Təbiət muzeyi - floranın qorunduğu məkan - FOTOLAR
Naxçıvan Muxtar Respublikasında xüsusi mühafizə olunan ərazilər və dövlət təbiət yasaqlıqları mövcuddur. Ekoloji müxtəlifliyin və bioloji tarazlığın qorunduğu belə yerlərdən biri də Babək rayonunun Şıxmahmud kəndi yaxınlığında yerləşən Nəbatat bağıdır. İlin bütün fəsillərində gözəlliyi ilə insanı heyran edən bu bağ yaz aylarında əsl cənnətə dönür. Bu elmi-mədəni mərkəz şəhər sakinlərinin və Naxçıvana gələn qonaqların ən çox üz tutduqları məkanlardandır. İnsanları bura gətirən isə floranın canlı kolleksiyası və bağın gözəl mənzərəsidir. Sözün əsl mənasında, burada insanın ruhu dincəlir. Elə məni də Nəbatat bağına aparan səbəb bu idi.
Bağın giriş qapısından içəri daxil olanda ucu-bucağı görünməyən yamyaşıl bir mənzərə ilə qarşılaşırıq. Müxtəlif ağaclar, rəngarəng çiçəklər, dekorativ kollar... Bütün bunları yaradan insan əli, əməyi və qəlbindəki təbiət sevgisidir.
Nəbatat bağının müdiri Biologiya üzrə fəlsəfə doktoru, dosent Teyyub Paşayevlə görüşüb bağın yaradılmasında məqsəd, burada əldə olunan elmi nəticələr və qarşıya qoyulan vəzifələrlə bağlı söhbət edirik. Həmsöhbətim bildirir ki, 1972-ci ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində yaradılan Naxçıvan Regional Elm Mərkəzinin digər amillərlə yanaşı, başlıca məqsədi regionun təbii sərvətlərini, fauna və florasının zənginliklərinin öyrənilməsi, kənardan gətirilmiş faydalı bitkilərin introduksiyası və bunlar üzərində geniş miqyasda elmi-tədqiqat işlərinin aparılmasından ibarət olub. Naxçıvan Regional Elm Mərkəzində aparılan elmi-tədqiqat işlərinin keyfiyyətini və miqyasını genişləndirmək, regionda yayılmış qədimdən becərilən qiymətli meyvə sortlarının genofondunun toplanılması, nadir və nəsli kəsilmək təhlükəsində olan bitki növlərinin qorunması, həmçinin Naxçıvan Regional Elm Mərkəzinin tərkibində Nəbatat bağının yaradılması məqsədilə 1972-ci ildə Azərbaycan EA-nın təşəbbüsü və Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı ilə 10 hektar torpaq sahəsi ayrılıb. Beləliklə, Naxçıvan MR-in Babək rayonunun Şıxmahmud kəndi yaxınlığında Uzunoba gölündən bir qədər cənub-şərqdə dəniz səviyyəsindən 935 metr hündürlükdə Nəbatat bağı salınıb.
Bağın yaradılmasının əsas məqsədi gənc nəslin Avstraliyanın, Afrikanın, Amerikanın, Aralıq dənizi ölkələrinin, Cənub-şərqi Asiyanın, Orta Asiyanın, Uzaq Şərqin, Qafqazın və Yer Kürəsinin digər sahələrinin zəngin flora nümunələri ilə tanış edilməsidir. Nəbatat bağının elmi əhəmiyyəti Naxçıvanda botanikləri və bitkilər aləmi ilə maraqlanan hər kəsi öz ətrafında birləşdirmək, onu elmi-tədqiqat işlərinin və botaniki fikrin mərkəzi etməkdir.
Burada təbiət naminə çox işlər görülür. Azərbaycanda və xarici ölkələrdə bitən dekorativ, dərman bitkilərinin introduksiyası və iqlimləşdirilməsi, bitki genofondunun, o cümlədən nadir və nəsli kəsilməkdə olan bitkilərin çoxaldılması və mühafizəsi üzərində geniş tədqiqat işləri aparılır, hər bir bitkinin özünəməxsus xüsusiyyətləri tədqiq olunur, yayılma zonalarının xəritəsi tərtib olunur.
Bağın 320 kvm sahəni əhatə edən istilikxanasına daxil oluruq. İlin bütün fəsillərində yamyaşıl olan bu istilikxanada fərqli-fərqli bitkilər, dekorativ ağac və gül kolları var. Ultra sera ailəsinə məxsus olan istilikxanada diqqətçəkən məqamlardan biri də odur ki, bitkilərin hər birinin qarşısındakı lövhəciklərdə adları yazılıb ki, ziyarətçilər onları maraqlandıran bitkilərin növü, cinsi və vətəni haqqında məlumat alsınlar. Və bu 100-dən artıq bitki nümunələrinin heç biri Naxçıvan iqliminə uyğun deyil. Afrika, Amerika, Cənub-şərqi Asiya, Aralıq dənizi sahillərinə məxsus olan bitkilər burada yerli iqlimə uyğunlaşdırılır. Uzaq-uzaq diyarlara məxsus bu bitkilər elə bu istilikxanada doğmalaşıblar. Teyyub müəllim bildirir ki, Gürcüstandan gətirilən kağız ağacı və onlarla bitki artıq açıq hava şəraitinə uyğunlaşdırılıb.
Cənub-şərqi Asiya bitkisi olan Yapon Kameliyası istilikxanaya xüsusi gözəllik verib. Ən gözəl ətirlərin alındığı jasmin, portağal, limon, ağacları, otaq bitkisi kimi istifadə olunan eyforbiyalar da var istixanada.
Öyrənirik ki, Dendrologiya institutundan Nəbatat bağına gətirilən Ginko Biloba 500 milyon il əvvəldən yaşayan bitkidir. Aralıq dənizi sahillərinə məxsus maqnoliya isə gözəl və incə çiçəkləri ilə bizi valeh etdi.
Liqisturum dekorativ bitkisi bağdakı sahələrə gedən yola qeyri-adi bir gözəllik verib. Bu gözəlliyin arası ilə irəliləyirik. Sahələrdə çalışan işçilər meyvə ağaclarının, bitkilərin, çiçəklərin qayğısını çəkirlər.
Teyyub müəllim bizi bağın nadir bitkilər kolleksiyası sahəsi ilə tanış edir. Bildirir ki, bu sahədə Naxçıvan MR-in və Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş 43 geofit bitki, süsənlər, soğanaqlı bitkilər əkilib becərilir. Həmçinin burada Gürcüstan, Türkiyə və Rusiya Botanika bağlarından gətirilən 68 növ ağac, kol və dekorativ bitki introduksiya edilib.
Dərman bitkiləri kolleksiyasında becərilən dərman bitkilərindən dərman məmulatları hazırlanaraq AMEA Naxçıvan Bölməsi Bioresurslar institutunun yaşıl aptekində satışa çıxarılır.
Sabun ağacı, katalpalar, palıd, çinar ağacları bağda füsunkar bir mənzərə yaradıb. Dünyanın ən hündür bitkisi olan evkalid bitkisi də Nəbatat bağında mövcuddur.
Naxçıvan MR-in ayrı-ayrı rayonlarında meyvə bağlarından və şəxsi təsərrüfatlardan gətirilən qiymətli meyvə sortlarından meyvə genofondu bağı yaradılıb. Ərik, alma, göycə, armud, üzüm... ümumiyyətlə muxtar respublikadakı bütün meyvə sortlarından Nəbatat bağının 2ha sahəni əhatə edən meyvə genofondu bağında becərilir. Taxıl genofondu sahəsində isə yumşaq və bərk buğdanın müxtəlif sortları üzərində tədqiqat işləri aparılır.
Burada həmçinin muxtar respublikanın yerli meyvə bitkiləri ilə yanaşı tərəvəz və bostan bitkiləri genofondda toplanılır və həmin nümunələr AMEA Genetik Ehtiyatlar İnstitutunun genbankında saxlanılmasına verilməklə bərabər, əhali arasında da yayılır.
Nəbatat bağının aqronomu Şahin Bağırov Gəncə Kənd Təsərrüfatı Akademiyasını bitirib. 24 ildir bağdakı bitkilərin qayğısını çəkir, onları bir-birinə calaq edir. Bağın suvarma ehtiyacı isə ərazidə quraşdırılan subartezian quyusu vasitəsilə ödənilir.
Naxçıvanın canlı təbiət muzeyi olan Nəbatat bağı muxtar respublikadakı muzeylər siyahısına daxil edilib. Hər həftənin şənbə günləri bu canlı muzey müxtəlif idarə və təşkilatlar tərəfindən ziyarət olunur.
Mədəni - maarif ocağı, yaşıllıq məbədi, yaşıl muzey olmaqla bərabər, həm də nadir, relikt və faydalı bitkilərin genofondunun qorunub saxlanılması və mühafizəsində əvəzsiz rola malik olan bu bağda nadir və nəsli kəsilməkdə olan bitkilər öyrənilir, onların yaşıllaşdırma işlərində istifadəsi üçün aqrotexniki üsullar hazırlanır.
Nəbatat bağında bitkilərin mühafizəsi, elmi-tədqiqat işləri ilə yanaşı maarifləndirmə və təbliğat işləri də aparılır, mütəmadi olaraq tələbə və şagirdlər üçün açıq dərslər təşkil olunur.
Alimlər bağa gələn məktəbli və tələbələri buradakı müxtəlif bitkilər, onların qorunması və çoxaldılması ilə tanış edirlər. Bura həm də şəhər sakinlərinin istirahət məkanıdır. İnsanlar burada istirahətə, bağın gözəlliyindən zövq almağa gəlir. Mənə elə gəlir ki, təbiətin səsini də bu bağda duymaq olar. Məhz burada təbiətlə insan arasında dostluq yaranır və insan təbiətdən, bitki adlı canlı aləmdən, sözün əsl mənasında, zövq alır, onların həyatındakı rolunu bir daha dərk edir.
Türkanə Əmoyeva
“NUHÇIXAN”