Qəfil başlayan qasırğa Ordubada ciddi ziyan vurub - YENİLƏNİB - VİDEO
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ötən gün günorta saatlarından başlayaraq əsən güclü külək - qasırğa Ordubad şəhərində və rayonun bir sıra kəndlərində fəsadlar törədib. Fərdi evlərin, yaşayış binalarının dam örtüklərinə ciddi ziyan vurub, elektrik verilişində fasilələr yaranıb. Rayonda dəymiş ziyanın aradan qaldırılması məqsədilə operativ tədbirlər görülüb, elektrik verilişi bərpa edilib.
İyunun 6-sı saat 14 radələrində əsən güclü külək Ordubad rayonunun bir sıra yaşayış məntəqələrində dağıntılara səbəb olub. Fəsadlar əsasən Ordubad şəhəri və rayonun Aşağı Əndəmic, Yuxarı Əndəmic, Kotam, Dəstə, Parağa, Gənzə, Nüsnüs, Aşağı Əylis və Yuxarı Əylis kəndlərində və Şəhriyar qəsəbəsində qeydə alınıb. Bir neçə dəqiqə davam edən küləyin təsirindən 70 iri gövdəli ağac aşıb, 136 ağaca ziyan dəyib. Külək Ordubad şəhərində və kənd yaşayış məntəqələrində vətəndaşlara məxsus 126 yaşayış evi və yardımçı binaya, eləcə də 2 yaşayış binasının dam örtüyünə ciddi ziyan vurub.
Güclü küləyin fəsadları rayondakı bir sıra təsərrüfatlarda da qeydə alınıb. Əylis kəndində fəaliyyət göstərən quşçuluq müəssisəsinə ciddi ziyan dəyib.
Həmçinin güclü külək rayonun elektrik təsərrüfatına da təsirsiz ötüşməyib. Belə ki, 56 elektrik dirəyinin aşması nəticəsində Ordubad şəhəri ərazisinə və bir sıra kəndlərə enerjinin verilişində fasilələr yaranıb. Küləyin təsirindən aşan ağaclar 10 yerdə qaz xəttinə ziyan vurub. Təbii fəlakət nəticəsində 12 rabitə dirəyinə zərər dəyməsi bu sahədə müəyyən problemlərə səbəb olub.
Hadisədən dərhal sonra Ordubad İcra Hakimiyyəti və aid qurumlar tərəfindən dəymiş ziyanın dəqiqləşdirilməsi və aradan qaldırılması istiqamətində iş aparılıb. Qısa zamanda yaşayış məntəqələrinə elektrik verilişi bərpa edilib. Uçan dam örtüklərinin təmir-bərpa işlərinə başlanılıb, aşan ağaclar və sınan budaqlar yığışdırılıb.
Röyal Məmiyev