Günahsız dünyanın günahkar sakinləriyik biz - Söz tələbə jurnalistlərindir

A- A A+

Müharibə! İnsan qatili! Yalan! Qazılan quyu!

Həyatı idarə edən insanlıq siması! Bunlardan ibarət “Qoca Dünya”!

Dünya nədən ibarətdir? -Tanrının yaratdığı canlılardan, bu canlılar arasında ən ali varlıq olan insanlardan və insanın yaratdığı digər şeylərdən. Təbii Tanrının yaratdığı şeylər xaric, nə görürüksə, onu insan yaradıb.

Ona bu gücü kim verib?!

-Tanrı!

Bəs dünyanı insana kim bəxş edib?

-Tanrı!

Tanrı insana “Dünya” adlı bir kainat bəxş etdi. İnsanı sonlu, hədiyyə etdiyini, yəni dünyanı sonsuz yaratdı! Elə gözəl bir hədiyyə verdi ki, hər şeydən ibarət yaxşı yaşam tərzi.  

Tanrı torpaqdan Adəmi yaratdı, mələklərin ona tabe olmasını istədi.  Tanrı insanı ən ali varlıq kimi öz qələmi ilə cızdı. İnsana görə, Tanrıya qarşı bir düşmən yarandı, İblis!

Tanrı sevərək, sevgi ilə yaratdığı bu insan tək qalmasın deyə onun sayı çoxalsın deyə Adəmin qabırğasından Həvvanı yaratdı. Onlara bu gördüklərimizdən yox dünya içində, “Cənnət” adlı gözəlliyi bəxş etdi. “Mənim sevgi ilə yaratdığım insan belə yerdə yaşasın deyə”. Bəs insan nə etdi? Tanrının qadağa qoyduğu meyvəni yeyərək, gül-çiçəkli yerdən qovulub, “Cəhənnəm”i nazil etdirdi. Tanrının sevərək yaratdığı, öz nəfsini gözləyə bilməyən insanın elə ilk səhvi oldu bu. Sevgini fərqli istifadə etdi. Tarının sözündən çıxması, indi insanların o yolu getməsinin təməlini qoydu. İnsan nəfsinin güclü olmağını yaratdı. Onun dünyaya gətirdiklərinin ilk qatil olması kimi!

Adəm və Həvvadan olan iki qardaş- Habil və Qabil. Habil çoban, Qabil isə əkinçi olub. Qabil öz qardaşını qısqanır, kin, nifrət güdür, onun yaşamağını istəmirdi. İndi insanların sevgisinə çevirilən bu hisslər Qabilin qardaş qatili olmasının səbəbi idi. İlk cinayət! İlk insan qatili! İlk can almaq gücü yarandı!

İndi insanlar arasında olan kin, nifrət həmin təməl üzərində qoyularaq sementlə bərkidilən divar deyilmi?! Nə deyəsən axı, insan oğlu!

Qoca dünyanı iki insan bölüşə bilmədi. İndi onlardan törəyən milyardlarla insan necə bölüşsün?! Bir-birlərini öldürən insanları necə günahkar edək?!

Tanrı sevgisini nifrətə çevirən insan!  Dünya nemətindən gözü doymayıb cəhənnəmdə özünə yer açan varlıq!

Dünyada neçə milyardlarla insan yaşayır. Qoca dünya və hər kəsin doyacağı qədər qida, yaşaya biləcəyi qədər yer verib Yaradan!

Bəs insan nə edir?! Gözləri doyur?! Tanrının bəxş etdiyi, nurla işıqlandırdığı gözləri, ona verilən nemətlər doyuzdura bilmədi. İnsan “Ac Göz” oldu. Tanrının sevərək, həssaslıqla yaratdığı qəlbi kin, nifrət, paxıllıqla doldurdu.  Ona verilən incə əlləri oğurluq, narın ayaqları səhv yol getmək, qulaqları yalana inanmaq, dili isə yalan danışmaq üçün istifadə etdi. Tanrı sevgini paylaşmağı məsləhət gördü. İnsan isə nəinki sevgi, heç onun olmayan dünya nemətlərini belə paylaşa bilmir. Bu böyüklükdə dünyanı paylaşa bilmir aciz insan. Bilirsiz niyə aciz deyirəm?  Öz nəfsi qarşısına keçə bilməyib dünya malı, var- dövlət və pul qarşısında aciz qalaraq öz mənliyini itirir. Bunlara görə yalan danışır, paxıllıq çəkir. Aciz deyilmi?!

Tanrı bunları istəmədi?! Ona tabe olmağı yox, onu sevməyi, yaratdığı qəlbdə ona yer ayırmağımızı istədi. Buna görə insana sərbəstlik verdi. Ən ali, güclü varlıq etdi. Səhv etsə də, sevəcək deyə gözlədi və gözləyir. İnsanlar isə onun tam əksini edir. Deyəsən, Tanrı tərəfindən çox sevgi gördü!

Sevmək və sevilmək! Dünya bundan ibarət olaraq yaradıldı. Təki insan bu yolu nifrət və xəyanət ilə çəkənə qədər. Tanrı azadlıq, insan isə su istismar etdi.

İnsanın qurduğu dünya indi nədən ibarətdir?!

Bir-birinin üzünə gülüb nifrət bəsləyən insanlardan?!

Yalanla yaşayıb dünya nemətlərini qazanmağa çalışanlardan?!

Bir qarış torpaq üçün can alıb, qan tökənlərdən?! Yoxsa yaxşılıq edib özlərini reklam edənlərdən?!

Deyin, axı kimlərdən?!

Bir düşünün, dünyanın çox hissəsi su, az hissəsi isə qurudan ibarətdi. Niyə? Heç fikirləşmisinizmi?  Çünki Tanrı qurunu az yaratdı ki, insanlar bir-birinə yaxın, mehriban olsunlar. Bəs onlar nə etdi?!  Torpağı böldülər, sərhəd çəkərək mənimdir dedilər. Dövlət yaradıb hökmranlıq etdilər. İnsanları ayırdılar. Varlı- kasıb təbəqəsi yaratdılar. Tanrının verdiyi rənglərdən siyasətdə istifadə edib, insanları taladılar. Dünya adlı səltənəti Tanrı insana, insan isə öz şöhrətinə hədiyyə etdi. Taxt yaratdılar, hökm vermək üçün. Tanrıya məxsus olan hökmü insan taxta üzərində oturaraq verirdi.  Tanrının deyilmi hökm?! Onun hökmü ilə yarandı insan, onun hökmü ilə cənnətdən qovuldu.

Can almaq üçün Tanrı Əzrail mələyini yaratdı. Amma insan bununla edam hökmünü yerinə yetirdi.  Şöhrəti özünə əcəl yaratmaq, üçün şərait yaratdı.

İnsanlar gözəliklə  bəxş edilən dünyanı  öz pislikləri ilə məhv etmədilərmi?!

Çiçəkli dünyanı öz mənəvi cinayətləri, müharibələri, nifrətləri ilə məzarlığa çevirdilər.  Səhvləri ilə cəhənnəmdə özlərinə yer ayırdılar.

İndi dünya bir-birini tanımayan insanlardan, kin dolu qəlblərdən, sevgisiz duyğulardan və insanlığı olmayan insanlardan ibarətdir. Belə dünya zaman keçdikcə məhv olur.  Bunu edən insanlar isə bu sözü tez- tez  işlədirlər: “Dünyanın sonu gəlib”. Bu kəlamı işlədən insan, səbəbin özün olduğunu bilirsənmi?! Öz etdiklərini, törətdiyin əməlləri, mənəvi pislikləri heç oturub düşünürsənmi?!   

Bunları edən insan dünyanın sonunu iplə dayanmadan çəkir və dünyanı günahkar edir.  

Nə günahı var qoca dünyanın? Onu biz hərəkətlərimiz ilə qocaldıb sonunu gətirdik. İnsan daha doğrusu insanlıq da çox şey görüb fəryad etdi. Biz onu günahkar, o isə bizi səbəbkar bildi. Vəfasız, insafsız, qəddar və ədalətsiz adlandırdıq. O isə bizə “Mən sizdən ibarət, Tanrıdan asılı bir yaşam yeri idim, Tanrı sizi o qədər sevdi ki, məni sizə buraxdı. Kənardan isə izlədi. Siz hər səhv edəndə, bəndəmi bağışlayım deyə keçdi. Siz isə əmanətin axırına çıxmaq üçün dayanmadan çalışırsınız. Hələ məni də günahkar edirsiniz. Siz etdiniz məni  belə.”

Dünyanın bir planet kimi bu halda olmasının tək səbəbkarı insan adlı canlıdır.

Bir damla suyu bir qarışqa koloniyası paylaşa bilir. Qoca dünyanı isə insan paylaşa bilmir! Təəssüf....

Şəfa Yazar (Səfərova)

NDU jurnalistika ixtisası üzrə II kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: