Naxçıvan Müəllimlər İnstitutunda tələbələrlə maarifləndirici görüş keçirilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan Dövlət Universiteti ilə birgə Naxçıvan Müəllimlər İnstitutunda “Gənc ailələrin sağlam olması gələcək nəsillərin sağlam olması deməkdir” mövzusunda tədbir keçirilib.

Tədbirdə Naxçıvan Müəllimlər İnstitutunun Tədris və tərbiyə işləri üzrə prorektoru Çapay Quliyev tədbirin mövzusu və mahiyyəti haqqında məlumat verib.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Eltun Həziyev “Ailə dəyərlərimiz milli dəyərlərimizin əsasıdır” mövzusunda çıxış edərək muxtar respublikada ailələrə və xüsusilə də gənc ailələrə göstərilən dövlət qayğısından ətraflı bəhs edib.

Aparat rəhbəri diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə edilən dəyişiklik əsasında qızlar və oğlanlar üçün nikah yaşının 18-ə qaldırılması ailə üzvlərinin sağlamlığı, xüsusilə ana və uşaqların sağlamlığının mühafizəsi çox önəmli məsələlərdəndir. Tərəflərin nikahdan əvvəl məcburi tibbi müayinədən keçməsi ilə bağlı Azərbaycan Respublikasının Ailə Məcəlləsinə edilən dəyişiklik isə həm ailələrimizin, həm də gələcək nəsillərin sağlamlığına xidmət edən mühüm amildir.

Məlumat verilib ki, muxtar respublikada ailələrin sağlamlıqlarının qorunması qarşıda duran əsas vəzifələrdəndir. Gənclərin sağlamlıqlarının qorunması, dünyaya gələn yeni nəslin sağlam doğulması və böyüməsi, körpə və ana ölümünün minimuma endirilməsinin daim nəzarətdə saxlanılmasının nəticəsidir ki, muxtar respublikada bu sahədə müsbət nəticələr əldə olunmuşdur.

Eltun Həziyev ailə dəyərlərinin qorunub saxlanılması, ailə institutunun gənclər arasında möhkəmləndirilməsi, onların hüquqi biliklərinin artırılması və sağlamlıqlarıının qorunması istiqamətində ətraflı məlumat verib.

Sonra Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Ümumi təbabət klinik fənlər kafedrasınınn müdiri, həkim-ginekoloq, dosent, tibb elmləri üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva “Nikahdan öncə gənclərin tibbi müayinələrdən keçməsi ailələrin sağlam olmasının əsas şərtlərindədir” mövzusunda çıxış edib, vizual vəsaitlərdən istifadə etməklə gənc ailələrin və dünyaya gələcək körpələrin sağlamlıqları üçün preventiv tədbirlər haqqında ətraflı məlumat verib.

“Nikah və nikah müqaviləsi ailələrin qorunma vasitələrindən biridir” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti bölməsinin rəisi Həbibə Əliyeva mövzu ətrafında ətraflı məlumat verib, müvafiq sahə ilə bağlı sualları cavablandırıb.

Daha sonra tədbir qarşılıqlı diskussiya şəklində davam edib.

Tədbirin sonunda mövzu ilə bağlı hazırlanan broşürlər paylanılıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: