Naxçıvan şəhərindəki yeni məscid kompleksinin inşası davam edir - VİDEO
Dövlətimizin xüsusi diqqət və qayğısı nəticəsində muxtar respublikada tolerantlıq mühiti, multikultural dəyərlər dünya üçün nümunəvi modelə çevrilib. Həyata keçirilən uğurlu strategiya nəticəsində Naxçıvanda milli-mənəvi həmrəylik, etnik-dini tolerantlıq mühiti qorunub saxlanılır. Muxtar respublikada 200-dən artıq məscid və 18 dini icmanın fəaliyyət göstərməsi də məhz buna əyani sübutdur. Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında 169 məscid tikilərək və yaxud yenidən qurularaq istifadəyə verilib, Nuh Peyğəmbərin Məzarüstü Türbəsi, “Əshabi-Kəhf” Ziyarətgahı Dini Mədəni Abidə Kompleksi və 3 imamzadə bərpa olunub. Hazırda muxtar respublikada 214 məscid vardır.
Hazırda Naxçıvan şəhərində yeni məscid kompleksi inşa olunur. Eyni vaxtda 5 min nəfərin ibadət edə biləcəyi kompleks 6 min 400 kvadratmetr sahəni əhatə edir.
Milli-mənəvi dəyərlərə bağlılıq, dini abidələrimizin bərpa edilməsi, onlara yeni həyat verilməsi muxtar respublikanın rayonlarındakı dini ocaqlarımızı da əhatə edir. Şəhər, qəsəbə və kəndlərimizdə qədimliyi və tarixiliyi özündə yaşadan və bu günümüzə qədər daşıyan inanc yerlərimiz yenidən qurularaq və ya əsaslı şəkildə bərpa olunaraq sakinlərin istifadəsinə verilir. Ordubad şəhərindəki qədim Cümə məscidində də bərpa işləri aparılır.
Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Ərhan Novruzov