Sədəqə dediyimizdə hər kəsin ağlına öncə maddiyyat gəlir. Çoxları isə elə bu məsələyə görə heç sədəqənin nə olduğunu bilmir, adını belə eşitməyib. Peyğəmbərimiz (s.ə.s) “Təbəssüm sədəqədir” deyə buyurub. Gəlin bunu özümüzə bir daha sual edək və düşünək. Təbəssüm elə bir nemətdir ki, bu nemətin qarşılığında nə bir şey alırıq, nə də əlavə nəsə veririk. Heç bir qarşılıq gözləmədən və ən “gözəli” heç bir maddiyyat ödəmədən verilən sədəqə... Tanrının bizim üçün yaratdığı bu şərait necə də təbəssümə layiqdir. Heç nə gözləmir qarşındakı səndən... Sadəcə kiçik bir təbəssüm. Bəlkə də o bir təbəssümlə neçə qəlblər sevinəcək, üzlər güləcək. Təbəssümünlə qarşındakı insanı razı sala bilər, həm də onun əhvali-ruhiyyəsini də yaxşılaşdıra bilərsən. Təsəvvür edin ki, evdə atanızdan hər hansısa bir iş üçün icazə almaq istəyirsiniz. Ancaq vəziyyət hansısa səbəbdən gərgindir və sən bundan çəkinirsən. Elə bu məqamda içdən gələn səmimi bir gülüş ilə atana yaxınlaşıb əvvəlcə onun halını soruşub onun əhvalını qaldıra bilər, daha sonra məqsədinə çata bilərsən. Ətrafımızda bu şirin nemətdən məhrum olmuş nə qədər insanlar var. Gülməyi belə unudan bu cür insanların həyatları da süni və çətin olacaq.
Sadəcə bir gülüş. Nə qədər çətin ola bilər axı. Niyə özünü ciddi, qorxunc göstərirsən? Ətrafındakılara təbəssüm et. Bax gör hər şey necə dəyişəcək.
Məlumat üçün qeyd edim ki, qaş-qabaq töküb qəzəblənmək üçün 103 əzələ, gülümsəmək üçün isə sadəcə 12 əzələ hərəkət edir. Belə olduğu halda məncə gülmək o qədər də çətin olmamalıdır. Təbəssüm, gülüş dedikdə ağlımıza gələn kiçik və xoşagələn mimiklər olmalıdır.
Peyğəmbərimiz (s.ə.s) gülümsəmənin sədəqə olduğunu, özündən keçib qəh-qəhə çəkməyin isə savabı olmadığını, əksinə bəyənilmədiyini bildirib. Təsəvvür elə özündən keçmisən, gülməkdən artıq yerlərdəsən. İfadənin özü belə nə qədər eybəcərdir, elə deyilmi? İndi gör o vəziyyətdə olanda sən necə görünəcəksən. Özünü nə cür tanıtmış olarsan ətrafındakılara? Hər şey yerində və qədərində gözəl olduğu kimi gülüşün də yeri və qədəri gözəldir. Mövlanə demişdir: “İnsanın necə güldüyündən ədəbini, nəyə güldüyündən ağlını anlaram”. Necə gözəl və hikmətli sözdür. Çalışın, siz ədəbi düşünülənlərdən olmayın.
Təbəssümünlə qarşındakı insana həm səmimiyyət göstərir, həm qəlbini əks etdirir, həm də ona yüksək motivasiya verirsən. Və bu onu dərhal anlayır. Tanrı bizi təbəssümlə üzümüzə gülən, arxamızca danışan insan olmaqdan uzaq etsin.
Saxta gülüşlərin bol olduğu bu dünyada əsl gülüşlərin yox olmaması diləyi ilə.
Etibar Dərbəndəliyev
Jurnalistika ixtisası üzrə IV kurs tələbəsi