Metrologiya keyfiyyətin və təhlükəsizliyin əsas amillərindəndir

20 may - Ümumdünya Metrologiya günüdür

A- A A+

Hər il Regional Metrologiya Təşkilatları tərəfindən 20 may “Ümumdünya Metrologiya Günü” kimi qeyd edilir.

Müasir dövrdə metrologiyanın insan fəaliyyətinin bütün sahələrində, eləcə də dünya iqtisadiyyatının və elmi-texniki tərəqqinin inkişafında aparıcı rolu danılmazdır. Metrologiya ölkənin həyat səviyyəsinin yüksəldilməsində, ətraf mühitin və istehlakçı hüquqlarının qorunmasında, insanların təhlükəsizliyinin təmin edilməsində, elmi-texniki tədqiqatlarda mühüm rol oynayır. Həmçinin metrologiya ölkədə ölçmə, standartlaşdırma, nəzarət və keyfiyyət sisteminin infrastrukturunu yaradaraq keyfiyyətin təmin edilməsi üçün məhsulun xüsusiyyətlərinin müəyyən edilməsini və keyfiyyətə nəzarət üçün hərtərəfli sistemin formalaşmasını təmin edir. Bu baxımdan metrologiyadan yalnız elm, texnika və istehsalatda deyil, eyni zamanda insan həyatının bütün sahələrində geniş istifadə edilir və bu səbəblə də əlamətdar gün kimi tarixdə öz əksini tapmışdır.

Regional Metrologiya Təşkilatları tərəfindən silsilə tədbirlərlə qeyd edilən bu əlamətdar gün hər il fərqli bir mövzuya həsr edilir. 2022-ci il üçün isə bu əlamətdar gün “Rəqəmsal Erada Metrologiya” mövzusuna həsr olunmuşdur. Məhz bu ilin olduqca aktual mövzuya həsr edilməsindəki məqsəd rəqəmsal texnologiyaların cəmiyyətimizdə inqilabi xarakter almasından irəli gəlir. Artıq bəşəriyyətin rəqəmsal məkana doğru getdikcə daha çox inteqrasiya etdiyi bir əsrdə məhz metrologiya sahəsində də rəqəmsal transformasiyanın tətbiqlərinin şahidi oluruq. Hər bir sahədə ölçmə avadanlıqlarının kompüterləşdirilməsi ilə yanaşı, onun metroloji təminatı da intensiv formada həyata keçirilir. Bu yanaşma innovasiyalara, məhsulun çevikliyinə və davamlılığına töhfə verir ki, bu da öz növbəsində cəmiyyətimizə çoxlu faydalar qazandırması baxımından olduqca önəmlidir.

Metrologiya fiziki parametrlərin ölçülməsi, tələb olunan dəqiqliyin əldə edilməsi üçün istifadə edilən metod və vasitələr haqqında elmdir. Eyni zamanda metrologiya istehsal olunan məhsulların və proseslərin keyfiyyətinə təminat verən əsas amillərdəndir. Elmi-texniki tərəqqinin inkişafında, istehlakçıların tələblərinə uyğun olan məhsulların layihələndirilməsində və effektiv istehsalında, həmçinin uyğunsuzluqların aşkar edilməsi və qarşısının alınması prosesində hakim mövqe metrologiyaya məxsusdur. Bu baxımdan metrologiya elmi ölçmə meyarlarından və tətbiq sahəsindən asılı olmayaraq olduqca geniş sahələri əhatə edir. Əslində ölçmə dərk etmənin ən böyük üsullarından biri olaraq müasir cəmiyyətdə müstəsna rol oynayır. Elm, sənaye və iqtisadiyyatı əhatə edən bütün sahələr ölçməsiz fəaliyyət göstərə bilməz. Dünyada hər saniyə milyardlarla ölçmə əməliyyatları yerinə yetirilir. Onların nəticələri isə istehsal edilən məhsulun keyfiyyətinin və texniki səviyyəsinin təmin edilməsində, nəqliyyatın təhlükəsiz və qəzasız işləməsində, tibbi-ekoloji diaqnozların əsaslandırılmasında və hətta informasiya mübadiləsinin analizində belə geniş istifadə edilir. Digər bir prizmayla yanaşsaq, insan fəaliyyətinin elə bir sahəsi yoxdur ki, orada ölçmənin, sınağın və nəzarətin nəticələrindən istifadə edilməsin. Bu baxımdan daha geniş sahələri əhatə edən metrologiya ölçmə elmi, innovasiya və elmi kəşflər sahəsində, sənaye istehsalında və beynəlxalq ticarətdə, həyat keyfiyyətinin yüksəldilməsində və qlobal mühitin qorunmasında mühüm rol oynayır.

Metrologiya təbiət və texniki elmlərin inkişafı üçün də böyük əhəmiyyət kəsb edir. Çünki ölçmələrin dəqiqliyini artırmaq insanın təbiəti dərk etməsini, kəşfləri və dəqiq biliklərin praktiki tətbiqini təkmilləşdirməyin yollarından biridir. Bir sözlə, elmi-texniki tərəqqiyə nail olmaq üçün metrologiya öz inkişafında elm və texnikanın digər sahələrini qabaqlamalıdır, çünki onların hər biri üçün dəqiq ölçmələr onları təkmilləşdirməyin əsas yollarından biridir.

Elmi, texnoloji və müxtəlif sahələrdəki davamlı inkişaf, həmçinin yeni tətbiqlər, ixtiralar və buna bənzər bir çox amillərin təsirilə ölkələrə xas ölçmə vasitələri və sistemləri yaradılmışdır. Ölçmə sistemi ilə bağlı fəaliyyət və yaradılan avadanlıqlar milli səviyyədə uyğun olsa da, beynəlxalq standartlara, norma və qaydalara uyğunluq baxımından müəyyən çatışmazlıqlar doğururdu ki, bu da vahid ölçülər sisteminə keçidlə bağlı müəyyən zərurət yaradırdı. Məhz beynəlxalq müstəvidə elmi, texnoloji və kommersiya fəaliyyətlərində paralelliyi təmin etmək məqsədilə 1960-cı ildə Fransada Beynəlxalq Vahidlər Sistemi qəbul edilmiş və fransız maarifçilər bu sistemi daha da standartlaşdırmağa başlamışdır. Sonrakı bir əsrə yaxın dövr ərzində bu təşəbbüs Fransanı əhatə etməklə yanaşı, digər ölkələrə də yayılmış və 1875-ci ilin 20 may tarixində 17 inkişaf etmiş ölkənin iştirakı ilə Parisdə Beynəlxalq Vahidlər Sisteminin əsası qoyulmuş, Metrik Konvensiyanın qəbul olunması ilə nəticələnmişdir. Konvensiyanın qəbul olunduğu gün Ümumdünya Metrologiya Günü kimi tarixə düşmüşdür. Metrik Konvensiya imzalandıqdan sonra bu konvensiyaya uyğun olaraq Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro yaradılmış, ölçmələrin metrik sistemi və beynəlxalq vahidlər sistemi tətbiqi əsasında Beynəlxalq Ölçmələr Sistemi yaradılmışdır. Metrik Konvensiyanın ilkin hədəfi konvensiyanı imzalayan bütün ölkələrdə ölçü sisteminin vahidliyinin qorunmasından ibarətdir.

Məlumdur ki, ölçmə proseslərinin əsas məsələlərindən biri ölçmənin vahidliyini və onların nəticələrinin doğruluğunu təyin etməkdir. Bu onunla əlaqədardır ki, sənayenin müxtəlif sahələri inkişaf etdikcə, ölçmələrin dəqiqliyinə tələbatlar da artır, ölçülən kəmiyyətlərin ölçmə diapazonları genişlənir, tezdəyişən kəmiyyətlərin, onların toplularının, proseslərin və sistemlərin xarakteristikalarının ölçülməsinin vacibliyi yaranır. Məhz bu baxımdan inkişaf etmiş dünya ölkələrində bu istiqamətdə mühüm işlər görülməklə bərabər, hüquqi proseslərin tənzimlənməsi üçün zəngin qanunvericilik bazası da formalaşdırılır.

Ölkəmizdə müstəqillik əldə edildikdən sonra respublikada standartlaşdırma və metrologiya üzrə dövlət siyasəti Azərbaycan Respublikası Nazirlər Kabineti tərkibində fəaliyyət göstərən Standartlaşdırma və Metrologiya Mərkəzi tərəfindən aparılırdı. Məhz bu sahə üzrə daha təkmilləşdirilmiş inkişaf və köklü irəliləyişlər ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Belə ki, 2000-ci ildə “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qəbul edilmiş Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə müvafiq qanunvericilik bazasının əsası qoyulmuşdur. Bunun davamı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 13 iyun tarixli 686-IVQ nömrəli Fərmanı ilə təsdiq edilmiş eyniadlı, lakin müasir dövrün tələblərinə uyğun hazırlanmış yeni qanun bu sahənin prioritet istiqamətlərini müəyyənləşdirmiş və metrologiyanın inkişafına ciddi təkan vermişdir. Məhz bu Qanun insan həyatının və sağlamlığının qorunması, ətraf mühitin, bitki və heyvanlar aləminin mühafizəsi, dövlətin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yerinə yetirilən ölçmələrin obyektiv, etibarlı və müqayisə edilən nəticələrinin alınmasında cəmiyyətin və dövlətin tələbatını təmin etmək və ölçmələrin qeyri-dəqiq nəticələrinin mənfi təsirinin qarşısını almaq məqsədi daşıyır.

Bu gün Azərbaycanda olduğu kimi, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da bu sahədə mühüm işlər görülür və Xidmət tərəfindən muxtar respublikamızda metrologiya sahəsində tədbirlərin səmərəli icrası üçün ardıcıl işlər aparılmaqdadır. Ölçmələrin düzgün nəticələri muxtar respublikada istehsal olunan və ya satılan məhsulun keyfiyyətinə və təhlükəsizliyinə, ədalətli ticarətə, ətraf mühitin qorunmasına və ümumi iqtisadi inkişafa geniş imkan yaradır. Buna görə də metroloji normalara və qaydalara əməl olunması işləri davamlı olaraq diqqətdə saxlanılır. Bu istiqamətdə aparılan tədbirlər çərçivəsində Xidmətin Metrologiya şöbəsi tərəfindən ötən il ərzində ölçmə vasitələrinin normativ göstəricilərinin standarta uyğunluğunun yoxlanılması davam etdirilmiş və ümumilikdə, 14 min 704 ədəd ölçmə vasitəsinin yoxlanılması təmin olunmuşdur.

Aparılan tədbirlər çərçivəsində əhalinin həyat və sağlamlığının, həmçinin təhlükəsizliyinin təmin olunması məqsədilə hər il Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə standarta uyğun olmayan qızdırıcı, elektrik və qaz cihazlarının muxtar respublikaya gətirilməsinin, satışının və istismarının qarşısının alınması, bununla əlaqədar istehlakçıların və sahibkarların əvvəlcədən məlumatlandırılması istiqamətində Xidmət qarşısında müvafiq tapşırıqlar müəyyən edilir. Verilmiş tapşırıqlara uyğun olaraq Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birgə mütəmadi olaraq muxtar respublikaya idxal olunan və satışı həyata keçirilən qızdırıcı elektrik və qaz cihazlarına baxış keçirilir, standarta uyğun olmayan və müvafiq təhlükəsizlik sistemi ilə təmin olunmayan cihazların idxalının və satışının qarşısı alınır. Təbii ki, bu istiqamətdə görülən qabaqlayıcı tədbirlər əhalinin rahat və təhlükəsiz həyatının təmin olunmasına xidmət edir.

Muxtar respublikamızda beynəlxalq standartlar əsas götürülərək metrologiya sahəsinin inkişafı istiqamətində işlər bundan sonra da davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası

Antiinhisar və İstehlak Bazarına Nəzarət

Dövlət Xidmətinin mətbuat xidməti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: