Düşmənin gözünün ucu ilə baxmağa belə cəsarət edə bilmədiyi Şahbulaqdan salam olsun... - FOTOLAR

A- A A+

Bu səfəri qışdan planlamışdıq. Buranın yay mənzərəsini dəfələrlə görsəm də, yaz fəslində daha möhtəşəm olduğunu həmişə təsəvvürümdə canlandırmışdım. Ona görə də qışda edilən təklifi mütləq yazda dəyərləndirmək lazım olduğunu qətiləşdirmişdim. Bu səfərimdə yol yoldaşlarım isə “Naxçıvanı qürurla paylaşırıq” layihəsinin bir neçə üzvü oldu. 

Bu dəfə yolumuzu muxtar respublikanın ən böyük kənd təsərrüfatı məhsulları istehsalçısı, daha çox hissəsi aranda yerləşsə də, dağlıq hissələrində özünəxas mənzərələri, ecazkar təbiəti, məhsuldar torpaqları ilə məşhur olan Şərur rayonuna saldıq. Daha dəqiq ünvanımız isə bu rayonun dağlar qoynunda, dəniz səviyyəsindən 1300 metr yüksəklikdə yerləşən Şahbulaq kəndidir.

Naxçıvan-Sədərək magistralı boyunca irəliləyən avtomobilimiz müxtəlif və rəngarəng mənzərələri geridə qoyur. Yolboyu uzanan yaşıl qoruyucu zolaq, sıx ağaclar arxasında zəhmətkeş şərurluların alın tərinin, əl qabarının məhsulu olan geniş əkin sahələri, meyvə bağları bizi mənzilbaşına qədər müşayiət edir. 

Sosial mediada və bir çox internet resurslarında Şahbulaq kəndini daha çox məşhurlaşdıran bu yaşayış məntəqəsinə gedən yolun bir hissəsinin iri qayalar arasından keçəndə yaratdığı möhtəşəm mənzərədir. Bütün ömrünü Yusif sevgisinə həsr edən Züleyxanın eşqi kimi yolu ağuşuna alıb irəliyə aparan bu hündür, sərt sıldırımların hansı qüdrətlə parçalanıb keçənlərə yol açması isə bir müəmmadır.

Açığı, Şahbulaq haqqında diqqətimi çəkən məqamlardan biri də ötən əsrin 90-cı illərinin əvvəllərində düşmənin top atəşinə məruz qalması, sərhəd bölgəsi olaraq insanların ağır günlər yaşaması idi. Şahbulağın müasir mənzərəsini görmək məni həyəcanlandırırdı. Elə buranın insanları da. Çünki o insanlardır ki, həmin o çətin illərdə bir addım da geri atmayıblar və evlərini tərk etməyiblər. Hələ o vaxt sakinlər əl ağacı və quş tüfəngi ilə kəndlərini müdafiə ediblər. 

Bu gün – 30 ildən sonra isə hər şey çox dəyişilib. 44 günlük Vətən müharibəsində düşmənin başını əzən “Dəmir yumruq”dan ikiqat güc alan müzəffər Ordumuz kəndin bir addımlığında düşmənlə sərhəddə dayanıb. Özünü Vətəninə, xalqına sipər edən güclü ordu burada yaşayan insanların da qarantı, rahatlığı, güvənc yeridir. Kənd sakinləri deyirlər ki, əsgərimiz Vətən sərhədində ayıq-sayıq durduğuna görə biz də rahat şəkildə öz işimizlə məşğuluq. İndi bilirik ki, düşmən bu tərəfə gözünün ucu ilə baxmağa belə cəsarət etmir. 

Vaxtilə nəinki qazın, işığın, hətta sadə yol infrastrukturunun belə olmadığı Şahbulaq indi müasir quruculuq ünvanları ilə düşmənə gözdağına çevrilib. Muxtar respublika yenidən qazlaşdırılmağa başlayanda da mavi yanacağın şölələndiyi ilk ünvanlardan biri olub bu kənd. 

Qayaların ətəyi ilə axan Şapur bulağının sərin suları boyunca yarpız, gicitkən, bulaqotu, min bir dərdin dərmanı olan daha neçə qiymətli dərman bitkisi özünə məskən salıb. Aranla bir aydan çox fərqi olan kəndin təbiətini çiçəkləmiş ağaclar, dağ otlarının ətri, ətrafda uçuşan quşların şən nəğmələri bəzəyir. 

Öyrənirik ki, Gümüşlü kəndi ilə eyni nümayəndəlikdə birləşən Şahbulaq kəndində 124 təsərrüfatda 600-dən çox sakin məskunlaşıb. Muxtar respublikada aparılan abadlıq-quruculuq işlərindən bu yaşayış məntəqəsi də öz nəsibini alıb. 2013-cü ildə yeni məktəb, kənd və xidmət mərkəzləri tikilib istifadəyə verilib. Burada sakinlərə keyfiyyətli tibb, poçt-rabitə xidmətləri göstərilir. 

Zəhmətkeş şahbulaqlılar Dizə kəndi yaxınlığındakı pay torpaqlarında, geniş sahələrdə buğda və arpa əkinləri aparıblar. Kəndin özündə isə demək olar ki, hər bir meyvə, xüsusilə də alma, armud və gavalı yetişir. Buranın qış armudu isə daha məşhurdur. 

Kənd sakinləri daha çox maldarlıq və arıçılıqla məşğul olurlar. Elə buna görədir ki, nümayəndəliyin əhatə etdiyi yaşayış məntəqələrində 800 başdan çox iribuynuzlu mal-qara, 400 arı ailəsi saxlanılır. 

Kəndə səfərimiz çiskin yağışlı bir günə təsadüf etmişdi. Sudan doyub ağırlaşmış, ətəyini toplaya bilməyib xalı kimi aşağı salmış buludlar dağların başını bürüyərək bu yerləri özünə məskən edib. Quşlar havanın sərinliyindən zövq alırmış kimi ətrafda sevinclə uçuşaraq ətirli bahar havasına ayrı bir aləm qatırdı.  

Kəndin təmiz, ətirli havasından sinədolusu nəfəs alaraq addım-addım bu yerlərin gözəlliklərini kəşf etməyə çalışırıq. Hər qarışını heyranlıqla izlədiyimiz kəndin quruculuq ünvanlarını geridə qoyub növbəti mənzərəyə tərəf addımlayanda kənd sakini Seyfulla Cəfərovla qarşılaşırıq. Bizi böyük qonaqpərvərliklə evlərinə dəvət edir.  Saz-söz həvəskarı olan ev sahibi:

        Yaz olanda bu yaylaqda olasan,
        Narın-narın yağış yağa, çən gələ.
        Kəkotunu gül qarışıq dərəsən,

        Yar-yoldaşın öz yanında tən gələ

– bəndi ilə geniş eyvanlarında bizi ağır-əziz edir və onunla kifayət qədər maraqlı söhbətimiz alınır. Seyfulla kişi deyir ki, mənim hər şeyim buradır – mənim Vətənim də, obam da, ata-baba yurdum da, istirahət yerim də, iş yerim də buradır – bu torpaqdır. Yaşamaq üçün təbiət burada hər şey yaradıb. Əgər kasıb yaşayırsansa, günah özündədir. Tanrı səndən hərəkət, məndən bərəkət, – deyib. Dağlar arxasındakı Suludərədən başlayan kəndin bulaqları, axar suları buranın torpaqlarına can verir. Ona görə də gərək zəhmət çəkəsən. Torpağa tər tökmək lazımdır ki, o da sənə zər töksün. Heyvandarlıq, arıçılıq, əkinçiliklə məşğul oluruq. İstehsal etdiyimiz məhsullarla həm yaşayışımızı təmin edib ehtiyaclarımızı ödəyirik, həm də ehtiyacımızdan artıq olan məhsulu bazara çıxarırıq. 

Çiçək dolu budaqlarını eyvana əyən yasəmənin ətrafa yayılan məstedici ətrinin, çiskin yağışın müşayiəti və Şahbulaq balı ilə çay süfrəsi arxasında səmimi söhbətimiz davam edir. Havanın sərinliyinə qarşı söhbətin hərarəti mövzumuzun daha yaxşı alınmasına şərait yaradır. Elə stolun üstünə gəlmiş bal Seyfulla kişinin yeni mövzuya keçməsinə kifayət edir:

– Keçən il öz süzdüyümüz baldır. Bu yerlərin dağları, düzənləri ətirli çiçəklərlə doludur. Ona görə də burada arı ailələrini bəsləmək çox əlverişlidir. Hər il xeyli məhsul istehsal edirik. Alıcısı isə kifayət qədər çoxdur. Şahbulaq balı öz parlaq rəngi, ətri və dadı ilə elə bal kimi baldır. Arı çox ağıllı canlıdır. Özünə lazım olanı axtarıb tapır. Həm də arıya baxmaq zövq işidir. Adam bu işlə məşğul olanda hər şeyi unudur, hər şey yadından çıxır. Çünki bu canlıların möhtəşəmliyi insanı artıqlaması ilə təəccübləndirə biləcək qədər heyrətamizdir. 

Bu dağların gül-çiçəyindən, dərman bitkilərindən ağızdolusu danışan Seyfulla kişi indiyə qədər haqqında heç bir məlumat bilmədiyim, adını birinci dəfə onun dilindən eşitdiyim bir bitki haqqında da danışdı. Living bu dağlarda bitən dərman otudur. Mədə-bağırsaq ağrılarında, soyuqdəymədə geniş istifadə edilir. Yeməklərdə də istifadə olunan bitki, əsasən, umac aşına qatılır. Çox nadir bitki olan livingi yığmaq da ustalıq tələb edir. Dağları kilometrlərlə qarış-qarış gəzib bir dəstə ancaq toplamaq olar. Seyfulla kişi deyir ki, bu nadir bitkini yalnız Şahbulaq dağlarından və Eyvazxan qolundan toplamaq mümkündür. 

Həyətyanı sahəsində səliqə ilə çəkilmiş arxlar, yan-yana düzülmüş ləklərdə boy göstərən göyərtilər, ara-bərə gözə dəyən çiçəkləmiş otlar həyətin gözəlliyinə başqa bir mənzərə qatır. Seyfulla kişinin nə əkib-becərdiyi ilə maraqlanıram. Sanki bu sualımı gözləyirmiş kimi böyük həvəs və şövqlə növbəti şeir bəndini söyləyib danışmağa başlayır:

        Dolça qırmaz bulaqların buzunu,
        Yedizdirər sənə əmlik quzunu,
        Kəm eləmə bozartmanın duzunu,
        Baxan varmı heç qaşığa, çəngələ?!

– Bu torpaq qızıldır. Həyətyanı sahələrimizdə hər cür tərəvəz yetişir. Pomidor, kələm, bibər, xüsusilə kartof, lobya kifayət qədər yaxşı məhsul verir. Mən də hər il həyətyanı sahəmdə bu məhsulların hər birini əkib-becərirəm. Yığdığımız məhsullardan isə həm də qış azuqəmizin tədarükünü görürük. 

Çay süfrəsinə qonaq olan şahbulaqlılar öz gileylərini də dilə gətirirlər:

– Hərdən görürük ki, bəzi gənclər tənbəllik də etməyə meyilli olur. Təsərrüfatdan, kəndlinin iş yeri olan torpaqdan aralı gəzməyə çalışırlar. Amma unutmaq lazım deyil, evdə oturmaqla heç nə qazanmaq olmaz. İş həm sağlamlıqdır, həm də qazanc. Yaşadığımız yerdə isə təbiət bu şəraiti insanlara yaradıb. Bu torpaqda yetişməyən məhsul yoxdur. Məhsulu isə həm satırsan, həm də pay verirsən. 

Torpağına bağlı insanların yaşadığı bu yurd yerinin tarixi də kifayət qədər qədimdir. Ərazidə tarixi eradan əvvəl II, bizim eranın I-II əsrlərinə aid Şahbulaq qalası, orta əsrlərə aid Şahbulaq yaşayış yeri və yenə də həmin dövrlərə aid Şahbulaq nekropolu mövcuddur. El arasında Dəyirman qayası olaraq tanınan Şahbulaq qalasında vaxtilə Şapur bulağının suyu ilə işləyən su dəyirmanı da mövcud olub. Kəndi əhatə edən dağlarda yerləşən “Qaravulxana” adlanan yerdən vaxtilə kəndin mühafizəsi üçün istifadə olunub. Zamanında yağılardan qorunmaq üçün istifadə olunan bu yer əsrlər sonra erməni daşnaklarına qarşı mübarizənin də istinadgahına çevrilib. 

Həmsöhbətim Seyfulla kişinin yeniyetmə nəvələri Əli və Seyfulla da indi bu dağlarda arxayın və rahat şəkildə gəzir, öz torpaqları haqqında fəxrlə, qürurla danışırlar, bilirlər və görürlər ki, dövlət kənd adamları üçün bu torpaqlarda hər cür şərait yaradıb. Onlar da Şahbulaqda yaşayan digər həmyaşıdları kimi təhsil almaları, yaxşı mütəxəssis, sağlam vətəndaş kimi formalaşmaları üçün mövcud şəraitdən istifadə etməyə çalışırlar. Şəhər mərkəzlərindəki məktəblərdən heç nə ilə fərqlənməyən Şahbulaq məktəbi də bu sərhəd kəndində düşmən mövqelərinə qarşı vətənpərvər gənc döyüşçü, öz torpağına ziya, nur salacaq vətəndaşlar yetişdirməyə davam edir. 

Kəndə qədər gələn rahat asfalt yol, müasir infrastruktur, sərin bulaqlar, möhtəşəm dağlar Şahbulağı həm də yay və qış turizmi üçün əlverişli məkanlardan birinə çevirir. Rəngarəng örtüyə bürünmüş sərt sıldırımlı dik yamaclar, eyni zamanda bu dağlarda mövcud olan kifayət qədər çox mağaralar buranı dağ turizmi ilə yanaşı, mağara turizmi üçün də cəlbedici hala gətirir. Bura üz tutan qonaqlar ecazkar Şahbulaq yolundan, təbii kənd məhsullarından, dağlarda bitən min bir dərdin dərmanı olan bitkilərdən mütləq zövq alacaqlar. Seyfulla kişinin də aşıq Kamandardan gətirdiyi şeirdə dediyi kimi:

        Kamandardır həzin-həzin ağlaya,
        Aşıq görən göz gedərmi yuxuya,
        Hər tərəfdə lalə-nərgiz qoxuya,
        Bərk yastığa dirsəklənib dincələ.

PS. Bu arada #naxçıvanıqürurlapaylaşırıq haştaqı vasitəsilə bu qrupun muxtar respublikamızın bütün bölgələrindən paylaşdığı mənzərələri, insan hekayələrini, əməkçi, sadə vətəndaşları əks etdirən foto və videoları izləyə bilərsiniz. Elə Şahbulağın da sözlə təsvir etməkdə acizlik çəkdiyim, söz və fotolara sığışdıra bilmədiyim mənzərələrini bu haştaq vasitəsilə görə bilərsiniz. Əminəm ki, buna peşman olmayacaqsınız. Səyahət sevərlər mütləq yolunu buradan salmalıdır. Seyfulla dayının da dediyi kimi:

Yaz olanda Şahbulaqda olasan...

Məmməd Babayev

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: