Tələbələr Naxçıvanın nadir təbiət nümunələri ilə tanış olublar - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin “Ekologiya mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələrinin iştirakı ilə Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə maarifləndirmə tədbiri keçirilib.
Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında keçirilən tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları bu günün təbiətin mühafizəsi baxımından əhəmiyyəti barədə danışıb və ətraf mühitin qorunmasında ekoloqların üzərinə düşən vəzifələrdən söz açıblar.
Sonra tələbə-gənclər muxtar respublikanın zəngin flora və faunası ilə yaxından tanış olmaq məqsədilə əvvəlcə Zəngəzur milli parkının informasiya mərkəzində olublar. Məlumat verilib ki, Xüsusi mühafizə olunan təbiət ərazilərindən olan Zəngəzur milli parkında nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növləri qorunub saxlanılır. Muxtar respublika ərazisində 110 növ ali və nadir bitkidən 77 növü milli parkın ərazisində yerləşir. Tələbələrə “Qırmızı kitab”a daxil olan flora və fauna nümunələri barədə də müfəssəl məlumat verilib.
Ekskursiya zamanı muxtar respublikanın təbiət mənzərələrini, turizm məkanlarını və biomüxtəlifliyini özündə əks etdirən videoçarx da nümayiş etdirilib.
Batabat yaylağında olan gənclər bölgənin unikal turizm mənzərələrindən olan “Üzən ada” barədə məlumat alıblar. Qeyd edilib ki, dünyanın yeganə üzən adasını üzərində saxlayan bu göl Batabatda suvarma sistemi üçün istifadə olunan üç göldən ikincisidir və ərazi dərman bitkiləri ilə zəngindir.
Leyla Cəfərzadə