Ordubadda Uşaqları Beynəlxalq Müdafiə Günü qeyd edilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ordubad Rayon İcra Hakimiyyəti ilə birgə tədbir keçirib.
Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək muxtar respublikada həyata keçirilən dövlət uşaq siyasətindən danışıblar. Bildirilib ki, “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası nəzarətdə saxlanılıb, 2021-2022-ci tədris ilində 54 sağlamlıq imkanları məhdud uşaq məktəb, məktəbəqədər, məktəbdənkənar və müalicə reabilitasiya müəssisələrinə cəlb olunub,yaradıcı uşaqların üzə çıxarılması məqsədilə müsabiqələr keçirilir, rəsm və əl işlərindən ibarət sərgi və sərgi-satışları təşkil edilir, həmçinin Ağbulaq İstirahət Mərkəzində istirahətləri təmin edilir.
Çıxış edənlər muxtar respublikada uşaqlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib və əlamətdar gün münasibətilə uşaqları təbrik ediblər.
Ordubad rayonu üzrə təhsil sahəsində ən yüksək göstəriciyə nail olan məktəbli Ceyran Yusifli uşaqlara göstərilən yüksək diqqət və qayğıya görə rayon uşaqları adından dövlətimizə minnətdarlıq edib.
Sonra tədbirdə Ordubad rayonu üzrə 2021-2022-ci tədris ilində müxtəlif sahələrdə nailiyyətlər qazanan uşaqlar təşkilatçılar tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunublar.
Ordubad rayonunda fəaliyyət göstərən uşaq musiqi məktəblərinin xalq çalğı alətləri, nağaraçalanlar, sazçalanlar ansambllarının, xor kollektivlərinin, Ordubad Rayon Uşaq Bağçasının xor və rəqs qrupunun ifasında konsert proqramı təşkil olunub.
Sonda Ordubad Rayon Mədəniyyət Sarayının foyesində istedadlı uşaqların əl işlərindən ibarət sərgiyə baxış olub.
Adilə Səfərova