Hər insanın həyatında mənəvi baxımdan çətin günləri olur. Belə anlarda təkliyə üz tuturuq. O isə tək qaldığımızda belə bizim yol yoldaşımızdır. Bəzən fərqində olmadan yalnızlığımızı belə onunla paylaşırıq. Hə, söhbət musiqidən gedir. Əminliklə deyə bilərəm ki, musiqini sevməyən, onu dinləməyən insan yoxdur. Bu mövzuda tək ayrıcalıq var ki, o da janrdır. Biri gəncliyin verdiyi enerjiylə əlaqəli olaraq pop, digəri isə fərqliliyini musiqi zövqünə də daşıyaraq caz musiqisini sevər. Bəziləri də xalq mahnıları, muğamlar mənə kifayət edər deyib, ağuşuna atar özünü koloritin, keyfiyyətin, unudulmaz səslərin, melodiyaların. Məsələn, mənimçün ən gözəl melodiya hansıdır desələr, Əhməd Cavadın sözlərinə Üzeyir Hacıbəyovun notlarla həyat verdiyi himnimizdir, deyərəm. Dinləyərkən insanın damarında qanı donduran, Vətənə sevgiyi coşduran himnimiz. Gün ərzində dinlədiklərimə gəldikdə isə, janrın heç bir önəmi yoxdur. Ruhuma toxundumu, kifayətdir. Bu isə o deməkdir ki, insanların dinlədikləri musiqi nümunələri də iki hissəyə ayrılır- sevdikləri, bir də ən çox sevdiyi.
Dinləməyinə dinləyirik, amma, görəsən musiqi haqqında nəsə bilirik? Məsələn, necə olub ki, insanoğlu bu böyük kəşfə nail olub, hisslərimizə müdaxilə edilən səsləri, melodiyaları necə tapıb, bunları yaratmaq onun hardan ağlına gəlib və sair. Məlumatlıyıqmı? Yoxsa musiqi də kortəbii şəkildə sevilənlər sırasındadır? İçində nə olduğu bilinməyən, amma, sevilərək yeyilən yemək kimi...
Musiqi araşdırmaçılarının fikrincə, insanlar ilk musiqi alətləri olaraq daşları, sümük parçalarını və başqa əşyaları bir-birinə vuraraq dəyişik ritmlərlə səslər alıblar. Ümumiyyətlə, detallı və konkret musiqi tarixindən yalnız orta əsrlər dövründən bəhs edilə bilər. Bunun isə fərqli səbəbləri var. Belə ki, not yazısının ancaq orta əsrlərdən etibarən yaranması bəlkə də bu səbəblərdən ən başlıcasıdır.
Musiqi tarixinin araşdırılmasına XIX əsrdə başlanılıb. Bəzi filosof, elm xadimləri müxtəlif fərziyyələr irəli sürüblər. Onların mübahisələri bir sual ətrafında başlayıb: “Bəşər övladı musiqini yaratdı, yoxsa kəşf etdi?”
Musiqi hələ insanlar yaranmazdan əvvəl mövcud olub. Quşların ötməsinin, dənizin dalğasının və ya küləyin səsinin musiqi nümunəsi olmadığını da kim deyir? Bu nöqteyi- nəzərdən yanaşıldığında bəşər övladı musiqini ancaq kəşf edə bilər. İnsanoğlu onu əvvəlcə kəşf, zamanla isə inkişaf etdirdi. Digər tərəfdən isə insan səsini ilk musiqi nümunəsi hesab edən tənqidçilər də var..
Qədimdə musiqi dinə bağlı şəkildə müxtəlif mərasimlərlə əlaqədar olub. Zamanla isə mərasimlərin xaricinə çıxaraq ictimai yaşayışa daxil edilib.
İndiyə qədər qazıntılardan əldə olunan ən qədim musiqi aləti 1995- ci ildə Sloveniyadan tapılan, təxminən, 43 min illik tarixi olan bir fleytadır.
İfa olunan musiqi əsərlərini yazıya köçürməyi ilk düşünən isə Boetsy (Boethius) olub. Hətta o notlara hərfi ad verərək “Lya” səsi ilə başlayan qammanı da kəşf edib.
Azərbaycanda isə musiqi öz inkişaf tarixinə Üzeyir Hacıbəyovla addım qoyub. Nəinki Azərbaycanda, eləcə də Şərqdə ilk opera, ilk notlu xalq çalğı alətləri orkestri, ansamblı, musiqi tədris ocaqları, Azərbaycan xalq musiqisinə dair ilk dərs vəsaiti, xalq mahnılarımızın toplanaraq onlardan ibarət məcmuə hazırlanması və daha nələr-nələr - bütün bunlar Üzeyir Hacıbəyovun adı ilə bağlıdır. Sonrasında isə Hacıbəyov ənənələrini davam etdirən istedadlı bir nəsil formalaşıb. Nəticədə, muğamı, sənət inciləri ilə dünyaya səs salan müasir Azərbaycan musiqisi yaranıb!
Bu gün- sentyabr ayının 18-i Milli Musiqi Günüdür. Əlamətdar gün olaraq bu tarixin seçilməsi heç də təsadüfi deyil. Azərbaycan musiqisinin banisi olan Üzeyir Hacıbəyov məhz həmin tarixdə dünyaya göz açıb. Azərbaycan incəsənətinin, musiqi mədəniyyətinin inkişafında olan əvəzsiz ximətlərinə görə ustadın doğum günü hər il ölkəmizdə Milli Musiqi Günü kimi qeyd edilir.
Deyilənə görə incəsənət qısqancdır. O istəyir ki, insan ömrünün çox hissəsini ona həsr eləsin. Əlamətdar gün münasibətilə incəsənətin bu növü ilə məşğul olan, ömrünü ağ-qara pillələrə, simlərə, kamana qatan insanları təbrik edir, dünyanın 7 möcüzəsi (do, re, mi, fa, sol, lya, si) vasitəsilə musiqi tariximizdə unudulmaz nümunələr yaratmalarını arzulayırıq. Siz isə əziz oxucular, keyfiyyətli musiqi nümunələrini unudulmayan səslərdən dinləyin. İllər keçsə belə ilk günkü kimi öz əhəmiyyətini itirməyən, sevilən, hansısa prinsipə əsaslanaraq öz ladlarımız üzərində qurulan əsərlərin dinləyici kütləsində yer alın. Nəinki növbəti mahnı eşidilən kimi unudulanların. Bununla estetik zövqünüzə də müsbət mənada təsir etmiş olarsınız. Ruhunuzun dinclik tapacağı səslərin qulağınızda əks-səda etməsi diləyilə
Fatma Babayeva