Əmək müqaviləsi bağlamaq işəgötürənin əsas vəzifəsidir

A- A A+

İqtisadi inkişafın təmin olunmasında mühüm amillərdən olan məşğulluq sosial rifahın əsas elementlərindəndir. Məşğulluğun yüksək səviyyədə olması üçün əmək bazarında münasibətlərin qanun çərçivəsində qurulması və işəgötürənlərlə işçilər arasında əmək müqaviləsinin bağlanılması vacibdir.

Əmək müqaviləsi işəgötürənlə işçi arasında mövcud оlan əmək münasibətlərinin bütün aspеktlərini özündə əks еtdirən mühüm sənəddir. Bu sənəddə işçinin əsas hüquqları və vəzifələri, həmçinin işəgötürənin əsas hüquqları, vəzifələri və məsuliyyəti tam qaydada əks оlunur. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Bu müqavilə əsasında işəgötürən işçiyə onun əmək funksiyalarına aid müvafiq iş verir, Əmək Məcəlləsində, digər normativ hüquqi aktlarda, kollektiv müqavilədə nəzərdə tutulan əmək şəraiti yaradır və ona əmək haqqı ödəyir, işçi isə əmək müqaviləsi ilə onun üzərinə qoyulmuş əmək funksiyalarını yerinə yetirməyi öz öhdəsinə götürür.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Siyahısı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş dövlət orqanlarında isə müvafiq vəzifələrə qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir.

Qeyd edək ki, işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işə cəlb edilməsi yolverilməzdir. Bununla əlaqədar bir sıra normativ aktlarda məsuliyyət tədbirləri nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində isə qeyd olunur ki, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən on nəfər və ondan çox olan işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Əgər bu əməli törətmiş şəxs Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağlayarsa, habelə ödəməkdən yayındırılmış vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödəyərsə, yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilir.

Yuxarıda göstərilən məsuliyyət tədbirlərindən əlavə, vergi ödəyicisi tərəfindən işçilərin əmək müqaviləsiz işə cəlb edilməsi faktlarını aşkara çıxarmaq məqsədilə vergi orqanları tərəfindən aparılan yoxlamalar zamanı meydana çıxan qanun pozuntularına münasibətdə Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş tədbirlər tətbiq edilir. Vergi Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Əmək müqaviləsi imzalamadan çalışan hər bir işçi bilməlidir ki, əmək müqavilələrinin bağlanmaması təkcə dövlət büdcəsinə ödənilməli vergilərin gizlədilməsi deyil, eyni zamanda vətəndaşın özü üçün yaratdığı ciddi sosial problemdir. Hər bir vətəndaş bilməlidir ki, onun sosial təminatının gələcəyi öz əlindədir və bu prosesdə fəal iştirak etmək gələcəkdə sosial hüquqların tam təmin olunması ilə nəticələnir.

 

Rəmzi Həsənov

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə

Müvəkkilinin (Ombudsmanın) əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: