Erməni jurnalistləri: Ermənistan hökumətinin demokratiyadan, insan hüquqlarından danışmağa mənəvi haqqı yoxdur
NUHÇIXAN xəbər verir ki, Ermənistanda hüquq-mühafizə orqanları “Yerevan.Today” xəbər saytının ofisində və portalın baş redaktorunun evində axtarış əməliyyatları həyata keçirib. Əməliyyatlar Ermənistanın Milli Təhlükəsizlik və Xüsusi İstintaq xidmətləri rəhbərlərinin gizli səs yazısının yayılması ilə əlaqələndirilir. Təhlükəsizlik qüvvələri “Yerevan.Today”in həmin səs yazısını digər KİV-lərdən 2 gün əvvəl yaydığını iddia edirlər. Lakin saytın rəhbərliyi bu ittihamın yalan olduğunu və xəbərin eyni vaxtda başqa KİV-lərdə də yerləşdirildiyini bildirir.
“Qraparak” qəzeti də analoji vəziyyətlə üzləşib. Onlar isə gizli səs yazısını digər mətbu orqanlardan 5 gün əvvəl yaymaqda ittiham olunurlar. Ermənistanın hüquq-mühafizə orqanları hesab edir ki, hamıdan əvvəl səs yazısını yayan “Yerevan.Today” və “Qraparak” məsələ ilə bağlı əvvəlcədən məlumatlı olub. Onların səsi məxfi şəkildə yazan şəxslə birbaşa əlaqəsinin olduğu ehtimal edilir.
“Yerevan.Today”in rəhbərliyi hüquq-mühafizə orqanlarının bu addımını söz azadlığını boğmaq kimi dəyərləndirir. Bildirilir ki, səs yazısının yayılması ilə yeni hökumət başını tamamilə itirib. Onsuz da Ermənistan cəmiyyəti və siyasi hakimiyyətində böyük problemlər mövcuddur. Erməni jurnalistlərinin fikrincə hökumətin demokratiyadan, insan hüquqlarından danışmağa mənəvi haqqı yoxdur. Ölkədə addımbaşı mətbuat nümayəndələrinin hüquqları pozulur. Qəzetlər və saytlar müxtəlif bəhanələrlə bağlanılır. Ermənistan Avropa Şurası qarşısında söz azadlığının qorunmasına dair öhdəlik götürüb. Avropa Şurası Ermənistanda KİV azadlığının səviyyəsinin qaldırılmasını dəfələrlə tələb edib. Lakin illərdir cəmiyyət bunun əksini müşahidə edir. “Yerevan.Today” saytına və “Qraparak” qəzetinə basqın siyasi dairələrdə də birmənalı qarşılanmayıb. Hüquq-mühafizə orqanlarının bu addımı informasiya terroru adlandırılıb. “Çiçəklənən Ermənistan” partiyası Paşinyan hökumətini “qara piar” aparmaqda ittiham edib. Siyasi partiya bəyanatında bildirib ki, bu, açıq-aşkar reketlikdir. Mətbuatın işi əldə etdiyi informasiyanı yaymaqdır. Erməni jurnalist Qriqor Atanesyan bildirir ki, Paşinyan nüfuz qazana bilməməsinin günahını KİV-də axtarır. Bu isə kökündən yanlışdır. Onun idarəçilikdən anlayışı olmadığını təkcə yerli mətbuat yazmır. Hətta Paşinyanın Fransa səfəri zamanı Avropanın iki nüfuzlu saytı onu rəqiblərini siyasi təqibə məruz qoymaqda ittiham edib.