Şərur və Kəngərli rayonunda Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə tədbirlər keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən muxtar respublikanın rayonlarında 1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə tədbirlər davam etdirilir. Növbəti tədbirlər ötən gün Şərur və Kəngərli rayonlarında keçirilib.
Rayon Mədəniyyət saraylarında keçirilən tədbirlərdə Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov, Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova diyarımızda uşaqlara göstərilən hərtərəfli diqqət və qayğıdan danışıblar.
Sonra tədbirdə 2021-2022-ci tədris ilində müxtəlif sahələrdə nailiyyətlər qazanan uşaqlar təşkilatçılar tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunub. Həmçinin şəhid və qazi övladlarına hədiyyələr təqdim olunub.
Tədbirin bədii hissəsində rayonlar üzrə fəaliyyət göstərən uşaq musiqi məktəblərinin kollektivlərinin ifasında konsert proqramı təqdim edilib.
Sonda Şərur və Şahbuz Rayon Mədəniyyət Saraylarının foyesində istedadlı uşaqların əl işlərindən ibarət sərgiyə baxış olub.
Aygün Hüseynova