Ütü...

Görün nələrin həsrəti ilə böyümüşük...

A- A A+

“Şalvar ütüləmək - bir insanın şalvar ütüləməklə bağlı necə travması ola bilər? Unuda bilməyəcəyi hansı xatirələri?”

Həmişə bu xatirələrimi danışanda insanların üzündə bu sualları oxuyuram elə bil. Bəli, insanlara qəribə görünən belə xatirələrim, vərdişlərim var.

2022-ci il Bakı...

Qohum toyu vardı. Biz də köməkliyə getmişdik. Hərə bir işin ucundan tuturdu. Xalam da məni çağırdı. Ütü stolunun üstünə 3 şalvar, bir də cib dəsmalı qoydu. Tənbeh də elədi: “Dəsmalsız ütüləmə ha...”. Nə demək istədiyini başa düşmədim. Hardasa 15 dəqiqə sonra gəldi. Otağa girdiyini hiss elədim. Ancaq üzünə baxa bilmirdim. O sualı eşitməkdən qorxurdum. Daha doğrusu, suala verəcəyim cavabdan... Otaq o qədər səssiz idi ki, nəfəs alıb-verməyini eşidirdim. Əllərimi ovuşdururdum, dişlərim kipləşmişdi elə bil, tez-tez udqunurdum, amma boğazımdakı düyün keçmirdi. “Hələ ütüləməmisən?” – dedi.

- Yox.

- Niyə?

- Ütüləyə bilmirəm.

Başqa nəsə deməyinə imkan vermədim, otaqdan çıxdım. Öz-özümə nə qədər “ağlama” desəm də, otaqdan çıxanda ağlayırdım. Xalam da vəziyyəti tam qavraya bilməmişdi. Əl-üzümü yuyub qayıdanda hələ də otaqda məni gözləyirdi.

Sözümü deməmiş xalam boynumu qucaqlayıb ağlamağa başladı özünə qarğış edə-edə...

Ani, amma ötməz xatirələr...

Biz anamla böyümüşük. Anam və mən. Evimizdə həmişə bir qadın, bir də qız uşağına aid əşyalar olub. Atam, ya da qardaşım olmayıb evimizdə. Ona görə şalvar ütüləməyi bacarmıram. “Ütü izli şalvarlar”ı onlar geyinir axı...

Ev dediyimə də baxmayın. Ev daşdan, sementdən tikilər də. Bizim evimiz dəmirdən idi. Dəmir qatarlara ev deyirdik. O qatarların gedəcək yeri yox idi bizim kimi. Təzə gedəndə elə dəmirdə də yatırdıq. Sonra kənd camaatı əl tutdu, biri palaz, biri yorğan verdi. Qışda bürünüb yatırdıq. Amma yayda dözülməz olurdu. Gün dəmir evimizi elə isidirdi ki... Həmişə saat 6-da oyanırdıq. Çünki stansiyaya ilk qatar 6-da çatırdı. Bakı- Horadiz qatarı. İlk eşitdiyimiz səs də onun fiti, taqqıltısı olurdu. O səs həmişə qulağımda cingildəyir. Qatar fiti, bir də qaçqın qatarlarını ilk dəfə görən insanların baxışları... Heç vaxt unuda bilmərəm onları. Bilirsiniz, oradan gəlin köçən də oldu. Heç gəlin gəlmədi amma. Hansı oğul dəmir evə gəlin gətirərdi ki...

Qəribə vərdişlər deyirdim axı. Məsələn, mən heç vaxt ev tərliyi geyinə bilmirəm. Amma ayaqlarım həmişə çox üşüyər, buz kimi olar hətta. Anam həmişə danlayanda deyirdi: “Bu uşaqlıq vərdişini başından atmadın, ayaqların dağların buzudur elə bil”. Ayaqyalın gəzməyə necə öyrəşmişəm? O buzunu mənə ömürlük verən hansı dağlardı axı?

Sonralar hər şeyin bir səbəbi olduğunu başa düşdüm...

1992-ci il...

Biz Laçından mayda çıxmışıq. Mayda Laçın dağları hələ soyuq olurmuş. Dumanlı, yağışlı... Həmin gün də yaxşıca yağırmış. Hər yer palçıq olduğu üçün yerimək çətin olub. Ayaqqabılarım batıb qalıb palçıqda. Anam da məni belinə şəlləyib. Deyir, xəstəxanaya gəlib çatanda ayaqların buz kimiydi. “Ovcuma alıb dedim ki, dağlarımızın soyuğunu da gətirmisən”. Bir neçə gün ayaqyalın gəzmişəm xəstəxanada. Çünki anamın mənim “ayaqqabı dərdim”dən daha böyük dərdi varmış. Xəstəxanaya gələn yaralılar, cəsədlər arasında ərini, oğlunu axtarmaq. Oğlunu tapıb dəfn eləyib, amma ərindən heç vaxt xəbər bilmədi.

Həyatımızın hər anında onların yoxluğunu hiss etmişik. Bizim evdə kişi işi, qadın işi deyə bir bölgü yoxdu. Hər iş ikimizə baxırdı. Evi dolandırmaq da, paltar yumaq da, bazarlıq da, elektrik əşyalarını təmir etmək də. Atasız evlər həm də çox səssiz olur. Qonşumuzda bir Murad kişi vardı. Birinci arvadı xəstəlikdən ölmüşdü. 2 uşağı vardı. İkinci dəfə evlənmişdi. Axşamlar işdən gələndən sonra hərdən mübahisələri olurdu. Səsdən qonşular bilirdi budəfəki mübahisə mövzusunu. Əvvəllər o səsləri eşidəndə ağlayırdım. Anam da elə bilirdi, qorxduğum üçün ağlayıram. Ona heç vaxt demədim ki, istəyirəm bizim evimizdən də səs-küy eşidilsin. Kaş atam evdə olardı, hərdən mübahisənizi, hərdən deyib-gülməyinizi eşidərdim. Görün nələrin həsrəti ilə böyümüşük...

Bir laçınlının dilindən...

 

Nigar Məmmədli

Naxçıvan televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: