Naxçıvanda qadınlar üçün “Gələcəyini planlaşdır” təlimi keçirilir - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin maliyyələşdirdiyi, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan “Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsi çərçivəsində “Gələcəyini planlaşdır” təliminə başlanılıb.

Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın qəbul olunması qadınların da məşğulluqlarının təmin olunması baxımından mühüm sənəddir. Proqramın icrasına uyğun olaraq komitə tərəfindən müvafiq tədbirlər görülür, hər il onlarla qadın sosialyönümlü layihələrə cəlb olunur, özünüməşğulluqları təmin olunur, istedadlı qadınların əl işlərinin sərgisi və satışı həyata keçirilir. Komitə tərəfindən qadınlarla bağlı artıq dördüncü layihənin icrasına başlanılıb. Ötən müddətdə keçirilən layihələrdə 128 qadına maddi dəstək göstərilib, onlar fəaliyyət istiqamətlərinə uyğun təsərrüfatlarını qurublar.

Komitə sədri görülən işlərin davamı olaraq cari ildə İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin maliyyələşdirdiyi, Azərbaycan Mikromaliyyə Assosiasiyası və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən icra olunan “Ailə rifahı naminə qadınları maarifləndirək” adlı layihənin icrasına başlanıldığını diqqətə çatdırıb. Bildirib ki, bu ilin mart ayında layihənin açılış mərasimi keçirilib, muxtar respublikanın bütün rayonlarını əhatə etməklə layihəyə 80-dən artıq qadın cəlb edilib. 

Layihə barədə ətraflı məlumat verən Ramilə Seyidova qeyd edib ki, layihə çərçivəsində “Gələcəyini planlaşdır” və “Sahibkar ol!” təlimlərinin keçirilməsi nəzərdə tutulub. Təlimdə Naxçıvan şəhəri, Babək və Kəngərli rayonları üzrə layihə iştirakçıları olan 24 qadın iştirak edir. Layihənin icra müddəti cari ilin sonunadək nəzərdə tutulur, iyul-avqust aylarında isə sərmayə kapitalının verilməsi planlaşdırılır. Ayrılan sərmayə kapitalının 75 faizi ailə təsərrüfatlarının qurulması üçün, 25 faizi isə digər fəaliyyət sahələri üzrə nəzərdə tutulub.

Tədbirdə Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova layihənin şərtləri barədə slayd vasitəsilə ətraflı məlumat verib. Təlimlərin layihə iştirakçıları olan qadınların maliyyə savadlılığının və idarəetmə vərdişlərinin yüksəldilməsinə, eyni zamanda gəlir mənbələri qismən məhdud olan qadınların, xüsusən də sağlamlıq imkanları məhdud qadınların sahibkarlıq fəaliyyətinin təşviq edilməsinə xidmət etdiyini vurğulayıb.

Layihə iştirakçısı Xuraman Seyidova göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.

Sonra layihə rəhbəri Sevinc Rüstəmovanın maliyyə savadlılığı üzrə “Gələcəyini planlaşdır” təliminin təqdimatı olub.

Layihədə iştirak edən digər rayonların qadınları üçün də təlimlərin keçirilməsi nəzərdə tutulub və qadınlara müvafiq sertifikatlar veriləcəkdir.

Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: