Stress vəziyyətləri, qidaların balanslaşdırılmaması və digər bu kimi amillər əhalinin sağlamlığını təhlükəyə məruz qoyur. 40-50 yaşına çatmamış bir çox insan xroniki xəstəliklər “dəstinə” sahib olduğunu aşkar edir. Bu sırada xüsusi yeri endokrin və sidik-cinsiyyət sisteminin pozuntuları tutur. Başqa sözlə, bu xəstəliklərə “sivilizasiya” xəstəlikləri də deyilir.
Sivilizasiya xəstəliklərinin müalicəsi səmərəli müalicə vasitəsi hesab olunan bal arısı ailələrində tapılmışdır. Bu möcüzəvi qida və ya dərman erkək arı sürfələri və artımı hesab olunur. El arasında ona “erkək arı südcüyü” də deyilir. Başqa sözlə, ona “erkək arı sürfələrinin homogenatı” və ya “erkək arı həlməşiyi” də deyilir.
Avropa ölkələrində “Apilarnil” adı verilən bu arıçılıq məhsulu, Rumıniyalı məşhur arıçı Nicolae İliesu tərəfindən kəşf edildiyi üçün, onun adının baş hərfləri ilə adlandırılır. “Apilarnil” adının baş hərfləri bu sözləri ehtiva edir: api – latınca arı, lar – larva və ya sürfə, nil – Nicolae Iliesunun adı və soyadının baş hərfləridir.
Digər arıçılıq məhsulları ilə müqayisədə yeni arıçılıq məhsulu hesab olunan erkək arı həlməşiyi tam təbii arıçılıq məhsulu kimi ağ-krem rəngində olub, arı artımına məxsus spesifik dada malikdir. Yüksək bioloji fəallığa malik bu məhsul hər yaşda insan orqanizminə müalicəvi təsir göstərir.
Arıçılar bəzən erkək arıları artıq qida məsrəf etdikləri üçün çərçivələrdən çəngəllə çıxarıb atırlar. Bu da arı ailələrinin zəifləməsinə və şan hücrələrinin bir qədər korlanmasına səbəb olur. Arı ailələrinin aprel-iyul ayları sürətlə inkişaf etdiyi vaxtda bu işin aparılması arzuolunmazdır. Amma bu işi arı ailələrinə zərər yetirmədən də aparmaq mümkündür. Hər bir halda erkək arı sürfələrini tam olaraq yuvadan kənarlaşdırmaq olmaz. Çünki erkək arıların arı ailəsindəki funksiyaları sonadək araşdırılmamışdır. Həm də erkək arı həlməşiyinin alınması nəinki mum alınmasını artırır, eyni zamanda arı ailələrini varroatoz xəstəliyinə qarşı sağlamlaşdırır.
Həlməşiyi almaq üçün açıq artım mərhələsində olan 7 günlük erkək arı sürfələrindən istifadə olunur. Bunun üçün, mexaniki yolla şandan sürfələr çıxarılır və həmcins kütlə və ya həlməşik alınanadək əzilir və ya xırdalanır. Nəticədə eynicinsli, qeyri-şəffaf xamaya bənzər kütlə alınır.
Başqa bir qrup alimlərin fikrincə erkək arı həlməşiyinin alınması üçün şan hücrələrindən 6-11 günlük erkək arı artımı çıxarılır, homogenizatorda həmcins kütlə alınanadək homogenləşdirilərək həlməşik formasına salınır. Neylon süzgəclə filtasiya edilir. Qaranlıq şüşədən ibarət steril flakonlarda soyuducularda saxlanılır.
Bəzi ədəbiyyat mənbələrinə görə 3-13 günlük sürfələr daha çox qida və müalicəvi qiymətə malikdir. Funksional qida əlavəsi kimi də çox dəyərlidir.
Erkək arı həlməşiyi ana arı südü ilə müqayisədə asan yolla alınır.
Otaq temperaturunda erkək arı həlməşiyi 2 saatdan artıq saxlanıla bilməz. Oksigenlə təmasda olmaq onun turşumasına və xarab olmasına səbəb olur. Ona görə bu qiymətli arıçılıq məhsulunu konservləşdirmək üçün aşağıdakı təbii üsullardan istifadə olunur: dondurmaq, liofilizə etmək, təbii balla konservləşdirmək.
Dondurulmuş erkək arı həlməşiyinin saxlanması və istifadə edilməsi çətinlik törədir, liofilizasiya isə ixtisaslaşdırılmış laboratoriyada aparılır. Təbii bal isə əla təbii konservant olmaqla erkək arı həlməşiyinin hətta otaq temperaturunda 2 ilədək bioloji fəallığının saxlanılmasına imkan verir. Bu zaman bilmək zəruridir ki, balla konservləşdirmə 1:10 nisbətində aparılır.
Erkək arı həlməşiyinin tərkibi zəngindir. O zülal, karbohidrogen, yağ, amin turşular, mineral maddələr, vitaminlər və hormonlardan ibarətdir. Bu mənada o, bioloji fəal maddələrin “bankı” hesab olunur.
Qeyd etməliyik ki, erkək arı həlməşiyinin tərkibi 50% ana arı südü olan komponentlərdən təşkil olunmuşdur, lakin ferment və hormonların funksional qruplarının yüksək miqdarı və vitamin tərkibinin spektrinə görə ondan üstündür.
Erkək arı həlməşiyinin Rusiya Federasiyasında 2015-ci ildə dövlət standartı işlənib hazırlanıb, 2017-ci il yanvarın 1-dən tətbiq edilir.
Həm kişi, həm də qadın orqanizmi üçün erkək arı həlməşiyinin bioloji səmərəsi çox böyükdür. Güləmlə birlikdə tətbiqi müalicəvi təsirini daha da artırır.
Erkək arı həlməşiyinin antiprotektor, anabolik, endokrinotrop, immunmodelləşdirici, neyrotrop, nutritiv və s. bioloji xassələri təcrübələrlə sübut olunmuşdur.
Erkək arı həlməşiyi digər arı məhsulları kimi istehsal və emal prosesi zamanı keyfiyyət və təhlükəsizlik göstəricilərinə cavab verməlidir.
Arıçı alimlərin və apiterapevtlərin yekdil rəyinə əsasən, ana arı südü daha çox qadın orqanizmi, erkək arı sürfələrinin həlməşiyi isə kişi orqanizmi üçün daha xeyirlidir.
Naxçıvan Dövlət Universitetinin Baytarlıq təbabəti kafedrasının müdiri,
Baytarlıq üzrə fəlsəfə doktoru, dosent
Yunis Rüstəmli