Sosial qayğıya ehtiyacı olan uşaqların gəzintisi təşkil olunub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə xüsusi qayğıya ehtiyacı olan uşaqların Naxçıvan şəhərində yerləşən muzeylərə və istirahət guşələrinə ekskursiyası təşkil edilib.
Uşaqların vətənpərvər, Heydər Əliyev irsinə sədaqət ruhunda tərbiyəsi onlara məktəb yaşlarından aşılanmalıdır. Elə bu məqsədlə də ekskursiya iştirakçıları əvvəlcə müstəqil dövlətçiliyimizin banisi Heydər Əliyevin mənalı ömür yolunu özündə əks etdirən Heydər Əliyev muzeyində olublar. Balaca ziyarətçilər muzeydə ümummilli liderimizin şərəfli ömür yoluna və zəngin azərbaycançılıq ideyalarına həsr olunmuş stendlərlə tanış olublar. Burada dahi rəhbərin uşaqlara olan sevgisi, onlara qayğı və diqqətlə yanaşması barədə də ətraflı məlumat verilib.
Uşaqlar Naxçıvanın müalicəvi turizm mərkəzlərindən olan Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olublar. Burada məlumat verilib ki, mərkəz 1979-cu ildən fəaliyyət göstərir. Mərkəzdə tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən insanların təbii yolla müalicəsi aparılır. O da bildirilib ki, mərkəzdə aparılan müalicə böyüklərə nisbətən 10 yaşadək uşaqlarda daha effektiv olur.
Azyaşlıların Naxçıvan muzeylərinə səfəri çərçivəsində Naxçıvan Duz muzeyi də ziyarət olunub. Naxçıvan duzu və onun tarixdə oynadığı mühüm rol uşaqların diqqətinə çatdırılıb. Uşaqlar duzdan hazırlanmış eksponatlarla yaxından tanış olublar.
Daha sonra uşaqlar Naxçıvan Döyüş Şöhrəti Muzeyində olublar. Əsasən 90-cə illərdə muxtar respublikanın müdafiəsində istifadə olunmuş hərbi texnikalardan ibarət olan və açıq səma altında yaradılan muzey onlarda böyük maraq hissi oyadıb. Burada uşaqlar məlumat lövhələri vasitəsilə hərbi texnikalar barədə məlumat əldə ediblər.
Xalqımızın 100 illər boyu məruz qaldığı soyqırımı qurbanlarını, vətən uğrunda canından keçmiş şəhidləri yad etmək və zəruri tarixi bilikərə yiyələnmək gələcəyin vətənpərvər övladları üçün tərbiyəvi əhəmiyyət kəsb edir. Bu məqsədlə də uşaqlar Xatirə Muzeyini də ziyarət edib.
Sonda azyaşlılar Naxçıvan Dövlət Film Fondunda “Bir qalanın sirri” bədii filmini izləyib və onlara bayram hədiyyələri təqdim olunub.
Leyla Cəfərzadə