Yazın xoş ətirli bitkisi qızılgülün faydaları

A- A A+

Təbiətə gözəllik verən yaşıllıqdır. Bu gözəlliyə əlvan rəngli gül-çiçəyin qarışması isə ətrafa, bağ-bağçaya həm təravətli ətir, həm də füsunkar bir görünüş bəxş edir. Son illər muxtar respublikamızda yeni salınan bağlar, yol kənarlarında əkilən yaşıllıqlar, bəzək kolları, ətirli və təravətli güllər təbiətin gözəlliyinə yeni bir harmoniya qatıb. Hər bir ağac, salınan yaşıllıq zolağı yurdumuzun bəzəyi olmaqla yanaşı, eyni zamanda aldığımız havanı təmizləyir və sağlam yaşayışa töhfə verir. Ancaq elə güllər də var ki, onlardan təkcə bəzək kolu kimi yox, gündəlik məişətimizdə həm qida, həm də müalicəvi təsirinə görə dərman kimi də istifadə edirik. Çiçəklərin şahı olan qızılgül belə bitkilərdəndir. Ruhumuza sakitlik gətirib, insanı ətrinə valeh edən bu gülün tarixinin XVI əsrə aid olduğu qeyd edilir. Əvvəlcə, yalnız var-dövlət simvolu kimi çarların həyətində əkilən bu bəzək kolu sonralar bütün dünyaya yayılıb. Qızılgül dünyanın bir çox ölkələrində milli gül rəmzini daşıyır. Ölkəmizdə də sevilən bu gül kolundan ailə təsərrüfatçıları geniş istifadə edir, ondan müxtəlif ədviyyatlar, şirniyyatlar, mürəbbə və kompotlar hazırlayırlar.

Qeyd edək ki, qızılgül əsasən may ayından başlayaraq iyun ayının sonunadək çiçək açır. Qızılgüldən ta qədimdən nənələrimiz gözəl mürəbbə hazırlayıblar. Onlar deyərlər ki, mürəbbə hazırlamaq üçün qızılgülün sübh çağı şehli yığılması məsləhətdir.

Qızılgülün mürəbbəsi də xüsusi bacarıqla hazırlanmalıdır. 

Gülün ləçəkləri təmizlənir, ucları vurulur. Təmizlənmiş gül yuyulub çəkilir. 100 qram gülə 1 kiloqram şəkər tozu əlavə etməklə mürəbbə bişirilir. Mürəbbənin təbii gül rəngini saxlaması üçün qızılgülün ləçəkləri ayrı qaynadılıb süzülür. Süzülən suda şirə qaynadılır. Qaynadılan şirə gül ləçəklərinin üzərinə əlavə olunur və bişənə qədər qaynadılır. Şirə qatılaşanda azca limon şirəsi əlavə olunur. Bəzən gül mürəbbəsinə qoz ləpəsi də qatırlar.  Naxçıvan mətbəxində qızılgülün ləçəklərindən kompot və şərbət də hazırlanır. Bayramlarda gül şərbəti dadı və rəngi ilə süfrələrə yaraşıq verir.

Tarixən qızılgül həm də xalq təbabətində müxtəlif xəstəlikləri müalicə edən vasitə olub.

Qızılgüldən hazırlanan gülqəndi təbii antibiotik adlandırırlar. Əsasən soyuqdəymə və qanazlığında istifadə olunan gülqənd hazırlamaq üçün gülün ləçəkləri yuyulub təmizlənir. Suyu süzülmək üçün süzgəclərə qoyulur və ağzı örtülü şüşə qablara yığılır. Gülün arasına şəkər tozu əlavə olunduqdan sonra Günəş şüasının altına qoyulur. Gül ləçəkləri şirəni özünə çəkdikcə gül aşağı yatır. Ardınca bankalara yığılıb ağzı bağlanır.

Qızılgülün ləçəkləri ilə bərabər, ortasında olan bığcıqlar da çox müalicəvi olduğu üçün qurudulur. Balaca uşaqlarda olan ağız yaralarına qızılgül bığcıqları ilə balın qarışığı yaxşı təsir göstərir. Qızılgül çayı isə yorğunluğu aradan qaldırır. Təzyiqi aşağı olanlara qızılgül mürəbbəsi və çayı yaxşı təsir edir.

Qızılgüldən hazırlanan gülabdan əsasən yas mərasimlərində istifadə olunur.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 29 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021- 2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı”nda qızılgül sahələrinin genişləndirilməsi, gülab və gül yağı istehsalının dəstəklənməsi nəzərdə tutulub. Müvafiq dövlət proqramının icrası istiqamətində hektarlarla sahədə qızılgül kolları əkilib. Ailə təsərrüfatçıları bu müalicəvi bitkini əkib-becərməklə böyük iqtisadi səmərə əldə etməyə çalışırlar.

                                                                                   Səriyyə Salahova

                                                                                   “Arazın səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: