Ordumuz yağı düşmənin hücumlarına cavab olaraq başladığı Vətən müharibəsinə xalqımızla birlikdə 44 gündə son qoydu. Hər kəs Vətən fədaisi oldu o günlərdə. İllərlə yaşadığımız ağrı-acılar bir anda sevincə çevrildi. Ordumuz bu qalibiyyəti ilə bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan xalqı qarşısına qoyduğu hər bir vəzifəni yerinə yetirə bilmək qüdrətindədir. Azərbaycan tarixinin ən şərəfli səhifələrini yazan qəhrəmanlar sırasında şəhid-leytenant Əli Yusifovun da imzası var.
Əli Yusifov 14 avqust 1997- ci ildə Şərur rayonunun Oğuz kəndində doğulub. Əvvəl Aşağı Daşarx kənd tam orta məktəbində, sonra isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. O, Füzulinin, Xocavəndin işğaldan azad olunması uğrunda döyüşlərdə qəhrəmancasına vuruşub. İgidliyi, mərdliyi, gözəl xarakteri ilə bütün əsgərlərin könlündə taxt quran komandir öz vəzifəsinin öhdəsindən uğurla gəlib. Əlinin komandirlik etdiyi bölüyün əsgərlərindən biri qızğın döyüşlərdə yaralanır, Əli onu kilometrlərlə çiyinlərində daşıyır. Əsgər ağrılı, yorğun bir səslə yavaş-yavaş pıçıldayır: "Burax məni, komandir, onsuz da ölürəm...". Komandir əsgərini buraxarmı heç? Axı o, ölümə yox, həyata inanırdı... Çiyinlərində yaralı əsgər, dodaqlarında dua, gözlərində dərin bir kədərin içindən parıldayan ümid işığı... Təngnəfəs olmuşdu, yorulmuşdu, dumanda çiskində boğula-boğula qalmışdı, dizləri tez-tez bükülürdü, amma hər şeyə rəğmən, sona qədər getməyi bacardı. Budur, komandir yaralı əsgərinə öz əlləri ilə su verir, onu bağrına basır, yaxşı olacağını deyir. Hava şəraitinə görə Əli və əsgəri itkin düşür və Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkinlər siyahısına düşən hərbi qulluqçu hesab olunublar. 2021-ci il aprelin 29-da hər iki qəhrəmanın nəşi tapılır...
Qəhrəman şəhidimiz Əli Yusifov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Yazını hazırlamaq üçün Əlinin atası Süləddin kişiyə zəng etdim. Çətin olsa da, Süləddin əmi ilə danışıb onlara gəlmək istədiyimi bildirdim. Razılaşıb iş yoldaşım İsmayılla birlikdə yola düşdük. Yol boyu bizi sükut bürümüşdü. Sözə necə başlayacağımı hey götür qoy etsəm də, bir qərara gələ bilmirdim.
Yolumuz Şərur-Sərxanlı ərazisindən keçir. Bahar ilıq nəfəsiylə, yaşıllığı, gül-çiçəyi, hətta aramsız yağışıyla ruhu oxşayır. Hər tərəf yaşıllıq görünsə də, gözlərim birdən yol kənarlarında yenicə açmış lalələri görür. Sükutu bir anlıq pozuram. Üzümü İsmayıla tutub danşıram: – Lalələr bu il daha çoxdu. Gözəlliyi ilə başqalarına ruh verən, sinəsi dağlı olan lalələr... Bəlkə deyilənlərdə bir həqiqət var, lalələr, doğrudan, şəhidlərin qanından yaranıb, qidalanıb, ona görə sinəsi dağlıdı. Bu minvalla Əlinin boya-başa çatdığı evə yetişdik. Süləddin əmi bizi qarşıladı və evə dəvət etdi. Əlinin atası Süləddin əmi, anası Bətülə ana və yaxın dostlarından Elçinlə birlikdə masa ətrafında əyləşdik. Bir az hal-əhval etdikdən sonra Əli haqqında söhbət açırıq. Şəhid atası qürurla danışır: – Əlinin Vətənə sevgisi həddən artıq olduğundan, məqsədi hərbçi olmaq idi. Bu sahəni bilmək, ixtisaslı hərbçi olmaq üçün o, Heydər Əliyev adına Hərbi Liseyə sənəd verir. Əliylə yanaşı iki dostu da liseyin qəbul imtahanında iştirak edirlər. Nədənsə Əlinin dostlarının qəbul olmağı barədə xəbər gəlir, amma Əlinin qəbul olub-olmaması haqda heç bir xəbər deyilmir. Əli içinə qapanıq biri idi. İmtahanının cavabları gəlmədiyindən çox üzülmüşdü. Deyim ki, mən onun bu qədər üzülməyini birinci dəfə idi görürdüm. Təxmini iki saat sonra liseydən evə zəng gəldi. “Əli imtahandan keçib, təbrik edirik!” – dedilər, sağollaşıb dəstəyi asdım. Sevincimdən gözlərim doldu. Oğlum gələcəyin zabiti olacaq. Bu bizim üçün fəxr idi. Əli hər gün torpaqlarımızın azad olunmasını arzu edirdi. Onun ən böyük arzularından biri də işğalda olan torpaqlara ayaq basmaq idi. Nəhayət, Tanrı onun dualarını duydu və torpaqlarımızın azad olunması uğrunda döyüşlər başladı. Müharibənin başlandığı ilk gündən cəbhəyə getmək istəsə də, bunu bizə deməmişdi. Çünki anası onu çox sevərdi, evin tək oğul övladı olduğu üçün hər zaman hər kəsin sevimlisi idi. Amma Vətən sevgisi onun rahatlığını əlindən almışdı. Hər an cəbhəyə getmək, erməniləri məhv etmək və bayrağımızı işğal altında olan ərazilərimizdə sancmaq istəyi ilə alışıb yanırdı o mərhəmətli ürəyi. Bu sevgi ilə Əli bizə heç bir söz demədən müharibəyə getdi. O, bu qərarını nişanlısına və ən yaxın dostu Elçinə bildirmişdi.
Əlinin anası Bətülə xanımın dediklərindən: – Əli o qədər yaxşı insan idi ki, bir dəfə də görmədik bacısı ilə dalaşsın, "ah" desin, "uf" desin... Görmədik. İşinə sevgisi, məsuliyyəti, insanlarla münasibəti, etdiyi yaxşılıqlar... Hər şey o qədər yerli-yerində, o qədər gözəl idi ki, bunun bir sonu olacağını bilirdim... Həqiqətən, eləmi olur, görəsən? Çox yaxşı insanlar dünyaya möcüzə kimi gəlib, qısa bir zamanda gedirlərmi? Bəlkə də, dünyanın bu qədər yaxşılığa dözümü yoxdur, bilmirəm... Sadəcə onu bilirəm ki, Əli üçün savaşda həyat ölümə, Göy üzü Yer üzünə qalib gəldi. O təkcə mənfur düşmənləri deyil, həm də ölümü öldürdü. Ölümsüzlüyün üfüqlərində əbədiləşdi. Ən yüksək zirvəyə – şəhidliyə ucaldı Əli.
Şəhid anası gözləri dola-dola danışır: – O, əzginliyi, sızıltını sevmirdi. Bir dəfə zəng edəndə ağladım, ağlamamağımı tapşırıb beş dəqiqə sonra yenə zəng etdi. Dedi ki, ana, ağlama, mən düşməndən qorxmuram, sənin göz yaşlarından qorxuram... İndi hər dəfə məzarına gedəndə ağlamamağa çalışıram, bilirəm ki, o məni görür... O getməyib ki, hər yerdədir. Demişdi ki, ana sənin başını uca edəcəyəm, etdi də. Həmişə belə oğul böyütdüyüm üçün Allaha şükür edirəm. Mən ona haqqımı hələ sağlığında halal etmişdim. Mənim oğlum ölməyib ki, nə vaxt unudulsa, onda ölər. Şəhidlər unudularmı, ölərmi heç? Hər dəfə o torpaqlara ayaq basanda əvvəlcə səbəbkarlara minnətdar olacağıq. Şəhidlərin ölümündən həyat doğulur. Onlar qanlarıyla nə qədər torpağa, gülə, çiçəyə can verdilər. Həsrətin nəfəsini əbədilik kəsib vüsala, ölümü öldürüb ölümsüzlüyə can verdilər.
Əlinin toyuna hazırlıqdan söhbət düşür, öz-özümə düşünürəm, ən böyük sevgilərdən biri də qadınla kişinin birbirinə olan sevgisidir. Hər şeyi gözə alıb nişanlısını qürurla, sevgiylə cəbhəyə yola salan, yeri gəlsə özləri də döyüşə getməyə ölməyə, öldürməyə və ən əsası doğmalarını itirməyə hazır olan Azərbaycan qadınlarını görəndə anladım ki, bu dünyada Vətən sevgisindən böyük, ondan müqəddəs heç nə yoxdur! Bəzi yaraların heç vaxt sağalmayacağını, ömür boyu sızıldayacağını bilirəm. Bəzi boşluqların yeri də heç vaxt dolmayacaq.Amma Azərbaycan qadını oğlunu, nişanlısını vətən yolunda itirmək ağrısından, acısından belə qürur duyur. Gözlərindən yaş axanda da başı dik dayanır. Biz anamızın, atamızın övladıyıq, amma onlarla birlikdə hər şeydən öncə Azərbaycan övladıyıq. Bir az əşyalardan, bir az şəkillərdən, bir az da tanış adamlardan toplayacağıq şəhidlərin parçalarını... Kimisi bayrağa sarılacaq, kimisi də torpağa. Amma hamımızın bir ümidi, bir inamı var: ruhu şad olan, ay ömürlü, ulduz ömürlü adamlar göy üzündən həmişə bizə baxırlar, üçrəngli bayrağımızın bu torpağın hər qarışında dalğalandığını görüb gülümsəyirlər.
Sağollaşıb ayrılırıq şəhid ruhuyla daim qorunan Əlinin evindən. Əlinin müəllimləriyə görüşmək üçün təhsil aldığı məktəbə yollanırıq. Məktəbdə Əlinin ən çox sevdiyi tarix müəllimi Tamam müəllim ilə görüşürük. Tamam müəllimi görəndə özüm də qürurlandım. Məhz məktəb illərimdə mənə tarixi sevdirən əziz müəllimim Əlinin də ən sevimli müəllimi olub. Əli haqqında uzun danışdıq. Tamam müəllim Oğuz kəndinin Əliylə yanaşı iki şəhidi və bir qazisi olduğunu bildirdi. Əlinin, Cavidin, Mərhəmətin necə vətənpərvər olduqlarından qürur hissi ilə danışdı. Tamam müəllimin bir cümləsi unudulmaz oldu. “tarix fənnini yaxşı oxuyan-oxumayan igidlər cəbhədə tarix yazdılar”.
Vətən müharibəsi Ali Baş Komandanın başçılıq etdiyi Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, ordumuzun şücaəti hesabına qazandıq... Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq. Bu gün Azərbaycan xalqının 30 ilə yaxın həsrətində olduğu torpaqlara ayaq basırıqsa, Əlinin, Cavidin, Mərhəmətin və digər qəhrəman şəhidlərimizin, qazilərimizin şücaəti sayəsində ölüm qorxusunu heçə sayaraq arzularından, qanlarından, canlarından keçərək buna nail olmuşuq. Bu dövlət, bu xalq yaşadıqca siz də bizimlə yaşayacaqsınız ölümü ilə ölümsüzləşən qəhrəmanlar!
Sərxan İsmayılov
“Şərurun səsi” qəzeti