünən mənzərəsinin tam əks istiqamətidir; yəni Culfa rayonunun Xoşkeşin kəndinin yaxınlığı. Kəndə doğru irəlilədikcə Haçadağın sürətlə dəyişən mənzərəsi, müasir quruculuq ünvanları olan yaşayış məntəqələrini geridə qoyuruq. Yolun hər qarışında bizi fərqli bir mənzərə müşayiət edir. Ana təbiətin bu torpağa bəxş etdiyi ən möhtəşəm “əsərlər” ilkin təəssürat yaratmaq üçün kifayət edir.

                              

                               Əlincə qalasından,

                               üç min dirsək yuxarı.

                               Gəlin, dərə yoxuşa

                               qalxaq gedək yuxarı.

Xoşkeşin kəndinin içindən keçərək dağın ətəklərinə gedən yolu istiqamət tuturuq. Bu mövsüm təsərrüfat işlərinin ən qızğın çağıdır. Torpağa tər tökməlisən ki, o da sənə zər töksün. Elə həyətyanı sahələrində üzüm bağlarının arxlarını təmizləyib yeni mövsümə hazırlayan kənd sakinləri ilə rastlaşmağımız da dediklərimizi bir daha sübut edir. Tarixən üzümün vətəni, üzümçülüyün məkanı kimi tanınan bu torpaqlarda yetişdirilən dadlı-şirəli üzüm növləri, bərəkətli məhsullar hələ sovet zamanında imperiyanın hər yerində məşhur idi. Buna uyğun olaraq da qədim üzümçülük ənənəsinə malik olan bu torpaqlarda indinin özündə də bu yerlərin zəhmətkeş insanları tərəfindən nadir, məhsuldar və dəyərli üzüm sortları becərilir.

Torpaqda çalışanlara “işiniz irəli!” deyib yolumuza davam edirik. Xoşkeşin kəndinin müasir, şəhər məktəblərindən heç nə ilə fərqlənməyən məktəbini keçdikdən sonra təpənin arxasından açılan mənzərə sanki bizi nağıllar aləminə qovuşdurur. Torpaq yolun hər iki tərəfində göz işlədikcə uzanan yaşıl zəmilər nəhayətsiz yerin hüdudunda dağlarla qovuşaraq vahid bir tablo əmələ gətirir.

Haçadağ və Əlincəqala arasında yerləşən geniş əkin sahələri bu ilin yaxşı məhsulundan xəbər verir. İki dağ arasında sərhədsizmiş kimi uzanan zümrüd düzənlik mavi göy qübbəsinin altında gözə və ruha dinclik bəxş edir. İndi bərəkətli, bol məhsullu buğda zəmiləri ilə örtülmüş bu düzənlər, yaşıl bağlara bürünmüş kəndlər bir zamanlar dünyaya səs salan Əmir Teymurun bu torpaqlardakı hökmranlıq hərisliyinə, xalqın ona qarşı mübarizəsinə, Şeyx Nəiminin ardıcıllarının - hürufilərin Tanrı sevgisinə, onun qətlinə  də şahidlik ediblər. Düşmən atlarının dırnaqları altında əzilmiş torpaqlar, düşmən döyüşçülərinin qanına boyanmış Əlincəqala əsrlər sonra xalqın mübarizlik əzminin simvoluna, vətən sevgisinin nümunəsinə çevrilib.

Bir tərəfimizdə ucalan möhtəşəm Əlincəqala, digər tərəfimizdə qərar tutan nəhəng Haçadağ iki qüdrətli sərkərdə kimi bu torpaqlara keşik çəkirlər. Onlar bu torpaqların məskunlaşmasına, yadelli basqınlarına, azadlığına, inkişafına və müasir mənzərəsinin formalaşmasına şahiddir. Onlar bu Vətənin iki igid oğludur sanki; burada doğulan, formalaşan, böyüyən və hazırda da burada “yaşayan”, tarixin bütün dövrlərinə şahidlik edən bu iki əzəmətli qardaş eyni zamanda Vətən və yurd sevgisinin nümunələri kimi bu sevgini gələcək nəsillərə də çatdırırlar: keçmişdən bizə və bizdən gələcəyə...

Səmanın və dağların maviliyi ilə düzənliyin yaşıllığı ahəngdar bir mənzərə ortaya çıxarır. Sakitcə təbiətin səsinə qulaq kəsilib bu mənzərəni seyr etmək isə insan ruhuna xoş bir dinclik bəxş edir. Əlvan çiçəklərin, çöl otlarının ətrafa yayılan ətri, quşların şən nəğmələri, zəhmətkeş arıların, haradasa uzaqda işləyən traktorun və torpaqları suvaran sakinlərin səsi xoş bir aura yaradır. Sanki həmin anda bu dünyadan qopub başqa, sirli bir dünyanın ağuşuna düşürsən. Gözlərim qarşısında uzanan dadlı-ləzzətli yabanı tərəvəzlərin - çöl pencərlərinin məskəni olan yaşıl zəmidə qazayağı, yemlik yığan uşaqların şən səsi ilə bu mənzərə daha da diqqətçəkən bir əhvali-ruhiyyəyə bürünür.

Bu yerlərin insanı həmişə torpağa bağlı olub. Sahib olduğu torpaqda yetişən məhsulu əkib-becərməyə, rifahını təmin etməyə çalışıb. Bu, bütün əsrlərdə belə olub. Amma indi bu proses daha rahatdır. Müasir texnikanın imkanları, suvarma suyunun mövcudluğu  təsərrüfatçını bu işə daha da bağlayıb. Traktorların səliqə ilə şumlayıb şırımlar açdığı ərazidə boy atan buğdalar, o şırımlarla axıb, gələcək məhsul üçün can olan su əkinçinin zəhmətinin də yerdə qalmayacağını indidən müjdələyir.

Geniş zəmiləri suvaran əkinçilərin ahəngdar hərəkəti ilə bərabər çöl quşları da əkin sahələrinin həndəvərində dolanır. Suyun hökmran olduğu ərazidə özünə yem axtaran leylək, yaxud bizim yerlərin adı ilə ifadə etsəm, hacıleylək və vağlar arabir dövrə vurub ərazidən uzaqlaşsa da, yenidən geri qayıdırlar. Onlar da uzun ayaqları ilə suvarılmış ərazini addım-addım gəzərək  üzərlərinə düşən işi görürlər; əkinlərə zərər verə biləcək gəmiriciləri ovlayırlar. Mənə elə gəlir ki, bu mənzərəni saatlarla, bəlkə də, günlərlə yorulmadan, usanmadan izləyə bilərəm. Çünki bu mənzərədə mən həm torpaq sevgisini, həm təbiət sevgisini, həm də torpağı və təbiəti qorumaq sevgisini görürəm. Əks halda nə bu torpaqlar əkilər, nə də quşlar özünə yem axtarmaq üçün buraya üz tutardı.

Qayıdanbaş yol kənarlarında dayanmış avtomobillər diqqətimi cəlb edir. Əgər siz də yolunuzu buradan salsanız, mütləq muncuq kimi yol kənarına düzülmüş minik avtomobillərini görəcəksiniz. Təəccüblənməyin. Çünki təbiət mənzərələri fonunda öz xatirələrini, həmin günlərini əbədiləşdirməyə çalışan insanlardan biri də mütləq siz olacaqsınız. Elə biz də onlardan biri oluruq.

Bəzən eyni mənzərəni dəfələrlə fotonun yaddaşına köçürməyə məcbur olursan. Bəli, məhz məcbur olursan. Təbiət səni buna məcbur edir; ecazkarlığı, möhtəşəmliyi, təkrarsızlığı və unikallığı ilə.

Əzəmətli Haçadağın möhtəşəm mənzərəsi və sanki buludlarla rəqsi insanı dəfələrlə eyni fotonu çəkməyə, eyni mənzərəni fotoların yaddaşına həkk etməyə sövq edir. Çünki başqa heç bir yerdən Haçadağın bu mənzərəsini görə bilməzsiniz. Parçalanmış buludlar arasından süzülən günəş şüaları və əsən zərif külək mənzərəni hər an dəyişməyə qadirdir və dəyişmək gücündədir.

Başında həmişə dumanlar gəzər

Çağlayar, qaynayar, daşar Haçadağ.

Çiçəklər köksündə yazıya bənzər,

Olar ilk bahara şüar Haçadağ.

                               Qoşa buynuzu var maral timsalı,

                               Olub Naxçıvanın hüsnü, cаmalı.

                               Dağlar maralına bənzər bu halı,

                               Sevən ürəkləri oxşar Haçadağ.

Yol aşırımında dayanıb zirvəsinə buludları toplayan Haçadağa sonuncu dəfə nəzər salıram. O an mənə elə gəlir ki, artıq göy qübbəsi tamamilə Haçadağın üzərində dayanıb, ağırlığını ona söykəyərək bir an nəfəsini dərməyə çalışır. Haçadağ isə bütün əzəməti ilə qədim yunan mifologiyasındakı Atlas kimi göy qübbəsinin yükünü çiyinlərinə götürüb. Dağın gah buludlar arxasında gizlənən, gah günəşə sinə gərən zirvəsi sanki təbəssümlü nəzəri ilə bizi yola salır. Yenidən yolumuzu gözləyəcək. “Gəlin, hər mövsümdə mənim görünüşüm, əzəmətim daha fərqli, daha maraqlı və daha gözəl olur” deyir.

Başqa bir mövsümdə görüşənədək...

 

Məmməd Babayev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: