Kəskin baş ağrılarından şikayət edən xəstələrlə son vaxtlar tez-tez rastlaşırıq. Hər bir insan həyatının müəyyən dövründə qısa müddətli də olsa baş ağrılarından əziyyət çəkir. Həmin ağrılara etinasız yanaşmaq ciddi fəsadlarla nəticələnə bilər. Baş ağrıları 40-a yaxın xəstəliyin ilkin əlaməti hesab edilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, həkim-nevroloq Günay Şükürovanın dediyinə görə, bunun səbəbi yalnız həkim müayinəsindən sonra bilinir: “Ağrılar çoxdan davam edirsə, son vaxtlar əvvəllər olmadığı qədər çox şiddətlidirsə, müalicə ilə yüngülləşmirsə və ağrı artaraq gedirsə, yaxud başqa nevroloji çatışmazlıqlar varsa, MRT müayinəsinə ehtiyac yaranır. Bəzən isə xəstələr onlarda olan baş ağrılarını hava dəyişkənliyi ilə əlaqələndirirlər, gün ərzindəki yorğunluq və ya başqa bir xəstəliklə əlaqədar olduğunu düşünürlər. Miqrenli xəstələr çox küləkli, soyuq havada olanda onlarda ağrının tutduğunu və ya gün ərzində çox yorulanda ağrının yarandığını və şiddətləndiyini vurğulayırlar”.
Gərginlikdən yaranan baş ağrılarına indi daha çox rast gəlinir. Ağrılar əsasən gicgah və ənsə nahiyəsində, bəzən isə bütöv başda hiss olunur. Həmin ağrılar minimum 30 dəqiqə, maksimum isə bir neçə günə qədər davam edə bilir. Miqren xəstələrində isə ağrılar əsasən səhər saatlarında başlayır. Bu zaman beyin qan dövranının kəskin şəkildə pozulması baş verir. Burda yaş faktoru da əhəmiyyət daşıyır. Həftə ərzində üç-dörd dəfədən artıq baş ağrıları varsa, bu, artıq riskli vəziyyət hesab olunur. Belə olduqda xəstələr çoxsaylı ağrıkəsicilərdən istifadə edir.
“Yadda saxlamaq lazımdır ki, çox ağrıkəsicidən istifadə etmək xəstədə ağrıların xronikləşməsinə və yenidən daha çox yaranmasına səbəb ola bilər. Ümumiyyətlə, bir ay ərzində səkkiz-on dəfədən çox ağrıkəsici istifadə etmək olmaz. Hipertoniya xəstələrində təzyiq yüksələn və enən zaman başda ağrı ola bilər. Yaxud şəkərin çox yüksəlməsi zamanı xəstələr baş ağrısından şikayətlənirlər. Kəllədaxili təzyiq hallarında baş ağrısı ola bilər. Bunlar ikinci növ baş ağrılarıdır, yəni həmin ağrının altında yatan xəstəlik mövcuddur”, - deyə həkim-nevroloq bildirib.
Ona görə də istənilən baş ağrısına ciddi yanaşmaq və davamlı xarakter alması hallarında həkimə müraciət etmək lazımdır.